Məhkəmə qərarları › İş №2(107)-508/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-508/2022

10.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq sahəsinin boşaldılması -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-508/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(051)-153/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən hüquqazidd şəkildə sökülərək dağdılmış Mingəçevir şəhəri, çimərlik sahəsində yerləşən 47,9 kv.m ibarət “Dalğa” pavilyonunun yerində tikdiyi tikilinin Azərbaycan Respublikası Föqladə Hallar Nazirliyinin öz vəsaiti hesabına sökülməsi ilə torpaq sahəsinin bo.aldırlaraq ona təhfil verilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 490.000 manat əldən çıxmış fayda şəklində maddi ziyanın və 50.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 540.030 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(051)-153/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş madi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsasları ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin aiddiyatı ilə bağlı olaraq işə xitam verilməsi əsassızdır. Belə ki, nəzərdə tutulan işə dair bütün iş materialları, həmçinin sübutlar tərəfimdən məhkəməyə təqdim edilmişdir. Bu barədə 5 məhkəmə iclası keçirilmiş, qeyd olunan mübahisəli halın olması heç bir məhkəmə iclasında araşdırılmamışdır. Hətta 28 yanvar 2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında da bu hal məhkəmə tərəfindən müzakirə olunmamışdır. Nə əsasla məhkəmənin belə bir qərara gəlməsi onlara bəlli deyil. 10 gün müddətdən artıq keçməsinə baxmayaraq məhkəmə qərardadı elektron məhkəmə sisteminə yerləşdirilmədiyi üçün ətraflı şəkildə şikayət hazırlayıb məhkəməyə təqdim edə bilmir. Göründüyü kimi, işin aiddiyyat qaydaları ərizənin məhkəmə icraatına qəbul edilməsi zamanı yoxlanılması ilə əlaqədar mülki prosessual qanunvericliyin müvafiq norması pozuldugu kimi, hakim tərəfindən iş kifayət qədər hazırlanmış hesab edilmişdir. Deməli, nəzərdə tutulan iş müvafiq qaydada aiddiyyat qaydalarına riayət edilməklə icraatına qəbul edilmişdir və belə olduqda aidiyyat qaydalarının dəyişdirilməsi yolverilməzdir. Bu baxımdan hesab edir ki, məhkəmə qərardadı mülki prosessual qanunvericiliyin müvafiq normalarının pozulması ilə qəbul edilmişdir. Həmçinin, məhkəmə qərardadında "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübanisəni məhkəmə aidiyyatına dair" AR Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli Qərarına əsaslanaraq, mübahisənin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması və işin inzibati məhkəmədə baxılmalı olduğunu müəyyən etmişdir. Qeyd edir ki, hazırki mübahisə predmeti torpaq münasibətlərindən irəli gələn mübahisə olmaqla bu barədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən, torpaqla bağlı qərarlarından irəli gələn mübahisə deyildir. İş materiallarına əlavə olunmuş "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamənin surətindən göründüyü kimi, Mingəçevir şəhəri, '‘Dalğa pavilyonu" İddiaçı sahibliyinə verildiyi müəyyən olunmuşdur. Mübahisə məhz həmin pavilyonun qanunsuz sökülməsi ilə əlaqədar olmaqla, mülkiyyət hüquqlarının pozulması və ona dəymiş olan maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə əlaqədardır. Yəni mübahisə predmeti və hüquq münasibətlərinin xarakterinə görə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də o, məhkəmə kollegiyasından Migəçevir Şəhər Məhkəməsinin 28.01.2022-ci il tarixli, 2(051)-153/2021 saylı qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-153/2022 saylı, 11.02.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(051)-153/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin 27.02.2006-cı il tarixli, ******* nömrəli Şəhadətnaməsi ilə Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən «Dalğa» pavilyonu iddaçı İddiaçı sahibliynə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12.02.2011-ci il tarixli 50s nömrəli sərancamı ilə Mingəçevir Su anbarı Fövqəladə Hallar Nazirliyinin balansına verildiyi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4.02.2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət edərək Mingəçevir Su anbarının etibarlı mühafizəsinin və effektili idarə olunmasının təmin edilməsi məqsədilə Nazirliyin bölmələrinin yerləşdirilməsi üçün tikinti inşası üçün şəhər çimərliyinin yaxınlığında 8,1 ha torpaq sahəsinin nazirliyin daimi istifadəsinə verilməsini xahiş etmiş və Mingəçevir şəhər İcra Hakimiyyəti nazirliyin müraciətini nəzərə alaraq, Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının 15.02.2013-cü il tarixli 24 nömrəli Sərancamı ilə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1 ha torpaq sahəsi nazirliyin daimi istifadəsinə verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının 15.02.2013cü il tarixli 24 nömrəli sərancamında Mingəçevir şəhəri, çimərlik sahəsində yerləşən «dalğa» pavliyonu ilə bağlı heç bir göstəriş və tapşırıq nəzərdə tutlmamış və torpağın yüklülüyü yoxlanılmamış, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin 27.02.2006-cı il tarixli, ******* nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» Şəhadətnaməsi nəzərə alınmamışdır. Göründüyü kimi halhazır ki, mübahisə məhz əmlakla bağlı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə yaranan münasibətdir. Belə olan halda məhkəmə hesab edir ki, hal-hazırki mübahisə əmlakla bağlı və inzibati orqanların qərarları (inzibati aktları) və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixi, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”na görə rayon və şəhər icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab edilirlər (İİİ və İV bölmə). İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələblərindən də görünür ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 16.3-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1 -ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırki iddia da inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması inzibati iddiadır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(051)-153/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(051)-153/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(051)-153/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin mülki kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin mülki kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar