Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6865/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əlihəsən oğluna qarşı iş üzrə (Açar sözlər: zəbt olunmuş sahənin boşaldılması, maddi və mənəvi zərərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş sahənin boşaldılması, maddi və mənəvi zərərin tutulması tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(008)-200/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 15 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 267,1 m2-dən ibarət olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir.
2. xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 267,1 m2-dən ibarət olan qeyri-yaşayış binası Cavabdeh tərəfindən İddiaçı satılmışdır.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsini mübahisələndirmiş, onun iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə Nəsmi Rayon Məhkəməsinə verilən iddia ərizəsində Cavabdeh 2012-ci ildə İddiaçı 40000 ABŞ dolları aldığını və banka olan borcunu ödədiyini qeyd etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən bir neçə dəfə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə ərizəsində ona məxsus sahənin boşaldılması, maddi ziyan kimi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində ona qarşı qaldırdığı iddia ərizəsində etiraf etdiyi 47000 ABŞ dolları borcun qaytarılması və mənəvi ziyan kimi 50000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bir-birini 1990-cu ildən tanıyırlar. 2018-ci il tarixdə cavabdehə kömək məqsədilə 267,1 m2 ölçüdə obyektini almışdır. Həmin obyekt əslində 600 m2-dən çoxdur, sadəcə qalan hissəsinə çıxarış yoxdur. Eyni zamanda, cavabdehin maddi çətinlikləri ilə əlaqədar ona 47000 ABŞ dolları pul vermişdir. Lakin, cavabdeh bu günədək ona satdığı sahəni zəbt edib və iddiaçının qanuni tələblərinə məhəl qoymayaraq orada qeyri-qanuni fəaliyyət göstərir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(008)-200/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus sahənin (ünvan 1 ünvanında yerləşən 267,1 m2-dən ibarət olan qeyri-yaşayış binasının) Cavabdeh tərəfindən boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.5, 164.1, 164.2, 165.1, 551.2.1, 23.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarında formalaşdırılmış hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən (iddianın təmin edilməmiş hissəsində) ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən 47000 ABŞ dolları borcun və ona vurulmuş mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutulmasına dair hissədə iddianı rədd edərkən səhv nəticəyə gəlmişdir, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə bağlı mövqeyi ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində yalan məlumatlar yazmışdır, məhkəmə isə bunları yoxlamadan onun xeyrinə qətnamə qəbul etmişdir. Əslində iddiaçının yazdığı kimi olmamışdır. İlk növbədə qeyd etmək istəyir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1 -ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən “Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir”. Lakin ünvan 2 ünvanında yerləşən 267,1 kv metrdən ibarət olan qeyri-yaşayış binası Bakı Şəhəri Xəzər Rayonuna aid olduğu ücün işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı idi. Eyni zamanda məhkəmə iclasının təxirə salınması və məhkəmə prosesində onun iştirakının təmin edilməsi ilə bağlı məhkəməyə teleqram göndərsə də, məhkəmə buna baxmayaraq tələm - tələsik işə baxıb qətnamə qəbul etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi qətnaməsini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, ünvan 2 ynvanında yerləşən 267,1 kv metrdən ibarət olan qeyri-yaşayış binası ilə bağlı başqa məhkəmədə mübahisə vardır və iş üzrə icraatlar davam edir. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia tamamilə rədd edilməlidir və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Lakin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(008)-200/2022 saylı qətnaməsinin qismən, “İddiaçı məxsus sahə (ünvan 2 ünvanında yerləşən 267,1 kv metrdən ibarət olan qeyri-yaşayış binası) Cavabdeh tərəfindən boşaldılması” hissəsində ləğv edilməsi, qətnamənin “iddia qalan hissədə rədd edilsin” hissəsində dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ona 47000 ABŞ dolları borc pul verməmişdir. 2012-ci ildə ona məxsus olan qeyri-yaşayış sahəsini banka ipoteka qoyaraq götürdüyü kreditə görə cavabdehin verdiyi 40000 ABŞ dolları pul banka ödənilmişdir. Bundan sonra cavabdeh tərəfindən ona hər hansı məbləğdə borc verilməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
20. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırkı iş üzrə qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissələrində mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verildiyi üçün apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, belə ki, birinci instansiya məhkəməsi 47000 ABŞ dolları borcun və ona vurulmuş mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutulmasına dair hissədə iddianı rədd edərkən səhv nəticəyə gəlmişdir.
31. Kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən dəlili əsassızdır. Belə ki, iddiaçı 2020-ci ildə cavabdehə 47000 ABŞ dolları borc verməsini təsdiq edən hər hansı yazılı sübut təqdim də bilməmişdir. Birinci instansiya haqlı olaraq qeyd etmişdir ki, tələb edilən borcun sübutu yalnız cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair Nəsimi Rayon Məhkəməsinə verilmiş iddia ərizəsindəki etirafıdır. Göründüyü kimi, cavabdeh həmin borcu 2012-ci ildə aldığını etiraf edir. Məhkəmə hesab etmişdir ki, həmin öhdəliyə müddətin keçməsinə dair xitam verilmişdir.
32. Apellyasiya baxışı zamanı cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddiaçı ona 47000 ABŞ dolları borc pul verməmişdir. 2012-ci ildə ona məxsus olan qeyri-yaşayış sahəsini banka ipoteka qoyaraq götürdüyü kreditə görə cavabdehin verdiyi 40000 ABŞ dolları pul banka ödənilmişdir. Bundan sonra cavabdeh tərəfindən ona hər hansı məbləğdə borc verilməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməsi ilə bağlı gəldiyi nəticə də əsaslı olmuşdur.
34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri də qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazıkı mülki işə ərazi aidiyyəti qaydalarına riayət edilməklə baxılmış, məhkəmə iclasları barədə cavabdeh xəbərdar olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin, eyni tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəi təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il trixli, 2(102)-1942/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-200/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.