Məhkəmə qərarları › İş №2(103)-6870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6870/2021

16.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6870/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 2 uşağın – 14.01.2004-cü il təvəllüdlü X6 və 02.06.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-2841/2016 №-li iş üzrə qəbul etdiyi 20.04.2016-cı il tarixli qətnaməyə əsasən tutulan alimentin miqdarı (hər ay hər uşaq üçün 70 manat) artırılaraq hər ay hər uşaq üçün 175 manat müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı artırılsın, 3 uşağın - 14.01.2004-cü il təvəllüdlü X6, 02.06.2010-cu il təvəllüdlü X3 və 05.06.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat aliment tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2016-cı ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün tələb olan xərcin məbləği də böyüyür. Lakin qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, 1-ci, iddiaçı 2 uşağa görə alimentin miqdarının artırılmasını tələb etsə də, qətnamənin nəticə hissəsində 3 uşağa görə alimentin miqdarının artırlması qət olunub. 2-ci, cavabdeh iddiaçıdan ayrılıqdan sonra 17.04.2017-ci il tarixdə başqa qadınla – X2 ilə nikah bağlayıb, həmin nikahdan 1 uşağı – 29.04.2017-ci il təvəllüdülü X5 doğulub. Cavabdeh ikinci nikah üzrə arvadının və uşağının da maddi ehtiyaclarını ödəyir. Ona görə də alimentin miqdarı artırılarkən bu hal nəzərə alınmalı, alimentin miqdarı iddiaçının tələb etdiyi kimi hər uşağa görə 175 manat deyil, hər uşağa görə 125 manat, cəmi 250 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 2(075)-2841/2016 №-li iş üzrə qəbul etdiyi 20.04.2016-cı il tarixli qətnaməyə əsasən X6 və X3 üçün tutulan alimentin miqdarı artırılısın. 14.01.2004-cü il təvəllüdlü X6 və 02.06.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar