Məhkəmə qərarları › İş №2(103)-6854/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6854/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6854/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5352/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) birgə nikahından xx.xx.2013-cü il tarixdə X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaq iddiaçının yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1849/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 490 manat təşkil edir. Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır, rəsmi əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir (elektron məhkəmə informasiya sisteminin məlumatı). Cavabdeh xx.xx.2016-cı il tarixdə Yusupova (Əliyeva) Səbinə Ağavəli qızı ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2017-ci il tarixdə X8 doğulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarını dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehin birgə nikahından xx.xx.2013-cü il tarixdə X7 doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Sonuncu dəfə uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin məbləği məhkəmə qaydasında artırılaraq, 160 manat müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikasında 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Uşağın da müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, onunla iddiaçı arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, bundan sonra xx.xx.2016-cı il tarixdə cavabdeh Yusupova (Əliyeva) Səbinə Ağavəli qızı ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2017-ci il tarixdə X8 doğulmuşdur. Hazırda heç bir yerdə işləmir. Hər hansı gəlirə malik deyil. Rusiya federasiyasının vətəndaşıdır. Maddi vəziyyəti həddindən artıq ağırdır. Atasının maddi dəstəyi hesabına dolanır. Məhkəmə qaydasında müəyyən edilmiş 160 manat məbləğində alimenti də məhz atasının köməkliyi ilə ödəyir. Hazırda isə atasının da maddi vəziyyəti ağırdır və ona dəstək ola bilmir. Qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olarsa məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarı dəyişdirilə bilər. Lakin onun maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş, heç bir yerdən maddi gəliri yoxdur. Hazırki ailəsinin saxlanılması ilə də bağlı əziyyət çəkir. Bu səbəbdən hesab edir ki, iddia rədd eidlməlidir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5352/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə tutulan xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1849/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış hissədə tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, Cavabdeh 50 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. (hakim X5)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Belə olan halda, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini onun mənafeyinə uyğun hesab etmiş və alimentin artırılmış miqdarının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması qənaətinə gəlmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 76-cı, 78-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 112.1.3-cü, 119-cu, 216-cı, 220-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa, habelə “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5352/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respulikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin iddiaci öz maddi rifahının pisləşməsini onun rifahının isə yaxşılaşmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, uşağın təminatının maksimal saxlanılmasi onların hər ikisinin valideyinlik borcudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının bu barədə ərizəni də nəzərə alıb, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, habelə cavabdehin izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

24. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, onun maddi vəziyyətində müsbət mənada heç bir dəyişikliyin olmadığını, maddi vəziyyətinin daha da pisləşdiyini, artıq müəyyən müddətdir ki, nə rəsmi, nədə ki, qeyrirəsmi qaydada hər hansı gəlir əldə edə bilmədiyini, alimenti atasının köməkliyi ilə ödədiyini, hazırda atasının da maddi vəziyyətinin pisləşdiyini, onun maddi vəziyyətinin yaxşılaşması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübutun təqdim edilmədiyini, habelə yenidən nikaha daxil olduğunu və həmin nikahdan da bir uşağının olduğunu bildirir.

25. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2022-ci il) qəbul edilməsindən 1 ilə yaxın müddət ötmüş, sonrakı dövrdə uşağın saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2023-cü ildə bir uşaq üçün 220 manat təşkil etmişdir. Cavabdehdən tutulan 160 manat aliment miqdarı artıq 2022-ci ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan (193 manat) xeyli az olmuş, hazırda artırılmış məbləğ də 2023-cü il üzrə müəyyən edilmiş məbləğdir. Alimentin 160 manat miqdarında saxlanılması isə uşağı həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.

26. Bununla belə, hazırki mübahisəyədək cavabdehin hər ay 160 manat məbləğində aliment ödəmək öhdəliyi artıq yaranmışdır, lakin bu məbləğ hazırda uşağın maddi baxımdan təmin edilməsi üçün yetərli deyil. Bu da öz növbəsində həmin miqdarın artırılmasını şərtləndirir.

27. Eyni zamanda qeyd olunmalıdır ki, aliment öhdəliyi müəyyən edildikdən sonra cavabdehin ailə vəziyyətində həqiqətən də dəyişiklik olmuşdur. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixdə digər bir şəxslə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2017ci il tarixdə onun Elman adlı daha bir uşağı olmuşdur. Lakin belə bir dəyişikliyin baş verməsi özü-özlüyündə qeyri-şərtsiz və birmənalı şəkildə müəyyən edilmiş alimentin miqdarının artırılmasını istisna etmir. Hər bir halda, bu mövqedən çıxış edən cavabdeh ailə vəziyyətində baş vermiş bu dəyişikliyin onun maddi vəziyyətinə alimentin miqdarının artırılmasını istisna edəcək səviyyədə (əhəmiyyətli dərəcədə) təsir etməsini sübut etməli idi. Lakin cavabdeh bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, aliment məbləğinin artırılması hər bir halda cavabdehin əlavə vəsait ödəməsi ilə nəticələnir və bu hal da onun maddi vəziyyətinə təsir etmiş olur. Bu halın, habelə rəsmi əmək münasibətlərində olmamasının əsas götürülməsi ümumiyyətlə müəyyən edilmiş hər bir alimentin miqdarının artırılmasını (bu əsaslar olan belə işlərdə) istisna etmiş olur.

28. Bununla bağlı, məhkəmə kollegiyası o halı da nəzərə alır ki, xx.xx.2017-ci il tarixdə X8 doğulan zaman cavabdeh artıq 117 manat məbləğində aliment ödəyirdi. Hər bir halda, uşaq barədə qərar həmçinin, ailənin maddi imkanları, o cümlədən alimentin ödənilməsi öhdəliyin olması ilə yanaşı, bu uşağın maddi cəhətdən saxlanılmasının mümkünlüyü nəzərə alınmaqla qəbul edilmişdir. Həmin uşağın saxlanılması üçün də cavabdehdən məhkəmə qaydasında aliment tələb edilməmiş və tutulmur. Özünün izahatından başqa, onun bu uşağı maddi baxımdan təmin edə bilməməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bu da öz növbəsində həmin uşağın ən pis halda müəyyən edilmiş yaşayış minimumundan az olmayan maddi təminat almaq hüququnun cavabdeh tərəfindən təmin edilməsini təsdiq edir, eyni zamanda xx.xx.2013-cü il təvəllüdlü X6 da həmin hüququnun təmin edilməsini şərtləndirir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız 220 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir (aydın məsələdir ki, uşaq üçün 220 manat məbləğində alimentin ödənilməsinə razılıq verməyən və ondan 160 manat alimentin tutulmasını tələb edən cavabdeh bu məbləği qarşılayan deyil). Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, 220 manat tələb olunan və ya maksimum deyil, 2023-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.

30. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

31. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (220- 160=60, 60 x 12 = 720 manat) 720 manat təşkil etdiyindən və məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5352/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar