Məhkəmə qərarları › İş №2(103)-6863/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6863/2024

27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6863/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Vəfa Babayevanın iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-697/2024 nömrəli qətnaməsindən İddiaçı2 və cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçılar iddia edir ki, İddiaçı1 (sərnişin) xx.xx.2022-ci ildə "xxxx" QSC-nin tabeliyində olan "xxxx" Sərnişin Aviaşirkətinə aid İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələrkən baqaj olaraq aviaşirkətə təhvil verdiyi, digər İddiaçı2 (əşyanın mülkiyyətçisi) məxsus suvenir vaza qırılaraq yararsız hala düşüb. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, baqajın (vazanın) qırılaraq yararsız hala düşməsi nəticəsində baqajın bazar dəyəri kimi 25.500 manat, mənəvi dəyəri kimi 10.000 manat, ümumilikdə 35.500 manat cavabdehdən alınaraq iddiaçılara verilsin. 3.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərə görə 805,14 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumunun əvəzi kimi 31 manat, cəmi 1.136,14 manat cavabdeh "xxxx" QSC-dən İddiaçı2 (əşyanın mülkiyyətçisinin) xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.İddiaçı2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 5.Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəfa Babayeva cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Ticarət məntəqəsinin verdiyi satıs-alış qəbzindən görünür ki, suvenir vaza keramikadan hazırlanıb (cild 1, iş v. 133). Keramik mallar keyfiyyətinə görə tezsınan və kövrək olur. Bu, həmin vazanın fotosundan da görünür (cild 2, iş v. 21). Bundan başqa, sərnişin iddia ərizəsində bəyan edib ki, vazanın bazar dəyəri 25.500 manat, mənəvi dəyəri 10.000 manat, ümumi dəyəri 35.500 manat olub. Göründüyü kimi, sərnişin vazanın tezsınan və kövrək olduğunu bilib, habelə onu 35.000 manat civarında qiymətləndirdiyinə görə vaza onun üçün xüsusi əhəmiyyətə malik olub, buna baxmayaraq, o, vazanı xüsusi mühafizəedici qablaşdırma (qoruyu yastıqlar və s.) olmadan adi (karton) qablaşdırmada digər sərnişinlərin yükləri ilə birlikdə daşınması üçün daşıyıcya təhvil verib (iş v. 9). 9.Sərnişinin yuxarıda göstərilən hərəkəti zərərin yaranmasına şərait yaradıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 10.Vaza tezsınan və kövrək olduğundan, habelə xüsusi mühafizəedici qablaşdırma olmadan daşıyıcıya təhvil verildiyindən, vazanın sınmasına görə daşıyıcı məsuliyyət daşımır. Daşıyıcının məsuliyyətini istisna edən qaydalar aşağıdakılardır. 11.Birinci, "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 120 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış “Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları”nın 15.4.7-ci bəndinin birinci abzasından görünür ki, aviaşirkət tezsınan və kövrək əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür. Həmin bəndin sonuncu abzasında qeyd olunub ki, sərnişin bu tövsiyəni yerinə yetirmədiyi təqdirdə aviaşirkət həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanması üçün məsuliyyət daşımır. Sərnişin İddiaçı1 daşıyıcıdan bilet almaqla həmin qaydalarla razılaşıb. 12.İkinci, Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 17-ci maddəsinin 2-ci hissəsindən görünür ki, məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajn daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Bunun ardıca həmin maddədə qeyd olunub: “Lakin zərər müəyyən dərəcədə baqaja xas olan ... keyfiyyətin ... nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır”. 13.Üçüncü, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımlarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın 4.3.4-cü bəndinə görə, daşıyıcı baqajın zədələnməsinə görə baqajın dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır. Lakin 4.3.7-ci bənddən görünür ki, daşıyıcı zədələnmənin daşınan əşyaların təbii xassələri ilə əlaqədar baş verdiyini sübut edərsə, məsuliyyətdən azad olunur. 14.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-697/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 98,25 (doxsan səkkiz tam yüzdə iyirmi beş) manat İddiaçı1 və İddiaçı2dan müştərək qaydada cavabdeh "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar