Məhkəmə qərarları › İş №2(103)-6863/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6863/2025

24.12.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6863/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şirinova Nailə Cabir qızı və Cavabdeh6 qarşı iş üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakda payların müəyyən edilməsi və əmlakın mülkiyyətə verilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-6140/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakda payların müəyyən edilməsi və əmlakın mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X3 vəfatından sonra Bakı şəhəri, Suraxanı rayonu, Şimal hissəsində yerləşən, miras qalmış torpağın 1/63 hissəsinə payların müəyyən edilməsi, miras qalmış 31/2205 hissənin onun, 1/2205 hissənin Cavabdeh2, 1/2205 hissənin isə Cavabdeh6 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 6140/2025 nömrəli qərardadı ilə (hakim F.İ.Rzayeva) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbində miras əmlakda payların müəyyən edilməsi və üzərində paylar müəyyən edilmiş əmlak(lar)ın mülkiyyətə verilməsi barədə xahiş təsbit edilsə də, həmin tələb (xahiş) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydalarının təsir dairəsinə aid edilmir. Belə ki, istinad edilən prosessual hüquq normasının məcburi göstərişlərinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin, “əmlakın mülkiyyətə verilməsi” müddəası, “daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması” kimi təfsir edilməməli, hazırkı iş üzrə iddiaçının məhkəmədən xahişinin məhz vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olması nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatı haqqında qanunvericilik vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələrə yalnız bir halda, yəni AR MPM-nin 39.2ci maddəsində nəzərdə tutulmuş halda müstəsna aidiyyət qaydalarının tətbiqini mümkün hesab edir. Belə ki, həmin maddənin tələblərinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Odur ki, iddiaçı tərəfindən müstəsna aidiyyət qaydalarına istinad edilməklə hazırkı iddia ərizəsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim edilməsi imkanı qanunla istisna edilmişdir. Digər tərəfdən ümumi aidiyyət qaydaları ilə bağlı qeyd edilməlidir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 - ünvan 1 ünvanında, Cavabdeh5 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Belə olan halda, iddiaçı həmin şəxslərə münasibətdə müvafiq iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamış, mülki mühakimə icraatı haqqında qanunvericiliklə aidiyyət qaydalarının kobud pozuntusuna yol vermişdir. Beləliklə, məhkəmə izah etmişdir ki, iddiaçı həmin cavabdehlərə qarşı ümumi aidiyyət qaydalarına riayət etməklə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və ya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Digər Cavabdeh4 münasibətdə məhkəmə qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, həmin cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında rəsmi qeydə alınmışdır. Lakin, həmin ünvanda hər hansı şəxsin yaşaması qeyri-mümkündür. Çünki cavabdehin qeydiyyat ünvanı olan Balandin 42 inzibati binadır. Cavabdehin faktiki ünvanını təsdiq edən heç bir sənəd (arayış) iddia ərizəsinə əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvandan əlavə faktiki yaşadığı ünvan da göstərilməlidir. Lakin, iddia ərizəsində cavabdehin faktiki yaşadığı ünvanla bağlı hər hansı məlumat əks olunmamışdır. Cavabdehin ünvanı barədə məhkəmənin məlumatsız olması məhkəmə bildiriş və qərarlarının tərəfə çatmaması, tərəfin ümumiyyətlə məhkəmə prosesindən məlumatlı olmaması ilə nəticələnə bilər, bu hal da mülki mühakimə icraatının çəkişmə prinsipinin kobud pozuntusuna gətirib çıxara bilər. Bundan əlavə, iddiaçı digər cavabdehlərə münasibətdə aidiyyət qaydalarının pozulmasına yol versə də, hazırda sözügedən cavabdeh – Cavabdeh4 barəsində iddia ərizəsinin məzmununa dair pozuntuya yol vermiş və şəxsin faktiki yaşayış ünvanını təsdiq edən hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 39.1-ci maddəsinin mətnindən görünür ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması barədə iddia əşyanın olduğu yer üzrə verilməlidir. İddia faktiki mülkiyyət hüququnun tanınması ilə bağlıdır. Daha sonra məhkəmə qeyd edir ki, cavabdehlərdən biri polis idarəsinin inzibati binasına qeydiyyatdadır və iddiaçının onun faktiki yaşayış yerini bilmədiyinə görə iddia geri qaytarılmışdır. Burada qeyd edir ki, iddiaçı cavabdehlərin qeydiyyatda olduğu ünvanı göstərməlidir, onların faktiki yaşayış yerlərini bilməməyə görə iddianı geri qaytarmağa əsas vermir. Suraxanı Rayon məhkəməsinin belə bir mövqeyi irəli sürməsi, MPM-nin 149.2.2-ci maddəsinə faktiki olaraq əlavə edilməsi deməkdir. Bu da Konstitusiyada göstərilmiş hakimiyyətin səlahiyyətlərinin bölünməsi prinsipinə ziddir. O biri tərəfdən belə bir qanunsuz əsaslarla iddia ərizəsinin geri qaytarılması, İnsan əsas hüquqları və azadlıqları haqda Avropa Konvensiyasının 6-cı maddəsində göstərilmiş hüquqlarının pozulmasına gətirib çıxarır. Suraxanı Rayon Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasına lazımı diqqət yetirməmiş, nəticədə onun Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququmu pozmuşdur. Göstərilənlərə əsasən, Suraxanı Rayon məhkəməsi tərəfindən subyektiv hüququn və qanuni mənafelərin pozulmaması barədə irəli sürdüyü dəlillərə əhəmiyyət verməmiş və nəticədə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən maddələrinin tələbləri ilə uzlaşmayan qərardad qəbul etmişdir. MPMnin 385-ci maddəsində göstərilib ki, "Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması birinci instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır".

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Cavabdeh6 məhkəməyə ərizə ünvanlayaraq, bacı, qardaşlarının qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyinə görə hazırki işin də baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-6140/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

13. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, iddia ərizəsi cavabehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

14. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan da görünür ki, cavabdehlərdən birinin - Cavabdeh4 rəsmi qeydiyyat ünvanı Bakı Şəhəri, Suraxanı rayonunun ərazisindədir.

15. Beləliklə, iddiaçı prosessual hüququndan istifadə edərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və mülki-prosessual qanunvericiliyin tələblərini pozmamışdır.

16. Kollegiya həmçinin qeyd edir ki, iddia ərizəsində cavabdehlərdən birinin faktiki ünvanının göstərilməməsi iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir.

18. Cavabdeh vəsatətinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının hazırki tələbi ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir və belə olduğu halda sözügedən tələbə mülki məhkəmə icraatında baxılmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 6140/2025 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar