Məhkəmə qərarları › İş №2(103)-6854/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6854/2022

23.09.2022 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6854/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli və 26 avqust 2022-ci il tarixli, 2(006)-4005/2022 saylı qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, "xxxx" QSC-nin üzərinə "xxxx" QSC-nin Bakı hissəsinin kanalizasiya təsərrüfatında işlədiyiniz “çirkab sularının aparatçısı”, “kimyəvi təmizləmə üzrə aparatçı” və “maşinist” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir” məzmunda arayışın ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamənin qəbul edilməsi, hazırki iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-dən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(006)- 4005/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi və iddiaçıya qaytarılması qərara alınmışdır. Sonradan, İddiaçı tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(006)- 4005/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(006)-4005/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş qərardaddan şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(006)-4005/2022 saylı və 26 avqust 2022-ci il tarixli, 2(006)-4005/2022 saylı qərardadlarından şikayət ərizəsi verilərək, həmin qərardadların ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(006)- 4005/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli və 26 avqust 2022-ci il tarixli, 2(006)-4005/2022 saylı qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş hər bir qərardaddan ayrı-ayrılıqda şikayət verilməli və birinci instansiya məhkəməsi tərəfindən də hər bir şikayət üzrə müvafiq qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqeyini hazırki işin hallarına tətbiq edərək hesab edir ki, İddiaçı məhkəmə tərəfindən ayrıca akt şəkilində qəbul edilmiş 09 avqust 2022-ci il tarixli və 26 avqust 2022-ci il tarixli qərardadlarından bir şikayət vermiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilibverilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli və 26 avqust 2022-ci il tarixli, 2(006)-4005/2022 saylı qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli və 26 avqust 2022-ci il tarixli, 2(006)-4005/2022 saylı qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar