Məhkəmə qərarları › İş №2(103)-687/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-687/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-687/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 6.628,40 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,29 manat, ümumilikdə 6.714,69 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/5316 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Əliyev keçəsi, bina 15-də yerləşən 1 saylı mənzil Birlik tərəfindən təbii qaz ilə təchiz olunur. Bununla bağlı olaraq Birlik tərəfindən həmin ünvanda “G-4” markalı qaz sayğacı quraşdırılmış və ünvana **********0001 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh, qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1.101,20 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2.073,60 manat, cəmi 7.322 manat məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1.101,20 manat zərərdən 693,60 manatı ödəmişdir. Beləliklə, cavabdehin iddiaçı Birliyə ödənilməli borc məbləği hazırda 6.628,40 manat təşkil etməkdədir. Birlik borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 86,29 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh də öz növbəsində iddiaçıya Birliyə qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş və ilk iddiada qeyd edilən aktlar əsasında ona hesablanmış borcun əsassız hesab edilərək silinməsi, təbii qazdan istifadəyə görə onun tərəfindən smart karta ödənilmiş pul vəsaitindən xx.xx.2018-ci il tarixli akta görə aparılmış tutmanın qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus mənzildə təbii qazdan qanuni yolla, yəni sayğac vasitəsi ilə istifadə edilir və cavabdeh istifadə olunan qazın dəyərini smart kart vasitəsi ilə ödəyir. Bir müddət bundan əvvəl cavabdeh fikir vermişdir ki, smart kartda etdiyi ödənişlərdən pul tutulur. Bunun səbəbi barədə maraqlandıqda Birliyin əməkdaşları cavabdehə bildirmişlər ki, ona məxsus yaşayış sahəsində təbii qazdan qanunsuz, yəni sayğacdan kənar çəkilmiş qaz xətti vasitəsi ilə istifadə olunur, bununla bağlı olaraq aktlar tərtib edilmiş, aktlar əsasında hesablamalar aparılmış, əlavə sərfiyyatla bağlı borc hesablanmış və buna görə də, onun ödədiyi məbləğlərin bir hissəsi borcun ödənilməsinə yönəldilir. Bununla bağlı cavabdeh iddiaçı Birliyin əməkdaşlarına bildirmişdir ki, həmin xətt ona deyil, qonşuya aiddir. Lakin cavabdehin bilirdiklərinə əhəmiyyət verilməmiş, borc silinməmişdir. Göstərilənlərə əsasən cavabdeh xahiş edir ki, ilk iddia rədd edilsin, qarşılıqlı iddiası təmin edilsin. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın rədd edilməsini, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı Birliyə aid edilməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, Birlik tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 4.147,20 manat, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 2.073,60 manat məbləğində borcun silinməsini, Birlik tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1.101,20 manat məbləğində borcun 550,60 manat hissəsinin silinməsini, həmin akt əsasında cavabdehin ödədiyi puldan 550,60 manatın iddiaçı Birlikdən tutularaq cavabdehə qaytarılmasını, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tərtib edildiyindən və istehlakçı – cavabdeh məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında hesablanmış cərimə əsaslı deyil. Ona görə də ilk iddia həmin hissədə rədd edilməli, qarşılıqlı iddia isə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar əsasında hesablanmış borcun silinməsi hissəsində təmin edilməlidir. xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1.101,20 manat borcun tutulması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Cavabdeh sayğacdan kənar qaz xəttindən onun tərəfindən deyil, qonşu tərəfindən istifadə edildiyini bildirsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, iddiaçı Birliyin həmin akt əsasında hesabladığı borcun məbləği real deyil, şişirdilmişdir. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcminin 5.506 kub metr olduğu müəyyən edilir. 5.506 kub metrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alğı-satqısı müqaviləsinin” 3.1-ci bəndinə əsasən 0,10 manatdan hesablandıqda akt üzrə dəymiş ziyanın məbləğinin 550,60 manat olduğu müəyyən edilir. İddiaçı Birlik bildirir ki, cavabdeh həmin akt əsasında cəmi 693,60 manat məbləğində ödəniş etmişdir. Lakin Birliyin özü tərəfindən tərtib edilmiş, Rayon Məhkəməsinə təqdim edilmiş və mülki iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” da görünür ki, xx.xx.2018-ci il tarixli akt əsasında cavabdeh tərəfindən iddiaçı Birliyə 1.101,20 manat ödənilmişdir. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, borcun 550,60 manat hissəsi cavabdehə aid edilməli, qalan 550,60 manat məbləğində isə pul Birlikdən tutularaq cavabdehə qaytarılmalıdır. c) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilən hissəsində ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə qismən təmin edilən hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı rədd, qarşılıqlı iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

9. Qarşılıqlı iddianın bir qismi Rayon Məhkəməsi tərəfindən təmin edilməsə də, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) qətnamədən apellyasiya şikayəti verməmiş, qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

10. İlk iddia üzrə iddiaçı Birlik isə Rayon Məhkəməsinin qətnaməsində apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Birlik də qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, həmin hissədə qətnaməni mübahisələndirməmişdir.

11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

12. İş üzrə iddiaçı Birlik apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

13. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Birliyin əməkdaşları ona borcun təbii qazdan qanunsuz, yəni sayğacdan kənar çəkilmiş qaz xətti vasitəsi ilə istifadə olunmasına görə hesablandığını dedikdə o, Birliyin əməkdaşlarına bildirmişdir ki, həmin xətt ona deyil, qonşu Abbas Aydəmirov aiddir. Lakin Birliyin əməkdaşları buna əhəmiyyət verilməmiş, borc silməmişlər. f) işdə olan sənədlər barədə məlumat

14. İddiaçı olan Birlik ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/5316 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə” müqavilədən və işdə olan digər sənədlərdən görünür ki, cavabdehə məxsus olan və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur. Bununla bağlı olaraq Birlik tərəfindən həmin ünvanda “G-4” markalı qaz sayğacı quraşdırılmış və ünvana **********0001 nömrəli abonent kodu verilmişdir. Müqavilənin şərtlərinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Birliyə dəymiş zərərin əvəzini ödəmək istehlakçının (hazırkı halda cavabdehin) vəzifəsidir (maddə 2.3.4.). Qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) kub metr üçün 0,10 manat müəyyən edilmişdir. Qazın qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istahlakçı tərəfindən bank, internet, poçt və ya ödəmə terminalları vasitəsilə tam ödənilməlidir (maddələr 3.1. və 3.4.).

15. Birliyin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

16. Birliyin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” ******* saylı tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli aktda qeyd edilən fakt üzrə itirilmiş təbii qazın həcmi 5.506 kub metr təşkil edir.

17. Birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

18. Birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” ******* saylı tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli aktda qeyd edilən fakt üzrə itirilmiş təbii qazın həcmi 34.506 kub metr təşkil edir.

19. Birliyin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

20. Birliyin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” ******* saylı tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli aktda qeyd edilən fakt üzrə itirilmiş təbii qazın həcmi 17.280 kub metr təşkil edir.

21. Birlik tərəfindən cavabdehin adına tərtib edilmiş “Abonent saldosundan” (abonent kodu: 1**********0001) görünür ki, Birlik tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli akt əsasında 1.101.20 manat, xx.xx.2023-cü il tarixli akt əsasında 4.147,20 manat, xx.xx.2024-cü il tarixli akt əsasında 2.073,60 manat borc hesablanmışdır. xx.xx.2018-ci il tarixli akt əsasında cavabdeh tərəfindən iddiaçı Birliyə 1.101.20 manat ödənilmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

22. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, iddiaçı Birliyə dəymiş maddi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

23. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

24. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

25. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-8-1-ci maddəsinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

27. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* saylı aktlar xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tərtib edildiyindən iddiaçı Birlik yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – cavabdehin) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetirməli və cavabdehdən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin iddiaçı Birlik cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini, yəni təbii qazın talanmasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğdə zərərin ödənilməsini cavabdehdən tələb etdiyi üçün qarşılıqlı iddia həmin aktlar əsasında yazılmış cərimənin silinməsi hissəsində əsaslıdır.

29. Məhkəmə ilk iddianın xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1.101,20 manat borcun tutulması hissəsinə münasibət bildirir ki, cavabdehin sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etdiyi və iddiaçı Birliyə ziyan vurduğu iş materiallarına əsasən müəyyən edilir. Cavabdeh sayğacdan kənar qaz xəttindən onun tərəfindən deyil, qonşu tərəfindən istifadə edildiyini bildirsə də bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı Birlik həmin akt əsasında sayğacdan kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

30. Lakin həmin akt əsasında hesablanmış borcun məbləği tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun hesablanmamışdır. Belə ki, xx.xx.2018ci il tarixli aktda itirilmiş qazın həcminin 5.506 kub metr olduğu müəyyən edilir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən təbii qazın hər 1 kub metrin qiyməti 0,10 qəpikdir. Belə olan halda müəyyən edilir ki, qeyd edilən akt əsasında hesablanmalı olan borcun məbləği 1.101,20 manat deyil, (5.506 x 0,10=) 550,60 manat təşkil edir.

31. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış borcun yalnız 550,60 manat məbləğində olan hissəsini əsaslı hesab etməkdə haqlı olmuşdur.

32. Məhkəmə həmçinin qarşılıqlı iddianın xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında yazılmış borca görə tutulmaların qaytarılması hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edərək qeyd edir ki, iddiaçı Birlik ilk iddia ərizəsində cavabdehin həmin akt əsasında cəmi 693,60 manat məbləğində ödəniş etməsini bildirsə də, yuxarıda artıq qeyd edildiyi kimi, Birliyin özü tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, həmin akt əsasında cavabdeh tərəfindən iddiaçı Birliyə 1.101,20 manat ödənilmişdir.

33. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi borcun 550,60 manat hissəsi cavabdehə aid edilməsi, qalan 550,60 manat məbləğində isə pul Birlikdən tutularaq cavabdehə qaytarılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi

34. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

37. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

38. İddiaçı Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı Birlik hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

39. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar