Məhkəmə qərarları › İş №2(103)-6853/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6853/2022

22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6853/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1281/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə "xxxx" yaşayış kompleksi bina 6, blok 1-də yerləşən 203 saylı mənzildən alt mərtəbədə yerləşən İddiaçı məxsus həmin binanın blok 1, 191 saylı mənzilinə su axıdılması və sonuncuya ziyan dəyməsi müəyyən olunmuşdur.

2. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1813 saylı, 16 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzillərin yerləşmə planını, yəni iddiaçıya məxsus 191 saylı mənzilin binanın 16-cı mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 17-ci mərtəbəsində yerləşdiyini, 191 saylı mənzilin yaşayış otağı, dəhliz-mətbəx və sanitar qovşağı tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2592-ci məhəllədə inşa edilmiş "xxxx" yaşayış kompleksində yerləşən 6 saylı binanın 1-ci blokunun 191 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 203 saylı mənzildən su axıdıldığı və nəticədə 191 saylı mənzilin yaşayış otağı, dəhliz-mətbəx və sanitar qovşağı tikililisinə ziyan vurulduğu müəyyən olunmuş, həmin qüsurların aradan qaldırılması üçün təqribən 1601,0 manat məbləğin tələb olunması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun qanunsuz hərəkətləri nəticəsində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə "xxxx" yaşayış kompleksi bina 6. blok 1. mənzil 191 mənzilinə vurulmuş maddi zərərə görə 3500 manat, mənəvi zərərə görə 2000 manat, ümumilikdə isə 5500 manat məbləğində pul vəsaitinin və ödənilmş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İşə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun qanunsuz hərəkətləri nəticəsində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə "xxxx" yaşayış kompleksi bina 6. blok 1. mənzil 191 mənzilinə vurulmuş maddi zərərə görə 3500 manat, mənəvi zərərə görə 2000 manat, ümumilikdə isə 5500 manat məbləğində pul vəsaitinin tutularaq verilməsi, su sızmaya səbəb olan qüsurun aradan qaldırılması vəzifəsinin cavabdehən üzərinə qoyulması və ödənilmş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, o, öz ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə "xxxx" yaşayış kompleksi bina 6. blok 1. mənzil 191 ünvanında yaşayır. Həmin ünvanı təzəliklə təmir etdirib öz məişət şəraitini yaxşılaşdırmış, mənzilin təmirinə böyük məbləğdə vəsait xərcləmişdilər. Hətta mənzilin təmir etdirilməyinə səbəb də məhz cavabdehin həmin mənzilə su axıtması olmuşdur. Belə ki, cavabdehin yaşadığı mənzildən onun mənzilinə dəfələrlə su axıb bərbad hala salmışdır. O, bu barədə cavabdehə xəbərdarlıq etmiş, sonra isə ondan dəymiş zərər tələb edilsə də, cavabdeh zərəri ödəməkdən imtina etmişdir. Buna baxmayaraq, 2021-ci ilin oktyabr ayında cavabdeh yenə də onun evinə su axıtmış, qonaq otağı yaşayış üçün yararsız hala düşmüş, cavabdeh heç bir məhəl qoymamışdır. İndi isə demək olar ki, cavabdeh hər gün onun mənzilinə su axıdır, mənzildə yaşmaq mümkünsüz hala düşmüşdür. Nəticədə divarların nəm çəkməsi səbəbindən mənzlin təmiri bərbad hala düşmüş, mənzilin abu-havası korlanaraq mənzildə nəmişlik və rütubət yaranmışdır. Rütubət nəticəsində mənzilin döşəməsi çürümüş, mənzildə olan mebel avadanlığı yararsız hala düşmüşdür.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-1281/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 1601,0 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 29 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 71 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manatın Cavabdeh, 25 manatın İddiaçı tutulub Məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı məxsus mənzilə cavabdehin təqsiri ücbatından su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya 1601,0 manat məbləğində maddi ziyan dəymişdir.

8. Birinci instansiya məhkəməsi qeyd olunanları və ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1601,0 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 2000 manat məbləğində mənəvi ziyanın dəyməsini iddia etsə də, məbləğlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 21.2, 23.1, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

12. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, tərəfindən iddiaçıya maddi ziyan dəyməmişdir, ziyanın mənbəyi bir başa yaşadıqları binanın mərkəzi su xəttindən (şaxtadan) baş vermişdir. Ekspertlər onun mənzilinə belə olmamış, baxış keçirməmiş, hətta ekspertin baxış keçirəcəyi tarix və saat barəsində ona məlumat verilməmişdir. Belə olan halda isə ümumiyyətlə binanın şaxtasına baxış keçirilməmiş, nəticədə isə ekspert su axıdılmasının onun mənzilindən baş verməsi nəticəsinə gəlmişdir. Məhkəmə iclasında dəfələrlə su axıtmanın onun mənzilindən baş verməməsini, binanın ümumi problemi olmasını və binanın şaxtasından qaynaqlandığını bildirirək təkrar ekspertizanın keçirilməsini, mənzilinə baxış keçirilməsini xahiş etmiş olsa da, vəsatəti təmin edilməmişdir. Hesab edir ki, təkrar ekspertiza keçirilməlidir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

22. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

38. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə "xxxx" yaşayış kompleksi bina 6, blok 1-də yerləşən 203 saylı mənzildən alt mərtəbədə yerləşən İddiaçı məxsus həmin binanın blok 1, 191 saylı mənzilinə su sızması baş verməsi nəticəsində iddiaçıya maddi zərər vurulmasını, həmin faktın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1813 saylı, 16 iyun 2022-ci il tarixli ekspert rəyi ilə təsdiq edilməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyində göstərilən məbləğdə təmin etməkdə haqlı olmuşdur.

39. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində tərəfind ən iddiaçıya maddi ziyan vurulmadığını, ziyanın mənbəyinin bir başa yaşadıqları binanın mərkəzi su xəttindən (şaxtadan) baş verdiyini bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

41. Əksinə Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi "xxxx" yaşayış kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş akt, ekspert rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin təkrar ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.

42. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

44. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

45. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

47. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda Cavabdeh mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni birinci instansiya məhkəməsi tərəfindən ondan tutulan məbləğ 1601,0 (bir min altı yüz bir) manat təşkil edir.

48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1281/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar