Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6855/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2023-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini, şikayətin prosessual müddətin ötürülməklə verilməsi əsası ilə geri qaytarmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsini və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Rayon Məhkəməsi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, həmin qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin poçt ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə qətnamə cavabdehin arvadı tərəfindən qəbul edilmişdir. Cavabdeh qətnamədən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Bununla da cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. Cavabdehin şikayəti isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi qaydada verilmiş, lakin poçt işçisinin təqsiri ucbatından poçt zərfinin üzərində səhvən poçt göndərişinin ünvan sahibinə çatdırılma vaxtı xx.xx.2023-cü il qeyd edilmişdir. Belə olan halda, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə poçt vasitəsilə göndərilmişdir. Bunu təsdiq edən “xx.xx.2023-cü il tarixdə göndərilən məktubların reyestrinin” üzərində poçt göndərişlərini qəbul edən poçt şöbəsinin xx.xx.2023-cü il tarixli möhür əksi vardır (iş v. 106). “Poçt göndərişinin çatdırılması haqqında xəbərnamədən” görünür ki, poçt göndərişi xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına çatdırılmış və qəbul edən şəxsin adı qeyd edilməli qrafada “yoldaşı” sözü qeyd edilmiş və qəbul edən şəxs tərəfindən imzalanmışdır. Lakin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının” 9.25-ci maddəsinin tələbləri tam yerinə yetirilməmiş, ünvançının əvəzinə məktubu alan şəxsin soyadı, adı, atasının adı qeyd edilməmişdir (iş v. 107). Cavabdeh qətnaməni xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə aldığını, poçt əməkdaşının səhvi ucbatından zərfin üzərində möhür əksinin səhvən xx.xx.2023-cü il tarix əks etdirildiyini, həmin zərfi şikayətə əlavə etdiyini bildirsə də, cavabdehin nəzərdə tutduğu zərf iş materiallarında aşkar edilmir. Məhkəmə hesab edir ki, qətnamənin cavabdeh tərəfindən hansı tarixdə alınmasının müəyyən edilməsi apellyasiya şikayətinin qəbulu məsələsinin həll edilməsi üçün zəruridir. Qətnamənin ona nə vaxt çatdırılmasını sübut etmək cavabdehin vəzifəsi deyil. Qətnaməni rəsmi qaydada çatdırmaq məhkəmənin və “Poçt göndərişinin çatdırılması haqqında xəbərnamədə” qeydlərin düzgün və tam aparılmasını təmin etmək isə poçt əməkdaşının vəzifəsidir. Beləliklə, Rayon Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla, cavabdehin şikayətində qeyd edilən dəlillərin hərtərəfli və tam araşdırılması, o cümlədən xx.xx.2023-cü il tarixli qətnamənin cavabdehə hansı tarixdə rəsmi qaydada təqdim edilməsi faktının dəqiq müəyyən edilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanana və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “apellyasiya şikayətinin qaytarılması barədə” 02 oktyabr 2023-cü il tarixli qərardad ləğv edilsin və Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6855/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6855/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver