Məhkəmə qərarları › İş №2(103)-686/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-686/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-686/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla )iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-686/2023 (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Bakı şəhəri 14 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh MMMC-nin nümayəndəsi X5 və qanuni təmsilçisi X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2(011)- 1953/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli Çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən 109,86 kvm. və 29 kvm-dən ibarət qeyri-yaşayış sahələri İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh MMMC-nin Nizamnaməsi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.X6 isə Cavabdeh MMMC-nin hazırkı hüquqi təmsilçisidir.

3. 12 avqust 2022-ci il tarixli, 10/2433 saylı ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin daxilində yerləşən sahəsi 10,6 kv.m (2,55x4, 15) m, h=2,80) olan iş otağının tavanına bitişik şəkilində (fəzada) Xətai-11 MMMC-yə məxsus yaşayış binasının kanalizasiya xəttinin birləşmə yerinin nasaz vəziyyətdə olduğundan iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə kanalizasiya sularının axıdıldığı müəyyən edilir. Eyni zamanda, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 11,149 manat məbləğində müəyyən olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 109,86 kv/m və 29 kv/m-dən ibarət qeyri-yaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində dəymiş 16.031,4 manat maddi, 1.000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, ünvan 1 ünvanında yerləşən 109,86 kvm. və 29 kvm-dən ibarət qeyriyaşayış sahələri xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin ünvanları əldə etdikdən sonra iddiaçı tərəfindən yüksək keyfiyyətli təmir işləri aparıldı. Həmin ünvanlarda aidiyyəti orqanlara rəsmi müraciət olunmasa da, gələcəkdə “G-tədris mərkəzi”nin fəaliyyət göstərilməsi nəzərdə tutulmuşdu və təmir də ona uyğun aparılmışdı. Lakin xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ünvana gələn zaman oraya tavandan su sızması nəticəsində tavana, laminata, plintusa və oboylara, ümumilikdə təmirə ciddi ziyan vurulduğunu görmüşdür. O, bina MTK tərəfindən inşa olunduğu üçün bina tikilib təhvil verildikdən sonra, binanın kommunal təsərrüfatının idarə olunması binada yaşayan sakinlər tərəfindən təsis olunmuş Cavabdeh tərəfindən həyata keçirildiyi üçün onun səlahiyyətli şəxslərinə hadisə barədə məlumat vermişdir. Lakin onlar iddiaçının çağırışına əhəmiyyət vermədilər. Bundan sonra iddiaçı tərəfindən "xxxx" MMC-nin səlahiyyətli şəxsləri ona məxsus qeyd edilən ünvanlara baxış keçirdi və müəyyən etdi ki, kanalizasiya dirsəkləri düzgün quraşdırılmamış və nəticədə xx.xx.2022-ci il tarixdə yenicə təmirdən çıxmış iddiaçıya məxsus ünvanlara ümumilikdə 16.031,4 manat maddi ziyan dəymişdir. Cavabdehə dəymiş ziyanı ödəmələri barədə iddiaçı tərəfindən müraciət edilsə də, onun səlahiyyətli şəxsləri buna heç bir məhəl qoymamış, vurulmuş ziyanı ödəməmiş və ödəmək üçün də heç bir addım atmamış, iddiaçıya məxsus qeyri yaşayış sahələrini təmir etdirməmişlər. Bundan başqa, cavabdehin qanunazidd hərəkətləri və məsuliyyətsizliyi iddiaçıda əsəb gərginliyi yaratmış, nəticədə fiziki və mənəvi sarsıntılar keçirmişdir. Buna görə də iddiaçıya dəymiş mənəvi zərəri 1.000 manat məbləğində qiymətləndirir və həmin məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi zərər ödənilməli, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərə görə 16031,4 manat, mənəvi zərərə görə 1.000 manat, cəmi 17031,4 manat məbləğində pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 142 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

6. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Həmçinin onu da qeyd etmişdir ki, ekspert rəyi ilə boru xəttinə ziyan vurulması aşkar edilmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə də razı deyil. Belə ki, ekspertiza onun iştirakı olmadan keçirilib. Eyni zamanda, o iddiaçının boru xətlərini bir dəfə təmir etdirmiş və kanalizasiya borusu ümumiyyətlə dəyişdirilmişdir. Lakin üç aydan sonra iddiaçı həmin kanalizasiya borusunu yenidən təmir etdirib. Ola bilsin ki, iddiaçı sözügedən boru xətlərini təmir etdirən zaman həmin xətlər zədələnmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2(011)- 1953/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMMC-dən iddiaçının mənzilinə dəymiş 11,149 (on bir min bir yüz qırx doqquz) manat maddi ziyan və 92,3 (doxsan iki manat, 30 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, qalan 49,7 (qırx doqquz manat, 70 qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 35 (otuz beş) manatı İddiaçı, qalan 65 (altmış beş) manatı isə Cavabdeh MMMC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Xətai-11 MMMC-yə məxsus yaşayış binasının kanalizasiya xəttinin birləşmə yerinin nasaz vəziyyətdə olduğundan ünvan 3 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyan 11,149,0 manat dəyərində qiymətləndirmişdir.

10. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab etmişdir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir.

11. Məhkəmə iddiaçı tərəfindən ona 16.031,4 manat maddi ziyanın dəyməsi ilə bağlı tələbinə qiymət verərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahələrinə su axıdılması cavabdehə məxsus binanın ümumi kanalizasiya xəttindən olması ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilmiş ekspert rəyinə əsasən iddiaçıya məxsus sahələrə dəymiş ziyanın məbləği 11.149 manat olması müəyyən edilmişdir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 11.149 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə eyni zamanda, iddiaçı baş verən hadisələr zamanı iddia tələbində mənəvi iztirab çəkdiyini qeyd etsə də tərəfin mənəvi ziyan olaraq cavabdehdən 1.000 manat pulun tutulmasına qiymət verərək hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddiaçı mənəvi ziyanın əsaslarının nədən ibarət olmasını bildirməmiş və buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMMC-dən iddiaçının mənzilinə dəymiş 11,149 manat maddi ziyan alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi, 1096.1-ci maddəsi, 1097.1-ci maddəsi, 1098.2-ci maddəsi, 1111.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2(011)-1953/2022 nömrəli qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, hazırki işə əmlaka ziyanın vurulmasının cavabdehin təqsiri üzündən baş verməsi sübüt olunmur. Məhkəmənin texniki-tikinti ekspertizasının rəyindən də dəyimiş zərərin cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi səbəbindən baş verməsi qənaətinə gəlmək mümkün deyildir. Ekspertiza rəyində su borusunun nasaz vəziyyətə olduğu göstərilsə də həmin nasazlığın konkret olaraq hansı səbəbdən yaranması göstərilməmişdir. Rəydə bir neçə səbəb sadalanmış və qeyd olunmuşdur ki, sızma bu səbəblərdən hansısa birinə görə baş verə bilər. Hesab edir ki, qeyri-yaşayış sahəsində təmir işləri aparılan zaman orada çalışan ustalar və fəhlələr tərəfindən həmin boruya toxunulub və yaxud həmin borunun ətrafının təmiri zamanı zədələnib və su sızması baş verib. Bundan başqa, Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti cox mənzilli yaşayış sahələrinə suyun verilməsi və kanalizasiya xidmətlərinin göstərilməsi prosesini həyata keçirmir. Mənzillərə və qeyri-yaşayış sahələrinə su təchizatı və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxs "xxxx" ASC-dir. Xətai rayonu, məhəllə 2316, S.Ə.ünvan 6 ünvanında yerləşən 29 kvm-dan ibarət qeyri yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun və ya hər hansı əmlak hüququnun olub olmaması sübut edilməmişdir. İşin materiallarında həmin sahənin iddiaçıya məxsus olmasına dair heç bir sübüt yoxdur. Bir sözlə su sızmasının baş verdiyi 29 kvm sahəyə iddiaçının mülkiyyət hüququ sübüt olunmadığından iddia tələbi təmin oluna bilməzdi. Həmçinin qeyd edir ki, 29 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin təyinatı zirzəmi olmuş, iddiaçı tərəfindən hasarlanaraq qeyri yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu səbəbdən də ümumiyyətlə ordakı boru xətlərinə cavabdeh tərəfindən baxış keçirilməsi və ya hər hansı nasazlığın qabaqcadan aşkar edilməsi mümkün ola bilməzdi. Məhkəmə ilk növbədə diqqət yetirməlidir ki, iddiaçının su sızması baş verən əmlaka dair iddia qaldırmaq hüququ vardırmı. Birinci instansiyası məhkəməsi işin bu halına diqqət yetirməyib, əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəzlənməsi ilə bağlı prosessual imkanlardan istifadə etməyib. Belə olan halda hesab edirlər ki, iddia tələbi tələb hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə rədd edilməsi qanunvericiliyə uyğundu.

b) Apellyasiya şikayətinə yazılı etiraz

17. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və qanuni təmsilçisi apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında apellyasiya baxışı zamanı məhkəmə icraatına cəlb olunmuş 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi hazırkı iddia üzrə heç bir öhdəlik daşımadıqlarını, öhdəliyə əsas ola biləcək tərəflər arasında hər hansı müqavilə olmadığını, həmçinin ASC-nin həmin binanın daxili su xəttlərinin işlək vəziyyətdə olmasına nəzarət etməsinə məsuliyyəti müəyyən edən əsaslar (müqavilə, normativ akt və.sair) mövcud olmadığını bildirmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

25. 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Belə ki, müəyyən olunmuşdur ki, ”Xətai-11” MMMC-yə məxsus yaşayış binasının kanalizasiya xəttinin birləşmə yerinin nasaz vəziyyətdə olduğundan ünvan 3 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyan 11,149 manat dəyərində qiymətləndirmişdir.

39. Məhkəmə kollegiyası ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir.

40. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, zərəri müəyyən edən Ekspertiza rəyində su borusunun nasaz vəziyyətə olduğu göstərilsə də həmin nasazlığın konkret olaraq hansı səbəbdən yaranması göstərilməmişdir. Rəydə bir neçə səbəb sadalanmış və qeyd olunmuşdur ki, su sızması bu səbəblərdən hansısa birinə görə baş verə bilər. Hesab edir ki, qeyri-yaşayış sahəsində təmir işləri aparılan zaman orada çalışan ustalar və fəhlələr tərəfindən həmin boruya toxunulub və yaxud həmin borunun ətrafının təmiri zamanı zədələnib və su sızması baş verib.

41. Şikayətin göstərilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, 12 avqust 2022ci il tarixli, 10/2433 saylı ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin daxilində yerləşən sahəsi 10,6 kv.m (2,55x4, 15) m, h=2,80) olan iş otağının tavanına bitişik şəkilində (fəzada) Xətai-11 MMMC-yə məxsus yaşayış binasının kanalizasiya xəttinin birləşmə yerinin nasaz vəziyyətdə olduğundan iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə kanalizasiya sularının axıdıldığı müəyyən edilir. Eyni zamanda, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 109,86 kv.m və 29 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə kanalizasiya suları sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 11,149 manat məbləğində müəyyən olunmuşdur.

42. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh MMMC-nin Nizamnaməsi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.X6 isə Cavabdeh MMMC-nin hazırkı hüquqi təmsilçisidir.

43. Cavabdeh MMMC-nin Nizamnaməsinın 2.2.1-ci bəndindən görünür ki, yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizat xəttlərinin və digər qurğu və avadanlıqların təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması;

44. 2.2.1-ci bəndindən görünür ki, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları, və kanalizasiya xidmətləritəchizatı qurğuları xəttlərinin təmiri və ya bərpa olunması və xarici kommunal xidmətləri təchizat xəttlərinin və digər qurğu və onların işlək vəziyyətdə saxlanması Xətai- 11” MMMC-nin həyata keçirdiyi fəaliyyət növünə aid edilmişdir.

45. Şikayətin göstərilən digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh bildirir ki, Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti cox mənzilli yaşayış sahələrinə suyun verilməsi və kanalizasiya xidmətlərinin göstərilməsi prosesini həyata keçirmir. Mənzillərə və qeyri-yaşayış sahələrinə su təchizatı və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxs "xxxx" ASC-dir.

46. Lakin Məhkəmə kollegiyasının iclasında apellyasiya baxışı zamanı məhkəmə icraatına cəlb olunmuş 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi hazırkı iddia üzrə heç bir öhdəlik daşımadıqlarını, öhdəliyə əsas ola biləcək tərəflər arasında hər hansı müqavilə olmadığını, həmçinin ASC-nin həmin binanın daxili su xəttlərinin işlək vəziyyətdə olmasına nəzarət etməsinə məsuliyyəti müəyyən edən əsaslar (müqavilə, normativ akt və.sair) mövcud olmadığını bildirmişdir.

47. Məhkəmə Kolleiyası qeyd edir ki, məhkəmə icraatına cəlb olunmuş 3-cü şəxs "xxxx" ASC-nin binanın daxili su xəttlərinin işlək vəziyyətdə olmasına nəzarət etməsinə məsuliyyəti müəyyən edən əsaslar (müqavilə, normativ akt və.sair) mövcud olması iş materialları ilə də təsdiq edilmir.

48. Azərbaycan Respublikası MPM-nin:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Daha sonra apellyasiya şikayətində qeyd edilmişdir ki, Xətai rayonu, məhəllə 2316, S.Ə.ünvan 6 ünvanında yerləşən 29 kvm-dan ibarət qeyri yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun və ya hər hansı əmlak hüququnun olub olmaması sübut edilməmişdir. İşin materiallarında həmin sahənin iddiaçıya məxsus olmasına dair heç bir sübüt yoxdur. Bir sözlə su sızmasının baş verdiyi 29 kvm sahəyə iddiaçının mülkiyyət hüququ sübüt olunmadığından iddia tələbi təmin oluna bilməzdi. Həmçinin qeyd edir ki, 29 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin təyinatı zirzəmi olmuş, iddiaçı tərəfindən hasarlanaraq qeyri yaşayış sahəsi kimi istifadə olunmuşdur.Bu səbəbdən də ümumiyyətlə ordakı boru xətlərinə cavabdeh tərəfindən baxış keçirilməsi və ya hər hansı nasazlığın qabaqcadan aşkar edilməsi mümkün ola bilməzdi. Məhkəmə ilk növbədə diqqət yetirməlidir ki, iddiaçının su sızması baş verən əmlaka dair iddia qaldırmaq hüququ vardırmı.Birinci instansiyası məhkəməsi işin bu halına diqqət yetirməyib, əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəzlənməsi ilə bağlı prosessual imkanlardan istifadə etməyib.

53. Şikayətin göstərilən digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2014cü il tarixli və xx.xx.2014-cü il tarixli Çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən 109,86 kvm. və 29 kvm-dən ibarət qeyri-yaşayış sahələri İddiaçı xüsusi mülkiyyətindədir.

54. Odur ki, iddiaçının mülkiyyətçi olaraq hazırkı iddianın qaldırılmasında subyektiv hüququ mövcuddur.

55. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ona 16.031,4 manat maddi ziyanın dəyməsi ilə bağlı tələbinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinə su axıdılması cavabdehə məxsus binanın ümumi kanalizasiya xəttindən olması ekspert rəyi ilə müəyyən edilmişdir. Birinci instasniya məhkəməsi tərəfindən mötəbər sübut olaraq qəbul edilmiş ekspert rəyinə əsasən iddiaçıya məxsus sahələrə dəymiş ziyanın məbləği 11.149,0 manat olması müəyyən edilmişdir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 11.149,0 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

56. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh MMMC-dən iddiaçının obyektinə dəymiş 11,149 (on bir min bir yüz qırx doqquz) manat maddi ziyan əvəzi alınıb iddiaçııya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

57. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2(011)- 1953/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar