Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6851/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun vərəsədən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4031/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı – Kazımov Zülfəli Cəfər oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3.091,32 manat əsas, 1.800,54 manat faiz borcu olmaqla, cəmi 4.891,86 manat kredit borcunun, ödənilmiş 68,92 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Kazımov Zülfəli Cəfər oğlu arasında xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kazımov Zülfəli Cəfər oğluna illik 20 %-lə, 48 ay müddətinə 3.500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, Kazımov Zülfəli Cəfər oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Kazımov Zülfəli Cəfər oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, ona 2V-647 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, Kazımov Zülfəli Cəfər oğlunun xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 3.091,32 manat əsas, 1.800,54 manat faiz borcu olmaqla, cəmi 4.891,86 manat borcu qalmışdır. Cavabdeh mərhum Kazımov Zülfəli Cəfər oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 6-2- 22/2-4996/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda, tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 68,92 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4031/2025 nömrəli qətnaməsilə (hakim A.Abdullayeva) iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixli BPM**********90 saylı kredit müqaviləsinə əsasən 3.091,32 (üç min doxsan bir manat otuz iki qəpik) manat əsas, 1.800,54 (bir min səkkiz yüz manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4.891,86 (dörd min səkkiz yüz doxsan bir manat səksən altı qəpik) manat borc məbləği, 68,92 (altmış səkkiz manat doxsan iki qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Kazımov Zülfəli Cəfər oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun Kazımov Zülfəli Cəfər oğlunun vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4031/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarından da məlum olduğu kimi mərhum Kazımov Zülfəli Cəfər oğlundan (müqavilə üzrə "Müştəri və ya "Borc alan") vərəsəyə qalan miras əmlak-1.484,24 manat məbləğində pul vəsaiti (Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən ona ödənilməli olan 1.484,24 manat məbləğində pul vəsaiti) borcu kimi qeyd olunan 4.891,86 manat pul məbləği ilə tamamilə qeyri-mütənasibdir. Məhkəmə prosesi zamanı tədqiq edilmiş iş üzrə materiallarla da sübut olunmuşdur ki, mərhum Kazımov Zülfəli Cəfər oğlundan cavabdehə qalan miras əmlak Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən ona ödənilməli olan 1.484,24 manat məbləğində pul vəsaitindən ibarət olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən 3.091.32 manat əsas, 1.800,54 manat faiz borcu olmaqla, cəmi 4.891,86 manat kredit borcunun nümayəndəsi olduğu şəxsdən tələb etməsi qanunaziddir (halbuki, qanunvericiliyə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar). Cavabdeh şəxs tərəfindən mövcud borc məbləği miras əmlakın dəyəri həddində ödəmək mümkün olsa da, qalan borc məbləğinin ödənilməsi imkan xaricindədir. Həmçinin borc üzrə faiz məbləği düzgün hesablanmamış və məhkəmə prosesi zamanı hesablama üçün ekspertiza təyin olunmamışdır. Buna görə də hesab edir ki, iş üzrə qəbul olunmuş qətnamə əsassızdır və ləğv olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. İddiaçının nümayəndəsi Nümayəndə2 öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; -1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; -1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; -1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; -1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (mübahisələndirilən hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuşdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. İş materiallarından görünür ki, "xxxx" ASC (müqavilə üzrə “Bank”) ilə Kazımov Zülfəli Cəfər oğlu (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (Kazımov Zülfəli Cəfər oğlu) 48 ay müddətinə 3.500 manat məbləğində, kreditdən istifadəyə görə illik 20 % ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.
15. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Kazımov Zülfəli Cəfər oğlunun xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək 3.091,32 manat ödənilməmiş əsas, cəmi ödənilməmiş faizlər 1.800,54, borc üzrə cəmi tələb edilən məbləğ 4.891,86 manatdır.
16. İşin materiallarından görünür ki, Kazımov Zülfəli Cəfər oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
17. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2025-ci il tarixli bildiriş ünvanlanmışdır.
18. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Kazımov Zülfəli Cəfər oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli, 01-6/660 qeydiyyat nömrəli məktubuna əsasən Kazımov Zülfəli Cəfər oğluna ödənilməli olan 1.484,24 (bir min dörd yüz səksən dörd manat iyirmi dörd qəpik) manat pul vəsaitindən ibarətdir.
19. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əri Kazımov Zülfəli Cəfər oğlunun "xxxx" ASC-nə 4.891,86 manat kredit borcu olmuş, Kazımov Zülfəli Cəfər oğlu vəfat etdikdən sonra onun vərəsəsi Cavabdeh miras əmlakdan 1.484,24 manat pay almışdır. Hazırda "xxxx" ASC Cavabdeh ərindən miras qalmış 4.891,86 manat kredit borcunun ödənilməsini tələb edir.
20. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir və mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
21. İş materiallarından görünür ki, Cavabdeh ərindən qalmış mirası tam olaraq qəbul etmişdir. Eyni zamanda, miras qoyanın vəzifələri (miras passivi) də tam olaraq cavabdehə keçmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi barədə haqlı olaraq iddia qaldırmışdır.
22. Lakin, cavabdeh tərəf öz apellyasiya şikayətində qeyd edir ki, ondan tələb edilən kredit borcu onun miras kimi qəbul etdiyi əmlakdan daha yüksəkdir və bu qeyrimütənasiblik təşkil edir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh miras əmlakı qəbul edərkən miras qoyanın vəzifələrini (miras passivi) - konkret olaraq hazırki halda onun kredit borclarını qəbul etmişdir. Mübahisələndirilən hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Lakin cavabdeh tərəfindən təqdim olunan notariat ofisinin arayışı mərhum şəxsdən qalmış miras əmlakların ümumi siyahısı olmamaqla, sadəcə 1484 manat məbləğində pul vəsaitinin qəbul edilməsi ilə bağlıdır. Mərhumun adına hər hansı daşınmaz əmlakın qeydiyyata alınmamasına dair arayış ümumi miras qalmış əmlakların siyahısını əks etdirmir. Miras passivi miras aktivindən çox olduğu halda, miras əmlakın az olduğunu sübut etmək vəzifəsi vərəsəyə məxsusdur. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.
24. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində həmçinin borc üzrə faiz məbləğinin düzgün hesablanmadığını bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaranmış faiz borcu - mərhum Kazımov Zülfəli Cəfər oğlunun aldığı kredit məbləğinə uyğun olaraq öhdəsinə götürdüyü və ödəməli olduğu hesablanmış faiz borcudur. Məhkəmə kollegiyası hesablanmış faiz borcunu düzgün hesab edir və iş üzrə ekspertiza təyin olunmasını zəruri hesab etmir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4031/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov