Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6851/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2970/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona vurulmuş maddi zərərin əvəzi olaraq (mübahisəli obyektin dəyərinin əvəzi qismində) 87.210 manat, mənəvi zərərə görə 40.000 manat, 9 il ərzində əldən çıxmış faydaya görə 25.200 manat, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətlərinin olub-olmamasının yoxlanılması ilə bağlı iş materiallarının aidiyyəti orqana göndərilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilmiş 40.000 manat pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona vurulmuş maddi zərərin əvəzi olaraq mübahisəli obyektin dəyərinin əvəzi qismində 87.210 manat, mənəvi zərərə görə 40.000 manat, 10 il ərzində əldən çıxmış faydaya görə 60.000 manat və 35.910 ABŞ dolları, dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 05.12.2010-cu il tarixdə N306/SB saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən inşa edilən «Yeni Ticarət Mərkəzi»ndə ümumi sahəsi 40 m2, ümumi dəyəri 40.000 manat olan mağazanı tikib onun istifadəsinə verməyi, gələcəkdə mağazanın özəlləşdirilməsi və mülkiyyət hüquqlarına dair çıxarış alınması üçün müvafiq sənədləri ona verməyi cavabdeh öhdəsinə götürmüşdür. Mağazanın dəyəri onun tərəfindən tam şəkildə müqavilə imzalandığı vaxt cavabdehə ödənilmiş və ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Lakin artıq 9 ildir ki, cavabdeh öhdəliklərini icra etmir. Bu günə qədər sahə tikilib ona təhvil verilməmiş və ona heç bir sənəd təqdim edilməmişdir ki, o, mülkiyyət hüquqlarını rəsmiləşdirsin. Dəfələrlə şifahi şəkildə edilən müraciətləri cavabsız qalmışdır. Cavabdeh tərəfindən öhdəliklərin lazımınca və vaxtında icra edilməməsi nəticəsində ona külli miqdarda zərər vurulmuşdur və hazırda da vurulmaqda davam edir. Dəyən ziyanın ödənilməsi və müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehə etdiyi müraciətlər cavabsız qalmışdır. Cavabdehə haqlı iradları olduğu halda, ona qarşı etinasızlıq nümayiş etdirilmiş, bunun nəticəsində ona mənəvi ziyan dəymişdir. Son dəfə cavabdehə yazılı olaraq pretenziya məktubu göndərilməsinə və həmin məktubun alınmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir reaksiya verilməmiş, cavab məktubu göndərilməmişdir. Obyektin dəyəri 40.000 manat olsa da, həmin vaxt onun vəsaiti ABŞ dolları ilə olmuş, həmin dövrün məzənnəsi 1 ABŞ dolları = 0,78 manat nəzərə alınsa, obyektin dəyəri 51.300 ABŞ dolları olmuşdur. Lakin həmin obyekt ona təqdim edilmədiyindən, faktiki olaraq o, həmin vəsaiti itirmiş hesab olunur və bu 9 il ərzində həmin obyekti icarəyə vermiş olsa idi, əldə edəcəyi gəlir ən azı hər ay üçün 500 manat olmaqla, 9 il (108 ay), cəmi 54.000 manat gəlir əldə edə bilərdi. Eyni zamanda, həmin vəsaiti bank depozitinə yerləşdirsə idi əldə edəcəyi gəlir illik uçot faiz dərəcəsi 7% nəzərə alınmaqla 9 il ərzində 25.200 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Eyni zamanda, ölkədə baş verən devalvasiya onun vəsaitlərinin xarici valyutada olması nəzərə alınarsa əldən çıxmış faydanın obyektin dəyərinə görə 87.210 manat təşkil edir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 40.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmijn qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda qeyd olunan məzmununa uyğun əsaslandırmışdır. Qətnamədən, həmçinin, cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, işin müəyyən halı ondan ibarətdir ki. 05.12.2010-cu il tarixində N306/SB saylı müqavilə həmin dövrdə Cavabdeh MMC tərəfindən MMC-nin direktoru İsmayılov tərəfindən imzalanmaqla qüvvəyə minmişdir. Cavabdeh 05.12.2010-cu il tarixində N306/SB saylı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və “Yeni Ticarət Mərkəzində” yerləşən 3-cü sıra, 39-cu yer, 5 В sıra nömrəli mağaza İddiaçı artıq 4-5 ildir ki, istifadəsinə verilmişdir (2014-2015-ci il tarixdən). Bu barədə məhkəmənin təşəbbüsü ilə yerli baxış belə aparılmamış, işin halları araşdırılmamış və bu səbəbdəndir ki, cavabdehin haqlı menafelərinə zidd qətnamə çıxarılmışdır. İddiaçı əsl niyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejiminin gətirdiyi məhdudiyyətlər və mövcud sanitarepidemioloji vəziyyət səbəbiylə həmin obyekt üzrə planlaşdırdığı kimi fayda (gəlir) əldə edə bilmədiyindən mağaza üçün ödədiyi pulun guya cavabdehin “öhdəliklərini yerinə yetirməməsi" ilə pərdələyərək geri almaqdan ibarət olmuşdur. Bu səbəbdən hesab edirlər ki, iddiaçının iddia ərizəsində irəli sürdüyü hallar ümumiyyətlə mövcud deyildir və məhkəmə tərəfindən işin hallarının düzgün araşdırılmaması cavabdehin haqlı hüquq və mənafelərinin pozuntusuna gətirib çıxarmışdır. Yəni, iddia ərizəsində qeyd edilən əsaslar heç biri mövcud deyildir. Müqavilədən irəli gələn öhdəliklər cavabdeh tərəfindən tam icra olunmasına baxmayaraq məhkəmə əsassız olaraq müqavilə dəyərinin geri ödənilməsi qənaətinə gəlmişdir. Hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə üzrə hansı öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi hissəsini sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, obyekt hazırda tam tikilmiş vəziyyətdədir və iddiaçı onu qəbul etməkdən imtina edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, iddiaçının şikayət təmin edilməməli, cavabdeh tərəfindən verilmiş şikayət isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 dekabr 2010-cu il tarixli 306/SB saylı müqavilədən görünür ki, Cavabdeh MMC İddiaçı qarşısında həmin MMC tərəfindən tikintisinə başlanmış Yeni Ticarət Mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün göstərdiyi sahəyə uyğun olaraq 40 m2 yerin tikintisini vaxtında və keyfiyyətlə tamamlayıb sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə öhdəliyin icrası müddəti qeyd olunmamış, sifarişçi isə hər bir kvadrat metri 1.000 manat hesablanmaqla, 40.000 manat pulun icraçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. 05 dekabr 2010-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı üzərinə düşən müqavilə öhdəliyini icra edərək, 40.000 manat pul vəsaitini cavabdehə ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh MMC-nin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmamışdır. Belə ki, apellyasiya baxışı zamanı mübahisəli əraziyə yerində baxış keçirilmiş və baxış nəticəsində müəyyən olmuşdur ki, Yeni Ticarət Mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün göstərdiyi sahəyə uyğun olaraq 40 m2 qeyri-yaşayış sahəsi tam olaraq tikilmiş və hazır vəziyyətdədir (yerli baxışda çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir.) Göründüyü kimi, cavabdeh MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Kollegiya hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq göstərilən hissədə iddia tələbini haqlı olaraq təmin etməmişdir. Daha sonra məhkəmə kollegiyası, iddiaçının bildirdiyi kimi “cavabdehin gələcəkdə mağazanın özəlləşdirilməsi və mülkiyyət hüquqlarına dair çıxarış alınması üçün müvafiq sənədləri ona verməyi” kimi öhdəlik götürmüş olmasına münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin belə bir öhdəliyinin olması müəyyən olunmur. Müqavlədə yalnız 298.3 saylı bənd kimi belə bir razılaşma qeyd olunmuşdur ki, - “”Sifarişçi” Zeynalova gələcəkdə bazar qanunlarına uyğun, “İcraçı” ilə razılığa gələrək özəlləşdirmə haqqında şəhadətnamə ala bilər”. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq ümumiyyətlə həmin bəndin (maddənin) Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsız olması qənaətinə gəlir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddia tələbinin digər hissələri üzrə araşdırılma aparılmasına ehtiyyac olmadığı vurğulayır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü barədə sənəddən, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Sərəncamından, İnşaat pasportundan, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi Dövlət Ekspertiza idarəsi tərəfindən verilmiş sənədlərdən və məktublardan görünür ki, iş üzrə cavabdeh tikintinin həyata keçirilməsi ilə bağlı lazımi qaydada və qanunvericiliyin tələblərinə uyğun şəkildə icazələr almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş şikayət isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və iddia təlbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2970/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində, yəni “40.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə də iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6851/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6851/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver