Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6866/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına qarşı pul tələbinə dair 2(008)-4137/2022 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 avqust 2021-ci il tarixli qərarından görünür ki, Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı İddiaçı 3200 manat pul aldığını etiraf etmişdir.
2. Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı tərəfindən yazılmış 29 mart 2018-ci il tarixli əlyazmadan görünür ki, Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı İddiaçı 3200 manat pul aldığını, 1 həftə ərzində pulu qaytaracağını bildirmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı Bakı şəhəri Xəzər rayonunda yerləşən 149 saylı orta məktəbdə işləyərkən həmin məktəbdə müvəqqəti müəllim işləyən qızını daimi işə qəbul etdirəcəyi adı ilə 2018-ci ilin yanvar-fevral aylarında ondan 3200 manat pul almış, lakin vədinə əməl etməmiş və pulu qaytarmamışdır. Cavabdeh iddiaçıdan 3200 manat məbləğində borc alması barədə yazılı qəbz vermiş, lakin borcu qaytarmadığına görə iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər RPİ-yə müraciət etmişdir. Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı polisə verdiyi izahatında 3200 manat pulu almasını etiraf etmiş, lakin həmin pulu qızının işi ilə bağlı deyil, borc olaraq almasını bildirmiş, hətta pulun 1200 manatını polis idarəsində iddiaçıya qaytarmışdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh borcunu qaytarmadığına görə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4137/2022 saylı mülki iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızından 2000 manat pulun və 50 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. (hakim Nilufər Cəfərli)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh X2 iddiaçı qarşısında həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 529, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya 2000 manat məbləğində borcu olmamış, borc məbləği şişirdilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu və prosesin uzanmasına xidmət etdiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir.
16. İş materiallarında olan cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, iddiaçı 3200 manat məbləğində pul vəsaitini 1 həftə müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. İddiaçının bildirdiyinə görə qeyd edilən pul məbləğindən cavabdeh 1200 manat hissəsini qaytarmışdır. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək qalan 2000 manat pulun cavabdeh tərəfindən qaytarılmamasını iddia edərək həmin pul vəsitini tələb edir, cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət edilsə də, məhkəmədə iştirak etməmiş, ona verilmiş pul vəsaitinin qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (2000 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4137/2022 saylı mülki iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.