Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6868/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-nə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında inşa etdiyi binanın 108,7 m2 sahəli 101 saylı mənzilini 130 000 manata İddiaçı satmış, mənzilin hər kvadratmetrinin dəyəri 1196 manat hesablanmışdır.
2. Həmin mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışda mənzilin ümumi sahəsi 94,60 m2 göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə akt(lar)ı
3. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mənzilə görə ondan artıq alınan 16 864 manatın və 140 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmənin 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
5. Həmin qətnamədən iddiaçının nümayəndəsinin 07 iyun 2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti, Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməklə verilmədiyi əsas göstərilməklə məhkəmənin 08 iyun 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.
6. 09 iyun 2023-cü il tarixdə iddiaçının nümayəndəsi yenidən apellyasiya şikayəti vermiş, lakin bu şikayət də şikayətin formasının Mülki Prosessual Məcəlləyə “Əlavə-2”də müəyyənləşdirilmiş qayda olmadığı əsas göstərilərək 13 iyun 2023-cü il tarixli qərardadla geri qaytarılmışdır.
7. İddiaçının nümayəndəsi 21 iyun 2023-cü il tarixdə qətnamədən növbəti dəfə apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, onlar qətnamənin poçt vasitəsilə təqdim edilməsini gözləmiş, sonradan bilmişlər ki, qətnamə elektron kabinetə yerləşdirilmişdir. Bu anlaşmazlığa görə şikayət vermə müddəti buraxılmışdır.
9. Birinci instansiya məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmuşdur.
10. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, ərizədə göstərilən əsaslar, yəni qətnamənin poçt vasitəsilə iddiaçıya çatmaması, eləcə də digər hallar mülki iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçının apelyasiyaya müraciət hüququnun məhdudlaşdırılmaması naminə ərizə təmin edilməli, buraxılmış prosessual müddət bərpa edilməklə, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
11. Həmin qərardaddan cavabdehin nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
14. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
18. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
22. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
23. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyasının mövqeyi
24. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə iştirakı ilə elan olunmuş, nümayəndənin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, iddiaçının özünə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilən qətnamə xx.xx.2023-cü il tarixdə “ünvan tam deyil” qeydi yazılmaqla geri qaytarılmış, apellyasiya şikayəti ilk dəfə xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir.
25. Yuxarıda göstərildiyi kimi, həm həmin şikayət, həm də xx.xx.2023-cü il tarixdə verilmiş növbəti şikayət müvafiq formaya əməl olunmadan verildiyi əsas göstərilməklə geri qaytarılmış, iddiaçının nümayəndəsinin sonrakı şikayəti isə xx.xx.2023cü il tarixdə elektron sistemə yüklənmişdir.
26. Beləliklə, məhkəmənin qətnaməsi iddiaçının nümayəndəsinə xx.xx.2023-cü il tarixdə çatdırılmış (onun elektron kabinetinə yerləşdirilmiş), qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun hazırlanmış apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir.
27. Qeyd olunmalıdır ki, məhkəmə aktının nümayəndəyə çatdırılması (onun elektron kabinetinə yerləşdirilməsi), həmin aktdan şikayət vermə müddətinin axımının başlanması üçün əsas yaradır və ötürülən prosessual müddətin bərpa edilməsi məsələsinə qiymət verilərkən bu hal nəzərə alınmalıdır.
28. İddiaçının nümayəndəsi qətnamənin onun elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyini təsdiq etsə də, müddətin bərpa edilməli olmasına əsas kimi qətnamənin poçt vasitəsilə alacaqları günü gözlədiklərini bildirmişdir.
29. Halbuki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
30. Hazırki işin halları baxımından isə belə hallar yoxdur və iddiaçının qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün olmamaqla, bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir.
31. Üzrlülük meyarı müəyyən edilərkən şəxs(lər)in öz hüquq və qanuni mənafelərinə lazımi diqqət və ağlabatan ehtiyatlıq göstərməli olması halı da mütləq nəzərə alınmalıdır.
32. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
33. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-289/2023 saylı iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülən prosessual müddətin bərpasına dair İddiaçı nümayəndəsinin ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə