Məhkəmə qərarları › İş №2(103)-6864/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6864/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6864/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(010)- 1672/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 27.01.2014-cü il təvəllüdlü X3 və 23.05.2012-ci il təvəllüdlü X1 üçün Suraxanı rayon Məhkəməsinin 01 mart 2019-cu il 2(010)-1276/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğinin artırılaraq, uşaq yetkinlik yaşa çatana qədər Cavabdeh hər uşaq üçün hər ay 200 manat məbləğində və uşaqların müalicəsi üçün 250 manat cəmi 450 manat, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı 02.07.2011-ci ildə rəsmiləşdirilmiş nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 19 fevral 2018-ci il qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış 02.07.2011-ci il tarixli nikah pozulmuş və birgə nikahdan olan iki uşağı 23.05.2012-ci il təvəllüdlü X8 və 27.01.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment hər ay hər uşağa 50 (əlli) manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli, 2(010)- 1557/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 23.05.2012-ci il təvəllüdlü X8 və 27.01.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat aliment tutulması qət edilmişdir. O, övladları ilə valideynləri ilə birlikdə yaşayır. Onun hər ay bir uşağının saxlanılması üçün minimum 450- 500 manat xərci çıxır ki, bu da cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də uşaqların saxlanılması üçün 200 manat alimentin ondan sabit pul məbləğində, həm də hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınaraq ona ödənilməlidir. Hesab edir ki, uşaqlarının müalicəsi üçün cavabdehdən əlavə xərclər də tutulmalıdır. Bunu isə ödəməyə onun maddi imkanları çatmır. Düzdür, 3 il əvvəl qəbul edilmiş məhkəmə qətnaməsi əsasında cavabdeh hər uşaq üçün 154 manat aliment ödəyir. Amma həmin vəsait uşağın ehtiyaclarına kifayət etmir. Bundan əlavə himayəsində olan övladlarının sağlamlıq müalicə xərcləri getdikcə artır. Ona görə də həmin məbləğ artırılmalıdır. İşsizliyin və istehlak qiymətlərinin artımı iddiaçının vəziyyəti kəskin pisləşmişdir. Cavabdeh isə kifayət qədər gəlir əldə edir. Yüksək əmək haqqı alır, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə komandir müavini vəzifəsində xidmət edir. Kapitan rütbəsi daşıyır. Aylıq əmək haqqı və birdəfəlik pul mükafatı tam həcmdə 1350 (bir min üç yüz əlli) manatdan daha çox təşkil edir. 27.01.2014-cü il təvəllüdlü X3 və 23.05.2012-ci il təvəllüdlü X1 üçün Suraxanı rayon Məhkəməsinin 01 mart 2019-cu il 2(010)-1276/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğinin artırılaraq, uşaq yetkinlik yaşa çatana qədər Cavabdeh hər uşaq üçün hər ay 200 manat məbləğində və uşaqların müalicəsi üçün 250 manat cəmi 450 manat, hər ay qazancının (başqa gəlirlərinin) 3/1 hissəsi miqdarında aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2021-ci il, tarixli 2(010)- 1672/2021 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1672/2021 saylı iş üzrə 17.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ətraflı, obyektiv və tam araşdırılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Suraxanı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir, qətnamənin apellyasiya qaydasında ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini zəruri hesab edir. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi, cavabdehlə olan nikahlarının məhkəmənin 19.02.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur, 27.01.2014-cü il təvəllüdlü X3 və 23.05.2012-ci il təvəllüdlü X4 onun yanında saxlanması və uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment və hər uşaq üçün 50 manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq, 27.01.2014-cü il təvəllüdlü X3 və 23.05.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaqa 154 manat aliment tutulması qət edilmişdir. O, övladları ilə birlikdə valideyinlərinin yanında yaşadığını, hər uşağın saxalanması üçün minimum 450- 500 mant xərclənir. Üstəlik uşaqların müntəzəm şəkildə müalicəsi üçün də vəsait tələb olunur, belə ki, məhkəməyə təqdim edilmiş həkim arayışından da görünür ki, uşaqlar mütəmadi olaraq müalicə alırlar. Buna görə də bir valideyn kimi uşaqlarına lazimi maddi yardım göstəmək cavabdehin borcudur. Bunu könüllü şəkildə etməyən cavabdeh həmin vəsaiti məhkəmə qaydasında alimentin artırılması şəkilndə ödəməlidir. Məhkəmə şikayət olunan qətnaməni qəbul edəkən N saylı hərbi hissə tərəfindən verilmiş və cavabdehin rütbə maaşı, vəzifə maaşı və xidmət ilinə görə aldığı məbləğlərin qeyd olunduğu aryışa istinad edərək, onun gəlirinin 942 manat olduğuna istinad etmişdir. Halbuki, bundan əvvəl 08.01.2019-cu il tarixində aliment məsələsinə baxılarkən cavabdehin vəzifə maaşından əlavə 632 manat maddi yardım və 505 manat məzuniyyət pulu olmaqla 1264 manat gəlirinin olması qeyd edilmişdir. Buradan da görünür ki, verilmiş saxta arayışda aldığı maddi yardım və məzuniyyət pulu nəzərə almmamışdır. Həmin məbləği də arayışda göstərilmiş 942 manatın üzərinə gəldikdə cavabdehin 2079 (iki min yetmiş doqquz manat) aylıq gəlirinin olması aydın olur ki, məhkəmə tərəfindən onun iddia tələbinə baxılarkən cavabdehin həmin məbləğdə aylıq gəlirinin olması əsassız olaraq nəzərə alınmamışdır. Əgər məhkəmə tərəfindən 081 saylı hərbi-hissəyə sorğu verilərək cavabdehin əmək haqqı, aldığı maddi yardım, rütbə maaşı, məzuniyyət pulu, birdəfəlik pul mükafatının məbləği barədə rəsmi məlumat almarsa, cavabdehin 2000 (iki min) manatdan artıq ayliq gəlirinin olması aydın olar. Məhkəmə qətnamədə cavabdehdən gəlirlərinin 1/3 hissəsində aliment tutulduğunu qeyd edərək,cavabdehin gəlirlərinin artması ilə alimentin də mütənasib olaraq artdığını qeyd edərək, bunu iddia tələbinin rədd olunmasında arqument kimi göstərir. Lakin, hesab edir ki yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi cavabdehin kifayət qədər artmış gəlirlərinə görə onun sabit pul məbləğində ödəməli olduğu alimet də artırılmalı idi. Qeyd olunanlar bir daha onu sübut edir ki, məhkəmə işin hallarını tam və obyektiv araşdırmamışdır, işdə olan sübutlara düzgün və qanuni qiymət verməmişdir, nəticədə qətnamə qəbul edilərkən onların qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gəldiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarından olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019- cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2018ci il tarixli 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 23.05.2012-ci il təvəllüdlü X4 və 27.01.2014-cü təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, 07 iyun 2019-cu il tarixli qətanaməyə əsasən, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(010)-1276/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 18.02.2020-ci il tarixli qərara əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 iyun 2019-cu il tarixli 2(103)-7948/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 noyabr 2019-cu il tarixli, AZ-İ seriyalı, 338462 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqinə əsasən Cavabdeh və İddiaçı aralarında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 noyabr 2019-cu il tarixdə 442 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Məmmədov, arvadın isə Əliyeva kimi qeyd edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş 10.03.2021-ci il tarixli 1124 saylı arayışa əsasən, mayor Cavabdeh rütbə maaşı 150,00 (bir yüz əlli), vəzifə maaşı 635,00 (altı yüz otuz beş) manat, xidməti ili 157,00 (bir yüz əlli yeddi) manat cəmi 942,00 (doqquz yüz qırx iki) manat maaş alır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu 30 saylı Ambulatoriya tərəfindən verilmiş 15.02.2021-ci il tarixli tibbi arayışa əsasən, X3 və X4 müalicə olunduğunu və mütəmadi olaraq müalicə aldıqları diaqnozu qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş 31.05.2021-ci il tarixli 2116 saylı arayışa əsasən, mayor Cavabdeh rütbə maaşı 150,00 (bir yüz əlli), vəzifə maaşı 635,00 (altı yüz otuz beş) manat, xidməti ili 157,00 (bir yüz əlli yeddi) manat, məharət dərəcəsi 95 manat 25 qəpik olmaqla vergilər tutulduqdan sonra, cəmi 903,00 (doqquz yüz qırx üç) manat maaş alır.Həmçinin, ildə bir dəfə vergi tutulduqdan sonra yuxarı komandanlığın razılığı əsasında 0% həcmində, 25% həcmində, 380 manat 72 qəpik, 50% həcmində 761 manat 45 qəpik, 75% həcmində 1142 manat 17 qəpik və 100% faiz həcmində 1522 manat 90 qəpik olmaqla birdəfəlik pul mükafatı ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olmuşdur ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 23.05.2012-ci il təvəllüdlü X8 və 27.01.2014-cü il təvəllüdlü X6 anadan olmuşlar. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(010)- 1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 23.05.2012-ci il təvəllüdlü X4 və 27.01.2014-cü təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, 07 iyun 2019-cu il tarixli qətanaməyə əsasən, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(010)-1276/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi cavabdehin maddi vəziyyətində dəyişiklik olduğunu və cavabdehin əmək haqqının artdığını bildirsə də, cavabdehin vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə aradırılması zamanı alimentin artırılması üçün gətirdiyi əsas dəlil ondan ibarətdir ki, Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi qəbul edilərkən məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş və qətnamənin qəbul edilməsi üçün əsas olan dəlil ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissə tərəfindən verilmiş 08.01.2019-cu il tarixli 78 saylı arayışdan müəyyən edilmişdir ki, Cavabdeh həqiqətən N nömrəli hərbi hissədə işləməsi və onun aylıq əmək haqqısı 714,21 manat 21 qəpik, maddi yardımı 632 manat, məzuniyyət pulu 505 manat birdəfəlik pul mükafatı tam həcmdə olduqdan 1264 manat təşkil edilməsini göstərilmişdir. İddiaçı cavabdehin həmin arayışa əsasən yüksək maaşa malik olmasını və bununla əlaqədar ona daha böyük məbləğdə alimentin təyin edilməsini zəruri olduğunu iddia edir. Cavabdeh isə hərbi hissədə xidmət göstərilməsini və həmin xidmətə görə əmək haqqının aldığını göstərməklə, hərbi xidmətin əsas və yeganə iş yerinin, əmək haqqının da əsas və yeganə qazanc mənbəyinin olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Suraxanı Rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnamə qəbul edilərkən birinci instansiya məhkəməsinin arşıdrılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş və qətnamənin qəbul edilməsi üçün əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissə tərəfindən verilmiş 08.01.2019-cu il tarixli 78 saylı arayış artıq qeyd olunan qətnamənin qəbul edilməsinin əsası olmuşdur və onun artıq təyin edilmiş alimentin məbləğinin artırılması üçün yenidən qiymətləndirilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunmur. Həmçinin, cavabdehin hazırkı məhkəmə iclasında təqdim edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş 31.05.2021-ci il tarixli 2116 saylı arayışa əsasən əmək haqqının əvvəlki ilə daha yüksək olması müəyyən olunsa da, alimentin cavabdehin qazancdan və gəlirlərindən 1/3 hissədə təyin edilməsi artıq özü-özülüyündə maaşın artırılmasını nəzərə alır və nəticə etibarı ilə alimentin məbləği əmək haqqının artırılması ilə yanaşı artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bunnula əlaqədar mülki işə əlavə edilmiş materialları və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının alimentin artırılmasına dair tələbin hal-hazırda təmin edilməsi əsassız olmaqla, bundan əlavə iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmişdir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(010)- 1672/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar