Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6865/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(010)-3941/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən 22 saylı ev Cavabdeh (bundan sonra cavabdeh) istifadə və sahibliyindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ- 4), 01 ədəd qızdırıcı radiator peçindən (1/1) və 1 ədəd kərpiç plitədən (1/1) istifadə edilir. xx.xx.2018-ci il tarixdə qaz sayğacı laborator şəraitdə dövlət yoxlamasından keçirilmiş və xətaların normadan artıq olması, göstəricilər arasında fərqin mövcudluğu, sol metrologiya plomb yuvasının ətrafının zədəli olması, sayğacın klapanının işlək olmaması aşkar edilmişdir. xx.xx.2018-ci il tarixdə bu əsasla ******* saylı akt tərtib edilmişdir. Bundan sonra iddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsi ilə sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilkdə 2.890,08 manat məbləğində maddi zərər hesablanaraq, cavabdehin abonent hesabına daxil edilmişdir. Qeyd edilən aktlar iddiaçının nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda aktlarda cavabdehin aktı imzalamaqdan imtina etməsi barədə qeyd edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli akt üzrə hesablanmış 403,20 manat zərər məbləğindən 211,85 manat ödəniş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş 2.678,23 manat məbləğində zərərin və ödənilmiş 46,79 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Birliyin əməkdaşları istehlakçının qaz sayğacını dövlət yoxlanılmasından keçirərkən onun məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq üçün qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, bu faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 403,20 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 460,80 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1.270,08 manat, cəmi 2.890.08 manat məbləğində iddiaçıya maddi zərərin vurulduğu müəyyən olunmuşdur. Cavabdeh 403,20 manat zərərdən 211,85 manat ödəniş etmişdir. Mövcud vəziyyətdə cavabdeh iddiaçıya cəmi 2.678,23 manat məbləğində maddi zərər vurmuşdur.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 3941/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh sayğaca müdaxilə nəticəsində vurulmuş zərərin əvəzi kimi 108 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir. (hakim X5)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 4 akt tərtib edilmiş, həmin aktlardan yalnız biri xx.xx.2018-ci il tarixli akt sayğaca müdaxilə, digərləri isə qanunsuz qoşulmanı özündə əks etdirmişdir. İş üzrə keçirilən məhkəmə iclasları zamanı cavabdeh yaşadığı ünvanda istehlak olunan təbii qazın sərfiyyat göstəricilərini qeydə alan sayğaca yalnız 2018-ci il tarixində müdaxilə etdiyini etiraf etmiş, lakin qaz sayğacına qanunsuz qoşulma hallarına yol vermədiyini bildirmişdir.
6. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli aktın qəbuluna əsas olmuş pozuntu, yəni sayğaca müdaxilə edilməsi faktı cavabdeh tərəfindən etiraf edildiyindən həmin akt üzrə vurulmuş ziyanın həcmi qanunvericiliyə uyğun hesablanmaqla cavabdehdən tutulmalı, digər (2021 və 2022-ci illər üzrə) aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qanun normasının tələbinə görə fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Cavabdehin 2021 və 2022-ci illər üzrə qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulması, bu zərərlə cavabdehin ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Əksinə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün cavabdehin evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi iddiaçının üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Lakin, iddiaçı tərəfindən həmin sayğacın işlək vəziyyətdə saxlanması üçün müvafiq qanuni tədbirlər görülməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Həmçinin qeyd olunanlardan əlavə, iddiaçı tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların tərtib edilməsi və həmin aktlara uyğun cavabdehin abonent hesabına borcun hesablanması, həmin aktların tərtib olunması zamanı cavabdehin iştirakının təmin edilməsi halı müəyyən edilməmişdir.
7. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin şəkillərdə sayğaca hər hansı qanunsuz qoşulma halları aşkar olunmur. Bundan əlavə, cavabdeh həmin aktın məzmunu ilə tanış olmadığını, qazpaylayıcı ilə qazın alğısatqısına dair yeni müqavilə münasibətlərinin rəsmiləşdirilməsi üçün akta imza etdiyini bildirmişdir. Etiraf aktının tarixi ilə qazın alğı-satqısına dair müqavilənin tarixinin eynilik təşkil etdiyini, məhkəmə icraatı gedişində cavabdehin borcunu etiraf etməməsini, qaz sayğacına müdaxilə etsə də, qaz xəttinə qanunsuz qoşulmadığını və hər hansı borcunun olmadığını bildirməsini nəzərə alan məhkəmə həmin aktı mötəbər sübut növü kimi qəbul etməmişdir. Bununla belə, məhkəmə iclaslarında iştirak edən cavabdeh yalnız sayğaca müdaxilə edilməsi faktını etiraf etmiş, lakin həmin müdaxilə nəticəsində hesablanmış borca münasibətdə əks mövqeyini məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçıya vurulmuş zərərin əvəzi qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanmaqla cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin qaz sayğacına müdaxilə etməklə təbii qazın talanmasında təqsirli olması etiraf edildiyindən, iddiaçı həmin faktı – hüquqazidd bir əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi, bu əməlin törədilməsi ilə bağlı cavabdehin iradə ifadəsinin zədələnmiş olması, yəni əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl nəticəsində qanunla qorunan mənafeyə zərər vurulması və bu hüquqazidd əməllə vurulmuş zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirmək vəzifəsindən azad edilmişdir.
8. Məhkəmə, akt üzrə aparılmış hesablamaya münasibətdə qeyd etmişdir ki, qazpaylayıcı tərəfindən istehlakçının yaşadığı ünvanda istehlak edilən təbii qaza görə ümumilikdə 3 ədəd qaz işlədicisinin – 1) PQ4 (dörd gözlü qaz pilitəsi), 2) radiator və 3) QSQ (qeyri-standart qızdırıcı) mövcud olduğu qeyd edilmiş və itirilmiş qazın bərpası məhz həmin qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi, orta günlük iş rejimi və hesabat müddəti kimi amillər nəzərə alınmaqla hesablanmışdır. Lakin, istehlakçı tərəfindən yaşadığı ünvanda yalnız PQ4 və radiator qismində qaz işlədicisindən istifadə edildiyi etiraf edilmiş, istehlakçı QSQ-dən istifadə etmədiyini bildirmişdir. Həmçinin, iddiaçı tərəfindən məhz QSQ-dən istifadəyə dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, dəymiş zərərin hesablanması zamanı yalnız PQ4 və radiatora münasibətdə hesablama aparılmalıdır.
9. Tərəflər arasında qazın alğı-satqısına dair bağlanmış müqavilədə də həmin qaz qurğusuna dair heç bir məlumat əks olunmamışdır. Bundan əlavə vurulmuş zərərin hesabat müddəti kimi 120 gün hesablanmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında tərtib edilmiş tələbnamə üzrə hesabat müddətinin 90 gün müəyyən edilməsi daha ağlabatan hesab edilməlidir. Odur ki, vurulmuş zərər aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə 1,2 x 6 x 90 = 648 x 0,10 = 64,8 manat, radiator tipli qaz işlədicisinə görə 0,8 x 6 x 90 = 43,2 x 0,10 = 43,2 manat, ümumilikdə 108 manat.
10. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096-1097-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-81-ci, 88-ci, 106-cı, 217-ci, “Qaz təchizatı” Azərbaycan Respublikası Qanununun 6.2ci, 11.6-cı, 13.8-13.9-cu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və “Qazdan istifadə Qaydaları”nın 4.2-4.9-cu, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli, 18 nömrəli qərarının 4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən saldo üzrə məlumatlar, hər aktlaşdırma zamanı çəkilmiş fotoşəkillər müqayisəli şəkildə araşdırılmamış, dəymiş zərər düzgün hesablanmamışdır. Belə ki, məhkəmə qətnaməsindən görünür ki, cavabdeh məhkəmə baxışı zamanı 2018-ci il tarixdə qaz sayğacına müdaxilə etdiyini etiraf etmişdir. Bundan əlavə iş materiallarında cavabdehin 2.678,20 manat borcun qəbul etməsi haqqında xx.xx.2025-ci il tarixli etiraf ərizəsi vardır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. İş materiallarında olan fotoşəkillərdən aydın görünür ki, cavabdeh tərəfindən qaz sayğacından kənar xətt qoşulub qazdan qanunsuz istifadə olunmuşdur. İş materiallarına əlavə edilmiş aktlardan məlum olur ki, cavabdeh tərəfindən yol verilmiş nöqsanlara görə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci illər ərzində dəfələrlə qaz təchizatı dayandırılmış, lakin cavabdeh buna məhəl qoymadan təbii qazdan qanunsuz istifadə etməyi davam etmişdir. Bundan əlavə, gasrep çıxarışından görünür ki,cavabdeh 2013-cü ilin yanvar ayında 50 manat, 2018-ci ilin yanvar ayında 27 manat ödəniş etməsinə baxmayaraq nədənsə 2015-ci ilin yanvar ayında 5 manat, 2016-ci ilin yanvar 6 manat və 2019-cu ilin yanvar ayında 9 manat ödənişlər həyata keçirmişdir. 2013 və 2018-ci illərə münasibətdə digər illərin yanvar ayında edilən ödənişlər müqaisəli şəkildə 10 dəfə azdır. Bu isə cavabdehin qazdan qanunsuz istifadə etməsini təsdiq edən faktlardan biridir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma özözlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Birlik məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı Azəriqaz” İstehsalat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
19. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur.
26. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə iddiaçının əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdehin istifadə və sahibliyində olan ev üzrə təbii qazdan sayğacdan kənar istifadə edilməsi əsası ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə olmaqla, ümumilikdə 4 akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli aktda həmin ünvanda yerləşən qaz sayğacına müdaxilə edildiyi (klapanının işlək olmadığı), digər 3 aktda isə təbii qazdan qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə edildiyi göstərilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilkdə (403,20 + 756 + 460,80 +1.270,08) 2.890,08 manat məbləğində maddi zərər hesablanaraq, cavabdehin abonent hesabına daxil edilmişdir. Cavabdeh tərəfindən aparılmış ödənişlər hesabına xx.xx.2018-ci il tarixli akt üzrə hesablanmış 403,20 manat zərər məbləğindən 211,85 manat hissəsi ödənilmişdir.
28. Hazırda iddiaçı həmin aktlara, tələbnamələrə, abonent məlumatlarına, habelə həmin ünvanda olarkən çəkilmiş fotoşəkillərə əsaslanaraq, ona vurulmuş maddi zərərin qalıq qalmış (2.890,08 – 211,85 = 2.678,23) 2.678,23 manat hissəsinin ödənilməsini tələb edir.
29. Cavabdeh iddianı qismən qəbul edir, yalnız 2018-ci ildə, qızının toy şənliyi ilə bağlı təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə etdiyini, bu halın bir neçə gün davam etdiyini, lakin bundan sonra sayğaca müdaxilə etmədiyini və qanunsuz qoşulma halına yol vermədiyini, təbii qazla işləyən qurğulardan evdə yalnız dörd gözlü qaz plitəsinin və iran peçinin olduğunu, kərpiç plitənin təxminən 2013-2014-cü illərdə söküldüyünü bildirir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin etiraf etdiyi dövrü əhatə edən xx.xx.2018-ci il tarixli, ******* saylı akt qaz sayğacının klapanının işlək olmaması əsası ilə tərtib edilmişdir. Həmin sayğac laboratoriya şəraitində müayinə olunmuş və müayinənin nəticələrinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda sayğacda xətaların normadan artıq olması, göstəricilər arasında fərqin mövcudluğu, sol metrologiya plomb yuvasının ətrafının zədəli olması, sayğacın klapanının işlək olmaması göstərilmişdir. Qeyd edilən akta əsasən tərtib edilmiş tələbnamə üzrə zərər məbləği 4 ay, yəni xx.xx.2018-ci il – xx.xx.2018-ci il tarixləri (iyul, avqust, sentyabr və oktyabr ayları) üzrə hesablanmışdır.
31. Birinci instansiya məhkəməsi cavabdehin etirafını və işdə olan sübutları nəzərə alıb, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli aktla əhatə olunan dövrdə təbii qazdan sayğacdan kənar istifadə edildiyi qənaətinə gəlmiş, lakin hesabat müddətinin 90 gün müəyyən edilməsini ağlabatan hesab etmiş, eyni zamanda, hər iki qurğunun (PQ 4 və radiator) orta günlük iş rejiminin 6 saat müəyyən etməklə hesablama aparıb cavabdeh tərəfindən vurulmuş zərəri (64,80 + 43,20) 108 manat məbləğində müəyyən etmişdir. Digər 3 akt üzrə isə iddiaçının tələbini əsassız hesab etmiş və 2021-2022-ci illər ərzində cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməməsi, iddiaçıya hər hansı maddi zərər vurmaması qənaətinə gəlmişdir. Halbuki, akt üzrə hesablanmış 403,20 manat zərər məbləğinin 211,85 manat hissəsi aparılmış ödənişlər hesabına artıq tutulmuşdur. Belə olan halda, yəni zərərin 108 manat məbləğində müəyyən edilməsi qarşılığında 211,85 manat pulun ödənilməsi səbəbindən iddia ümumiyyətlə rədd edilməli idi.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı” müqaviləsində cavabdeh tərəfindən istismar olunan qaz qurğuları qismində 4 gözlü qaz plitəsi (PQ-4), qızdırıcı radiator peçi və kərpiç plitə göstərilmişdir. Həmin müqavilədə cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş aktlarda isə cavabdehin ünvanı üzrə PQ-4, radiator və QSQ-dən istifadə edildiyi göstərilmişdir. Hər bir halda, cavabdehin ailəsi ilə birlikdə yaşadığı evdə suyun qızdırılması üçün istifadə edilən qurğu mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, vurulmuş zərərin məbləği aktlarda göstərilən 3 qurğu əsas götürülməklə hesablanmalıdır.
33. Məhkəmə kollegiyası cavabdehin etirafını, sayğacın müayinə aktını, abonentin saldo məlumatlarını, habelə digər sübutları nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh bir neçə gün deyil, aktda göstərilən bütün müddət ərzində təbii qazdan həmçinin sayğacdan kənar istifadə etmiş və cavabdehin bu təqsirli, qanunazidd hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur.
34. Lakin məhkəmə kollegiyası akt əsasında aparılmış hesablama ilə razılaşmır və aktın xx.xx.2018-ci il – xx.xx.2018-ci il tarixləri əhatə etdiyini nəzərə alıb, qeyd edir ki, həmin müddətin 3 ayı (iyul, avqust və sentyabr) ilin isti ayı hesab edilir və hamıya məlumdur ki, qeyd edilən müddətdə qızdırıcı qurğuların, o cümlədən radiatorun nəinki günlük iş rejiminin 18 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. Buna baxmayaraq, həmin müddət üçün radiatorun orta günlük iş rejimi 18 saat əsas götürülməklə hesablanmışdır. Oktyabr ayı isə nisbətən soyuq ay olsa da, bu ayda hər gün 18 saat ərzində radiatorun istifadə edilməsinə hər hansı ehtiyac olmur. Bu səbəbdən məhkəmə həmin qaydada aparılmış hesablamanı əsassız hesab edir və belə qənaətə gəlir ki, iyul, avqust, sentyabr və oktyabr ayları üçün PQ-4-ün və QSQ-in orta günlük iş rejimi 6 saat, oktyabr ayı üçün radiatorun orta günlük iş rejimi 8 saat götürülməlidir. Bu qaydada aparılmış hesablamaya əsasən aktda göstərilən dövr ərzində təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya (1 ədəd PQ-4 – /1,2 m3 x 6 saat x 120 gün x 0,10 manat = 86,40 manat/ + 1 ədəd QSQ - /1,5 m3 x 6 saat x 120 gün x 0,10 manat = 108 manat/ + 1 ədəd radiator - /0,8 m3 x 8 saat x 30 gün x 0,10 manat = 19,20/ = 213,60 manat) 213,60 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğin də 211,85 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda, həmin akt üzrə cavabdehin (213,60 – 211,85 = 1,75) 1,75 manat borcu yaranmış olur.
35. Məhkəmə kollegiyası işdə olan və yuxarıda göstərilə sübutları nəzərə alıb, digər 3 aktın əhatə etdiyi dövr ərzində də cavabdehin təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi qənaətinə gəlir. Lakin yenə də iddiaçı tərəfindən aparılmış hesablama ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli akt 3 ayı (xx.xx.2020-ci il – xx.xx.2021ci il), xx.xx.2021-ci il tarixli akt 3 ayı (xx.xx.2021-ci il – xx.xx.2021-ci il) və xx.xx.2022-ci il tarixli akt 3 ayı (xx.xx.2021-ci il – xx.xx.2022-ci il) əhatə edir.
36. xx.xx.2018-ci il tarixli aktdan fərqli olaraq bu aktların hər birində təbii qazla işləyən qurğuların orta günlük iş rejimi 24 saat götürülmüş, eyni zamanda, xx.xx.2022-ci il tarixli akt əsasında hesablama 4 cihaz üzrə aparılmışdır. Lakin abonent saldosunda və tərəflər arasında bağlanmış müqavilədə göstərilməyən dəmir sobanın həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi aydın deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qurğu üzrə hesablama aparılmamalıdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixli aktda təbii qazla işləyən iki qurğu göstərilmiş və QSQ qeyd edilməmişdir. Bütün bu cihazların günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. İlin isti aylarında radiatorun istifadəsinə ümumiyyətlə hər hansı ehtiyacın olmaması isə artıq qeyd edilmişdir.
37. Bununla belə, məhkəmə kollegiyası 36-cı bənddə göstərilənləri nəzərə alıb, aktların ümumilikdə əhatə etdiyi 9 ayın 1 ayının sentyabr, 1 ayının oktyabr, 2 ayının noyabr, 1 ayının dekabr, 2 ayının yanvar, 1 ayının fevral və 1 ayının mart ayı olmasını diqqət mərkəzində saxlayıb, hesab edir ki, PQ-4-ün orta günlük iş rejimi ilin fəslindən asılı olmayaraq 6 saat götürülməli, QSQ-nin orta günlük iş rejimi noyabr-fevral ayları üçün 8 saat, mart ayı üçün isə 6 saat, radiatorun orta günlük iş rejimi noyabr – fevral ayları üçün 18 saat, mart və oktyabr ayları üçün isə 8 saat götürülməlidir. Bu qaydada aparılmış hesablamaya əsasən cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində iddiaçıya vurulmuş zərər 1 ədəd PQ-4 üzrə (/1,2 m3 x 6 saat x 270 gün x 0,10 manat = 194,40 manat) 194,40 manat, 1 ədəd QSQ üzrə (/1,5 m3 x 8 saat x 150 gün x 0,10 manat = 180 manat / + /1,5 m3 x 6 saat x 30 gün x 0,10 manat = 27 manat/ = 207) 207 manat, 1 ədəd radiator üzrə (/0,8 m3 x 8 saat x 60 gün x 0,10 manat = 38,40/ + /0,8 m3 x 18 saat x 210 gün x 0,10 manat = 302,40) 340,80 manat, 3 akt üzrə ümumilikdə (194,40 + 207 + 340,80 = 742,20) 742,20 manat, 34-cü bənddə göstərilən 1,75 manatla birlikdə (742,20 + 1,75= 743,95) 743,95 manat təşkil edir.
38. Məhkəmə kollegiyası onu da vurğulayır ki, qeyd edilən məbləğ ümumilikdə 4 aktın əhatə etdiyi dövr ərzində cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində iddiaçıya vurulmuş və dəyəri ödənilməmiş (belə ki, cavabdeh tərəfindən aparılmış ödənişlər hesabına bu məbləğin 211,85 manat hissəsi artıq silinmişdir) maddi zərərin ümumi məbləğidir. Başqa sözlə, məhkəmənin qənaətinə əsasən cavabdeh qeyd edilən dövr ərzində maksimum bu həcmdə təbii qazdan istifadə edə bilərdi. Belə olan halda, cavabdeh tərəfindən həmin dövr ərzində təbii qazdan istifadə edilməsi məqsədi ilə abonent hesabına ödənilmiş (karta yüklənmiş) məbləğlər də bu ümumi məbləğə daxil olmuş olur və bu baxımdan ödənilmiş məbləğ kimi ümumi məbləğdən silinməlidir. Abonentin saldo məlumatlarına əsasən də bu məqsədlə xx.xx.2018-ci il tarixli aktın əhatə etdiyi dövrdə 47 manat, xx.xx.2021-ci il tarixli aktın əhatə etdiyi dövrdə 20 manat, xx.xx.2021-ci il tarixli aktın əhatə etdiyi dövrdə 12,35 manat, xx.xx.2022-ci il tarixli aktın əhatə etdiyi dövrdə isə 24,90 manat, ümumilikdə 104,25 manat məbləğində ödəniş edilmişdir. Bu məbləğ də müəyyən edilmiş zərər məbləğində çıxımalı və qalan (743,95-104.25=639,70) 639,70 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərər məbləği qismində müəyyən edilməlidir.
39. Məhkəmə kollegiyası iş materiallarında olan cavabdehin 2.678,20 manat məbləğində borcu qəbul etməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, cavabdehin həmin ərizə üzrə üzərinə belə bir öhdəlik götürməsi bu məbləğin ondan tutulması üçün əsas ola bilməz. Belə ki, ərizənin yazılması ilə yanaşı tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə də bağlanmışdır. Həmin müqavilədə də belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən ərizə həmin müqavilənin tərkib hissəsi kimi də qəbul edilə bilməz.
40. Cavabdehin məqsədi və iradəsi müqavilə bağlayıb, əldə edilmiş abonent kodu üzrə qanuni əsaslarla təbii qazdan istifadə etməyə yönəlmişdir. Belə olan halda, qeyd edilən məzmunda ərizənin onun tərəfindən imzalanması və bununla da hüquqi nəticə etibarı ilə reallığı əks etdirməyən zərər məbləğinin etiraf etməsi yalnız vacib əhəmiyyətli yanılmanın təsirinin nəticəsi ola bilər ki, bu da həmin ərizənin əhəmiyyətsiz olmasını (ərizənin məzmunu barədə səhv etmişdir) və hər hansı hüquqi nəticə yaratmadığını təsdiq edir. Bu ərizənin məhz həmin vaxt cavabdehə imzalatdırmaqla iddiaçı özünün əlverişli vəziyyətindən və hüquqdan sui-istifadə etmişdir. Qeyd edilənlər öz növbəsində bu ərizədə göstərilən məbləğin cavabdehdən tələb edilməsini istisna edir.
41. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini nəzərə alıb (639,70), belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan, yəni 30 manat hissəsi tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən edilməli, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 639,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin əvəzi tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
43. Məhkəmə kollegiyası vurğulayır ki, yoxlanılan hissədə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 3941/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 639,70 (altı yüz otuz doqquz manat, yetmiş qəpik) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.