Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6870/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, tərəflərin iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh yetkinlik yaşına çatmamış iki - xx.xx.2005-ci il təvəllüdlü İbrahim və xx.xx.2006-cı il təvəllüdlü Leyla adlı uşaqları var. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1930/18 №-li, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutulmuşdur.
2. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X1 üçün yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulmuşdur.
3. Cavabdeh xx.xx.2015-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan da xx.xx.2016-cı il təvəllüdlü bir uşağı vardır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1930/18 №-li, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər üşağa görə 193 manat müəyyən olunmasını, eləcə də mediasiya xidməti üçün ödənilən 51 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 154 manat aliment uşaqların yaşının artması səbəbindən kifayət etmir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4043/2022 saylı, 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin olunmuş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2- 1930/18 №-li, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşaq üçün 170 manat müəyyən edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 81.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 170 manat uşaqların təminatı üçün kifayət deyil. Məhkəmə cavabdehin maddi vəziyyəti ilə bağlı araşdırma aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
14. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər,
15. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu
17. 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız iddianın rədd olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin başqa nikahdan olan uşağına da aliment ödəməsi, hazırda nikahda olması və həmin nikahdan bir uşağının da olması, rəsmi iş yerinin olmaması səbəbindən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulması barədə nəticəyə gəlmişdir. Kollegiya uşaqların mənafeyini, məhkəmə aktının gələcəkdə icrasının mümkünlüyünü nəzərə alıb alimentin 170 manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir.
22. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.