Məhkəmə qərarları › İş №2(103)-6853/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6853/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6853/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İKB ASC-nin nümayəndəsi X1, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3722/2018 saylı, 28 iyun 2018ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Namık oğlu və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 13 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə 7450 (yeddi min dörd yüz əlli) ABŞ dolları 69 (altmış doqquz) sent əsas borc, 5662 (beş min altı yüz altmış iki) ABŞ dolları 49 (qırx doqquz) sent faiz borcu və 28522 (iyirmi səkkiz mili beş yüz iyirmi iki) ABŞ dollan 29 (iyirmi doqquz) sent cərimə borcu olmaqla, cəmi 41635 (qırx bir min altı yüz otuz beş) ABŞ dolları 47 (qırx yeddi) sent borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 13 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 18 ay müddətinə 10150 (on min yüz əlli) ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 13 fevral 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 23 aprel 2018-ci il tarixədək Cavabdeh1 banka 13 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə 7450 (yeddi min dörd yüz əlli) ABŞ dolları 69 (altmış doqquz) sent əsas borc, 5662 (beş min altı yüz altmış iki) ABŞ dolları 49 (qırx doqquz) sent faiz borcu və 28522 (iyirmi səkkiz min beş yüz iyirmi iki) ABŞ dolları 29 (iyirmi doqquz) sent cərimə borcu olmaqla, cəmi 41635 (qırx bir min altı yüz otuz beş) ABŞ dolları 47 (qırx yeddi) sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3722/2018 saylı, 28 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə 7450 (yeddi min dörd yüz əlli) ABŞ dolları 69 (altmış doqquz) sent əsas borc, 6881 (altı min səkkiz yüz səksən bir) ABŞ dolları 89 (səksən doqquz) sent faiz borcu olmaqla, cəmi 14332 (on dörd min üç yüz otuz iki) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKBnin xeyrinə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə cavabdehin bu işə baxılmasından xəbəri olmadan çıxarılmışdır. Bununla da onun prosesual hüquqları pozulmuşdur. Məhkəmənin çıxarmış olduğu mövcud qətnamə cavabdehlərin iştirakları olmadan qanunsuz və əsassız olaraq çıxarılmışdır. Belə ki, məhkəmə işə baxarkən iddia müddətini nəzərə almamış iddiaçı tərəfin qaldırdığı iddianı qismən də olsa yüksək məbləğdə yazılmış fazidən də artıq faiz məbləği yazmışdır. Belə ki, qətnamənin birinci vərəqində bankın iddia məbləğində faiz məbləği 5662 ABŞ dolları qeyd olunmuş, sonra isə 2-ci vərəqin 5-ci abzasinda faiz məbləği 6881 ABŞ dolları qeyd etmişdir. Bildirilir ki, cavabdeh 2013-cü ilin fevral ayının 13-də 18 ay müddətinə kredit götürmüşdür. Ödəniş etdikdən bir müddət sonra dünyada və ölkədə baş verən devalivasiya ilə bağlı ödəniş edə bilməmişdir. Bank onun sənədlərini 90 gün müddət keçdikdən sonra məhkəməyə göndərməli olduğu halda bunu etməmiş, yalnız 2018-ci ilin may ayında sənədləri hazırlayaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia vermişdir. Məhkəmədə bununla bağlı 28.06.2018-ci il tarixdə qətnamə çıxarmışdır. Həmin qətnamədən də cavabdehlərin xəbəri olmamışdır. 2014-cü ilin avqust ayında onun 18 aylıq kredit müddəti bitsə də ödəniş etməmişdir. Ancaq buna baxmayaraq bank iddia müddətini 2017-ci ildə buraxmış, yalnız 2018-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə də işin bu halını nəzərə almayaraq çəkişmə prinsipini pozaraq bir ay müddətində işə baxaraq mövcud qətnamə qəbul etmişdir. Yuxarıda göstərilən səbəblərdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı İKB ASC-nin iddiası üzrə iş araşdırılaraq yenidən baxılmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd olunmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İKB ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk əvvəl kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməmiş və çəkişmə prinsipi qaydaları pozulmuşdur. Belə ki, cavabdehlərə ünvanlanmış məktubların rəsmi qaydada ünvan sahiblərinə çatdırılmasına dair hər hansı sübut yoxdur. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, iddia tələbi əsaslı olaraq, qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı İKB-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 10-M-2-0-266-13 saylı, 13 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı İKB Cavabdeh1 18 ay müddətinə illik 28 faiz olmaqla 10150 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Həmçinin, eyni tarixli, eyni nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 13.08.2014-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 banka olan əsas borcu 7450.69 ABŞ dolları, faiz borcu 6881.89 ABŞ dolları, cəmi 14332.58 ABŞ dolları təşkil edir. Sonuncu ödəniş isə 25.09.2013-cü il tarixdə əsas borc üzrə 288.41 ABŞ dolları və faiz borcu üzrə 472.59 ABŞ dolları olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, 13 fevral 2013-cü il tarixdə İddiaçı İKB ilə Cavabdeh1 və Cavabdeh2 arasında müqavilələr bağlanmışdır. Bununla da, cavabdehlərin müqavilə üzrə öhdəlikləri yaranmışdır. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh1 bankla 13.02.2013-cü il tarixli müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüş və müqavilənin müddəti 13.08.2014-cü il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə 04.05.2018-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə ilə bağlı cavabdehin apellyasiya şikayətini nəzərə alaraq, iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi-prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3722/2018 saylı, 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3722/2018 saylı, 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar