Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6872/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Üzeyir K.Səfərlinin iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 15.12.2014-cü il tarixli, 1593/014 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 2.850,70 manat, faiz borcu kimi 2.790,57 manat, cərimə borcu 3.074.37 manat, müqavilə müddəti bitdiyi tarixdən 06.08.2020-ci il tarixə kimi öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcu kimi 380,40 manat, cəmi 9.096,04 manat məbləğində pul cavabdehlərdən – borcalan Cavabdeh1 və zamin Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 2.850,70 manat, müqavilə müddətinin bitmə tarixinə faiz borcu kimi 2.790,57 manat, cərimə borcu 200 manat, müqavilə müddəti bitdiyi tarixdən 06.08.2020-ci il tarixə kimi öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcu kimi 380,40 manat, cəmi 6.221,67 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh2 aid olan hissədə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Üzeyir K.Səfərli apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş sübutlardan müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcalanın bankın qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş əsas, faiz və cərimə borcu vardır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448, 472 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi əsas, faiz və cərimə borcu kimi həmin məbləğdə pulun borcalan və zamindən tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcu kimi 380,40 manat tutulması barədə tələb əsassızdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır. Gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi üçün 445.7-ci maddədə belə şərt müəyyən olunub: əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməyə borcludur. Hazırkı işdə kreditor eyni dövr üçün digər əsaslardan çıxış edərək daha böyük məbləğ – müqaviləyə əsasən hesablanmış cərimə tələb edib. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab edərək azaltsa da, o, iddia ərizəsində “tələb olunan daha böyük məbləğ” hesab olunur. Ona görə də iddiaçı eyni dövr üçün 445.7-ci maddəyə əsasən hesablanmış dəbbə pulu tələb edə bilməz. Qətnamə tam ləğv edilməli, yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi 23.05.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraatı dayandırıb, daha sonra iş üzrə icraatı təzələyib. İcraatı təzələdikdən sonra cavabdehləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədədn işə baxaraq qətnamə qəbul edib. Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə belə halda şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Əsas borc kimi 2.850,70 manat, müqavilə müddəti üçün faiz borcu kimi 2.790,57 manat, cərimə kimi 200 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 5.871,27 (beş min səkkiş yüz yetmiş bir tam yüzdə iyirmi yeddi) manat X1 və Cavabdeh2 müştərək qaydada alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə verilsin. İddianın qalan hissəsi rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6872/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6872/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver