Məhkəmə qərarları › İş №2(103)-6850/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6850/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6850/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-3088/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli sazişə əsasən bank borcluya 120 ay müddətinə kredit kartı təqdim etmişdir. İddiaçı ASC ilə Cavabdeh BS-DK1013753/14 saylı sazişə əsasən bank 12 ay müddətinə 200 manat məbləğində kredit kartını cavabdehə vermişdir. Bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2015-ci il tarixə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə 200 manat əsas, 357 manat faiz, 19,20 manat cərimə olmaqla, cəmi 576,2 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli sazişə əsasən bank borcluya 120 ay müddətinə kredit kartı təqdim etmişdir. Həmin kredit kartından cavabeh tərəfindən 200 manat məbləğində əldə etmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin ona qarşı iddiasından aydın olur ki, guya onunla bank arasında xx.xx.2014-cü ildə 10 illik müddətə 200 manat kredit müqaviləsi bağlanmışdır. O, həmin pulu alıb xərcləmiş və qaytarmamış, hazırda banka 357 manat faiz, 19,20 manat cərimə ilə birlikdə 576,2 manat borcu yaranmışdır. Hazırda o, iddiaya etiraz edərək bildirmişdir ki, bankla onun arasında bağlanmış müqavilə 10 illik deyil, 1 (bir) illikdir. İddiaya əlavə edilən səkkiz səhifəlik mikrokreditləşmə müqaviləsinin 5.10-cu bəndindən görünür ki, kredit kartla verilmiş, kartdan istifadə müddəti 12 ay müəyyən edilmişdir. Vaxtaşırı icra edilməli öhdəliklərlə əlaqədar, habelə müqavilə tələbləri ilə əlaqədar iddia müddətinin 3 il olduğunu nəzərə alaraq, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddiaya baxılmasından imtina edilməsini xahiş etmişdir. Belə ki, müqavilə xx.xx.2014-cü ildə bağlanıbsa və 12 aylıq olduğu müəyyən olunduğundan, deməli xx.xx.2015-ci il tarixdən 3 il keçənədək iddia qaldırılmalı idi. Yəni xx.xx.2018-ci ilədək. İddiaçı isə 2022-ci ildə iddia qaldırmaqla 6 ildən çox vaxt ötmüşdür. Odur ki, göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3088/2022 saylı, 13 iyul 2022ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375, 376, 377, 378-ci maddələrinə, həmçinin R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarı və Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinadla əsaslandırılmışdır. İddiaçı ASC-nin nümayəndəsi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli sazişə əsasən cavabdehə kredit xəttinin maxsimal müddətinin 10 il olması açıq aydın görünür. Məhkəmənin qətnamədə əsaslandırdığı və sözü gedən sazişdə qeyd edilən 12 ay kredit limitindən minimal istifadə müddətini göstərir, müqavilə müddətini yox. Bundan başqa cavabdeh xx.xx.2014-cü ildə kartı əldə etdikdən sonra 2015-2016-ci illərdə kartdan mədaxil və məxaric etmişdir. Əgər müqavilə 01 illik olsa idi xx.xx.2015-ci ildən sonra kart üzrə hər hansı əməliyyat etmək mümkün olmazdı. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu mənada qeyd olunmalıdır ki, iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 385, 442, maddələri təşkil edir ki, həmin normalara əsasən də öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməsə də, ərizəsində vaxtaşırı icra edilməli öhdəliklərlə əlaqədar, habelə müqavilə tələbləri ilə əlaqədar iddia müddətinin 3 il olduğunu nəzərə alaraq, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddiaya baxılmasından imtina edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli BS-DK1013753/14 saylı sazişə əsasən cavabdehə kredit xəttinin maksimal müddəti 10 il göstərilmişdir. Həmin sazişdə kredit xəttinin maksimal məbləği və valyutası (200 manat), eləcə də, hər tranşın minimal istifadə müddətinin 12 ay müddət olması göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən sazişin tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən bağlanmış müqaviləni qeyd etmiş, lakin eyni adlı müqaviləni deyil, tərəflərin imzaları olan Bankın xx.xx.2014-cü il tarixli müştərilərlə kreditləşmə və xidmət şərtləri (mikrokreditləşmə üzrə) müqaviləni təqdim etmişlər. Həmin müqavilənin 2.1 bəndinə əsasən bank müştəriyə kreditlər verməyi, kredit xətti açmağı, müştəri isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə banka faizlər (komisyon haqlar) ödəməyi və s. öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürür. Həmin müqvilənin 2.2 bəndinə əsasən müqavilə çərçivəsində təqdim edilən hər bir kredit müqaviləsi üzrə münasibətlərin predmeti bu Xidmət şərtlərinin xüsusi hissəsində və müvafiq kredit sazişində qeyd edilir. Müqavilənin 5.10 bəndinə əsasən kartdan istifadə müddəti başlandığı tarixdən etibarən 12 ay ərzində kart vasitəsilə heç bir əməliyyat aparılmadığından, kredit xətti bloklaşdırıla və yalnız müştərinin yazılı müraciəti əsasında həmin kart üzrə Bankın cari xidmət tarifləri və şərtləri ilə müəyyən olunan xidmət haqqı ödənildikdən sonra kartdan istifadə hüququ bərpa edilə bilər. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli BS- DK1013753/14 saylı sazişdə qeyd edilmişdir ki, bu sazişin İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. Beləliklə də araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli BS-DK1013753/14 saylı saziş tərəflərin imzaları olan Bankın xx.xx.2014-cü il tarixli müştərilərlə kreditləşmə və xidmət şərtləri (mikrokreditləşmə üzrə) müqavilə əsasında bağlanmışdır. İddiaçı cavabdehə xx.xx.2014-cü il tarixli sazişə əsasən 120 ay müddətinə kredit kartı təqdim etməsini, həmin kredit kartından cavabeh tərəfindən 200 manat məbləğində əldə etməsini, lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsini, nəticədə cavabdehin banka borcu yaranmasını iddia etmişdir. Başqa sözlə, iddiaçı cavabdehdən xx.xx.2014-cü il tarixli sazişə əsasən verdiyi 200 manat məbləğində kredit üzrə əsas, faiz və cərimə borcunu tələb edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh kartı xx.xx.2014cü il tarixdə əldə etdikdən sonra 2015- 2016-cı illərdə həmin kartdan istifadə etməklə kartdan mədaxil və məxaric etmişdir. Kollegiya qeyd edir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur . Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mğlki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür(MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını aydınlaşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanladığı konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İş materiallarından görünür ki, hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. İşin faktiki hallarından da görünür ki, iddiaçı cavabdehin 2015- 2016-cı illərdə həmin kartdan istifadə etməklə kartdan mədaxil və məxaric etməsini göstərdiyi halda vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3088/2022 saylı, 13 iyul 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar