Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6851/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-76/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 118/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 39 200 (otuz doqquz min iki yüz) manat əsas borcu, müqavilə müddəti bitən tarixi 5755.23 (beş min yeddi yüz əlli beş) manat 23 qəpik faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (5%) 3941.80 (üç min doqquz yüz qırx bir) manat 80 qəpik, cəmi 48 897.03 (qırx səkkiz min səkkiz yüz doxsan yeddi) manat 03 qəpik, habeləödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-76/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 38.782,65 (otuz səkkiz min yeddi yüz səksən iki manat, altmış beş qəpik) manat əsas borc, 3941,80 (üç min doqquz yüz qırx bir manat, səksən qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (5%) məbləği olmaqla, cəmi 42724,45 (qırx iki min yeddi yüz iyirmi dörd manat, qırx beş qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyini bildirmiş, bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyini bildirmiş, eyni zamanda, iddiaçı bankın filialında müdir işlədiyini, 6048 manat əmək haqqını ala bilmədiyini, həmin qalıq əmək haqqı ilə banka olan borcunun əvəzlənməsini xahiş etmiş, bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Əliyev apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 118/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə mənzilin təmiri məqsədilə 24 ay müddətinə illik 8 faiz ödənilməsi şərti ilə 40 000 (qırx min) manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 118/2 saylı kredit müqaviləsi üzrə banka 39 200 (otuz doqquz min iki yüz) manat məbləğində əsas borc, 5755.23 (beş min yeddi yüz əlli beş manat, iyirmi üç qəpik) manat məbləğində müqavilə müddəti üçün faiz borcu, 3941.80 (üç min doqquz yüz qırx bir manat, səksə qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (5%), ümumilikdə isə 48 897.03 (qırx səkkiz min səkkiz yüz doxsan yeddi manat, üç qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15489 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxxxx 2016-cı il tarixə cavabdehin Banka olan borcunun əsas borc üzrə 39682,65 manat, faiz borcu üzrə 0,00 manat olması müəyyən edilmişdir. xx xxxxx 2016-cı il tarixdən sonra cavabdehin 900 manat etdiyi ödəniş nəzərə alınarsa, əsas borcunun məbləği 38782,65 manatdır. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3699 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxxxx 2016-cı il tarixə cavabdehin Banka olan borcunun əsas borc üzrə 39682,65 manat, faiz borcu üzrə 0,00 manat olması müəyyən edilmişdir. xx xxxxx 2016-cı il tarixdən sonra cavabdehin 900 manat etdiyi ödəniş nəzərə alınarsa, əsas borcunun məbləği 38782,65 manatdır. Ekspert tədqiqatının dəyəri 150 manat təşkil etmişdir Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, rayon məhkəməsi borcun məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15489 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxxxx 2016-cı il tarixə cavabdehin Banka olan borcunun əsas borc üzrə 39682,65 manat, faiz borcu üzrə 0,00 manat olması müəyyən edilmişdir. xx xxxxx 2016-cı il tarixdən sonra cavabdehin 900 manat etdiyi ödəniş nəzərə alınarsa, əsas borcunun məbləği 38782,65 manatdır. Beləliklə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi borcun məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinə əsaslanaraq düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, bankın filialında müdir işlədiyi vaxt 6048 manat əmək haqqını ala bilməmişdir bu səbəbdən, həmin qalıq əmək haqqı ilə banka olan borcunun əvəzlənməsini xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin məsələ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına müvafiq qaydada həll edilməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayətləri təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 və Cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-76/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı və cavabdehin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6851/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6851/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver