Məhkəmə qərarları › İş №2(103)-6874/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6874/2022

01.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6874/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, istifadə hüququnun itirilmiş hesab olunması, yaşayış sahəsindən çıxarılma, gözlənilən hüquq, qanunun anologiyası, ər-arvadın əmlakının qanuni rejimi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 prosessual hüquq varisi X4, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X6 küçəsi ev 6 ünvanında yerləşən 3 saylı mənzil Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 03 iyul 1996-cı il tarixli MH seriyalı 035521 saylı qeydiyyat vəsiqəsinə əsasən X2 adına qeydiyyata alınmışdır.

2. X7 24 iyul 2013-cü il tarixdə vəfat etmiş, mənzil vərəsəlik qaydasında 19 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras qoyanın əri İddiaçı1 (bundan sonra - birinci iddiaçı), qızı İddiaçı2 (bundan sonra - ikinci iddiaçı) və oğlu X1, sonuncu, 19 sentyabr 2015-ci il tarixli müqaviləyə əsasən miras əmlakdakı payını atası olan birinci iddiaçıya bağışlamış, mənzil 28 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə (5/6 hissə İddiaçı1, 1/6 hissə İddiaçı2) iddiaçıların adına qeydiyyata alınmışdır.

3. Cavabdeh (bundan sonra – cavabdeh) 26 sentyabr 2007-ci il tarixdə X9 ilə nikaha daxil olmaqla sözügedən mənzilə gəlin köçmüş, nikahlarından 02 yanvar 2008-ci il tarixdə Nihad adını verdikləri uşaqları doğulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın Cavabdeh yanında qalması qət edilmişdir.

4. İddiaçılar, eləcə də X9 və xx.xx.2008-ci il təvəllüdlü Nihad Babayev Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X6 küçəsi ev 6 ünvanında yerləşən 3 saylı mənzildə, Cavabdeh ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar.

5. Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X6 küçəsi ev 6 ünvanında yerləşən 3 saylı mənzil iki mərtəbədən ibarət olmaqla, ikinci mərtəbədə yerləşən tikili (bundan sonra - mübahisəli tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh və azyaşlı oğlu hazırda ikinci mərtəbədə yaşayırlar, ikinci mərtəbədəki yaşayış sahəsinin ayrıca pilləkənlə giriş-çıxışı vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehin və azyaşlı oğlunun ünvan 4 ünvanından, o cümlədən mənzilin 2-ci mərtəbəsindən çıxarılmaları, X5 həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

7. İddia tələbləri belə əsaslandırılmışdır ki, iddiaçılar sözügedən mənzilin tam hüquqlu mülkiyyətçiləri, cavabdeh isə birinci iddiaçının keçmiş gəlinidir. Cavabdeh birinci iddiaçının oğlu ilə ailə qurduqdan sonra bir müddət müvəqqəti onların evdə yaşamasına icazə vermişlər, sonradan mənzili tərk etmə tələblərinə əsasən sadəcə birinci iddiaçının oğlu getmiş, cavabdeh və azyaşlı oğlu isə mənzildə qalmaqda davam etmişlər. Lakin cavabdeh daim evdə söz-söhbət yaratmağı, hamını gərginlikdə saxlamağı xoşladığından onunla yaşayaraq, qanuni mülkiyyətlərində olan mənzili bölüşmək istəmirlər. Həmçinin, cavabdeh özü məhkəməyə müraciət edərək birinci iddiaçının oğlu ilə nikahlarının pozulmasını istəmişdir. Belə olan halda, cavabdeh onların ailə üzvü deyildir və onların evdə yaşamasını istəmirlər. Məhz bu səbəblə cavabdehin mənzilə qeydiyyata düşməsinə razılıq verməmişlər.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində, iddiaçıların mülkiyyətində olan mənzilin ikinci mərtəbəsinin mövcud olduğu, həmin mənzilə dair hər hansı texniki pasport aşkar edilmədiyindən, sözügedən yaşayış sahəsinin texniki pasportda öz əksini tapıb-tapmamasını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.

9. Məhkəmənin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mənzilin 2-ci mərtəbəsi cavabdeh həmin evə gəlin köçənə qədər iddiaçılar tərəfindən öz vəsaitləri hesabına artıq inşa edilmiş və tikilmişdir. İşin bu halı mübahisəsizdir və bir daha təsdiq edir ki, həmin yaşayış sahəsi iddiaçıların şəxsi əmlakıdır və onlar həmin yaşayış sahəsinin sahibidirlər. Hazırda onların qanuni gözləntiyə malik olduqları hüquq gələcəkdə həmin yaşayış sahəsinin mülkiyyətçisi olmalarını istisna etmir. Belə ki, iddiaçıların mülkiyyətçisi olduqları yaşayış sahəsinin ikinci mərtəbəsi hal-hazırda özbaşına tikili statusunda olsa da, iddiaçıların mülkiyyətində olan mənzilin (yaşayış sahəsinin) ayrılmaz tərkib hissəsidir.

11. Məhkəmə vurğulamışdır ki, 02 yanvar 2008-ci il təvəllüdlü X10 birinci iddiaçının nəvəsi olsa da, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli mənzildə yaşamaq və ondan istifadə etmək səlahiyyəti ola bilməz. Çünki onun bu istəyi ən azından babası olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirilir. Mübahisəli evə faktiki sahiblik edən və mülkiyyət hüququnun yaranmasına gözləntisi olan iddiaçını isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmamış uşağın yaşayış yeri onun valideyinlərinin yaşayış yeri ilə müəyyən edilməlidir. 02 yanvar 2008-ci il təvəllüdlü X5 yaşayış yeri isə məhkəmə qətnaməsinə əsasən anasının yanında müəyyən edilmişdir.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1-ci, 152.5-ci, 157.4-cü, 157.8-ci, 164.1-ci, 164.2-ci və 178.1-ci maddələrinə, eləcə də Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, 26 sentyabr 2007-ci il tarixdə iddiaçılara məxsus mənzilə gəlin köçmüş, həmin vaxt köçdüyü mənzilin üstündə 1-ci mərtəbədən təcrid olunmuş, ayrıca pilləkənlə giriş-çıxışı olan özbaşına inşa edilmiş yarımçıq tikili olmuş, valideynlərinin maddi köməyi ilə əri ilə birgə həmin yarımçıq tikilini tamamlamış və 2-ci mərtəbədə yerləşən sözügedən özbaşına tikiliyə köçmüşlər. Evin içərisini əri ilə birlikdə təmir etdirmiş, evin istilik sistemini və kondisioneri birgə qazancları hesabına quraşdırmış, mətbəx mebeli isə anası və qardaşları tərəfindən yığılmışdır. 14 ildir ki, həmin mənzildə yaşayırlar. İşə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını pozaraq iddiaçıların onların yaşadıqları özbaşına tikiliyə mülkiyyət hüquqları, eyni zamanda iddia qaldırmağa subyektiv hüquqları belə olmadığı halda, iddianı təmin etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyi də əsaslı olmamış, ekspert qarşısında qoyulan suallar tam cavablandırılmamış, həmin mənzillə bağlı hüquqi sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh 2007-ci ildə birinci iddiaçının oğlu ilə rəsmi nikaha daxil olub mübahisəli mənzilə köçdüyündən, həmin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməlidir. Həmin dövrdə mənzilin mülkiyyətçisi cavabdehin qaynanası X7 olmuş, cavabdeh mülki qanunvericiliyə əsasən mülkiyyətçinin ailə üzvü olmamış, habelə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla notarial qaydada təsdiq olunmuş razılaşma bağlanmamışdır.

16. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, mənzilin birinci mərtəbəsinin üstündə inşa edilmiş ikinci mərtəbə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçıların həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları var və Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1-ci və 228.2-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

19. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır.

19.1. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayarkən eyni vaxtda Mülki Məcəllənin həm mülkiyyət hüququn müdafiəsi ilə bağlı 157.4-cü, həm də sahibliyin müdafiəsi ilə bağlı 164.1-ci maddələrinə, həmçinin Avropa Məhkəməsinin gözlənilən mülkiyyət hüququ ilə bağlı presedent hüququna istinad etmişdir. 19.2. Mükiyyətin müdafiəsi ilə bağlı normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Tələbin qanuni əsası kimi bu normaya söykənən iddianın təmin olunması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar, göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. 19.3. Birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma apararkən qeyd etmişdir ki, iddiaçıların mülkiyyətçisi olduqları mənzilin ikinci mərtəbəsi hal-hazırda özbaşına tikili statusunda olsa da, onların mülkiyyətində olan mənzilin (yaşayış sahəsinin) ayrılmaz tərkib hissəsi olmaqla, iddiaçıların həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları vardır və Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. 19.4. Göründüyü kimi, mübahisəli tikiliyə dair hüquqi vəziyyət belədir ki, həmin tikili özbaşına olmaqla iddiaçılar onun mülkiyyətçisi deyillər, eyni zamanda Kollegiyanın qənaətinə görə, iddiaçıların həmin tikili üzərində mülkiyyət hüququna gözləntilərinin qanuni və əsaslı sayıla bilməsi üçün zəruri şərtlər də məhkəmələr tərəfindən müəyyən edilməmiş, bu istiqamətdə heç bir araşdırma aparılmamış, eyni zamanda tərəflər arasında bununla bağlı mübahisə olmasına baxmayaraq həmin tikilinin cavabdehin gəlin köçməsinə qədər iddiaçılar tərəfindən onların vəsaiti hesabına tikilməsinin mübahisəsiz olduğunu qeyd edilməklə bununla bağlı heç bir sübuta istinad etməmiş və işdə olan sübutlara və dəlillərə hüquqi qiymət verməmişlər. 19.5. Belə olan halda, əksi müəyyən olunanadək mülkiyyətçi olmayan şəxs MM-in 157.4-cü maddəsinə istinad edərək maneçiliyə son qoyulması barədə iddia qaldıra, məhkəmə isə həmin normaya əsaslanmaqla tələbi təmin edə bilməz. Odur ki, məhkəmələr hazırkı iş üzrə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişlər. 19.6. Kollegiya iddia tələbinin digər qanuni əsaslarını nəzərdən keçirərək onu da qeyd edir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 19.7. Nəzərə alınmalıdır ki, bu normalarda məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisə predmeti olan tikiliyə iddiaçıların hər hansı məhdud əşya hüququna malik olması işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, MM-in 157.8-ci maddəsi ilə iddianın təmin edilməsi mümkün deyil. 19.8. Bununla yanaşı kollegiya qeyd edir ki, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair Mülki Məcəllənin 164.1 və 165.1-ci maddələrinin yoxlanıla bilməsi üçün iddiaçıların əşyaya sahiblik etmələri faktı müəyyən edilməlidir. Lakin məhkəmələr tərəfindən iddiaçıların mübahisəli tikiliyə sahiblik etmələri faktı da müəyyən edilməmişdir, əksinə işin mübahisəsiz hallarından görünür ki, hazırda həmin tikilidə cavabdeh və azyaşlı oğlu yaşamaqla sahiblik edirlər. 19.9. Həmçinin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi mübahisəli tikilinin cavabdeh gəlin köçənə qədər iddiaçılar tərəfindən onların vəsaiti hesabına tikilməsinin mübahisəsiz olduğunu bildirsə də, cavabdeh apellyasiya şikayətində mübahisəli mənzilin ikinci mərtəbəsində yerləşən tikilinin birinci iddiaçının oğlu ilə birgə nikah dövrlərində ümumi gəlirləri hesabına tamamlandığını, yaşayış sahəsi kimi istifadə üçün lazımi avadanlıqlarla təchiz edildiyini, buna görə də iddiaçıların həmin sahəyə dair heç bir hüquqları yaranmadığından hazırkı iddianı irəli sürə bilmək üçün subyektiv hüquqlarının olmadığına istinad etmişdir. 19.10.Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. 19.11. Halbuki, mübahisə predmeti olan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi mövcuddur və şikayətin dəlilləri yoxlanılmaqla onun (ər-arvad) birgə nikah dövründə tikilməsinin və ya dəyərini əhəmiyyətli dərəcədə artıracaq yaxşılaşdırmalar edilməsinin müəyyən edildiyi və hazırkı vəziyyətdə qarşı tərəfin həmin sahəyə qanunla qorunan hüquqlarının olmadığı halda onun sözügedən sahədən çıxarılması əsaslı sayıla bilməzdi. 19.12.Belə ki, bu halda, mübahisənin həllinə qanunun analogiyası üzrə mülki və ailə qanunvericiliyinin ər-arvadın əmlak rejiminə dair normaları tətbiq olunmalı və nəzərə alınmalıdır ki, bu istiqamətdə qanuni prezumpsiya birgə nikah dövründə tikilmiş mübahisəli evin ər-arvadın ümumi birgə mülkiyyəti olması yönündədir. Əksi iddia olunduqda isə, bunu sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. 19.13.Lakin işə baxmış məhkəmələr qeyd olunanları nəzərə almadan, sadalanan maddi hüquq normalarının mübahisəyə tətbiqi mümkünlüyü ilə bağlı hüquqi dəyərləndirmə aparmadan iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar

20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.

21. Təkrar apellyasiya baxışı zamanı İddiaçı1 xx.xx.2022-ci il tarixdə vəfat etdiyi müəyyən olunmuş, onun oğlu olan Rafael Babayev prosessual hüquq varisi kimi işə cəlb edilmişdir (ölmüş iddiaçı onun hüquq varisi ilə əvəz edilmişdir).

22. Məhkəmə iclasında iştirak edən Rafael Babayev atası tərəfindən irəli sürülən iddia tələbini müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, Cavabdeh onunla ailə qurduqdan sonra Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X6 küçəsi ev 6 ünvanında yerləşən 3 saylı mənzilin ikinci mərtəbəsindəki yaşayış sahəsinə gəlin köçmüş, ikinci mərtəbədə onlar, birinci mərtəbədə isə mərhum ata-anası yaşamışlar. İkinci mərtəbədəki tikili həmin dövrdə hazır vəziyyətdə olmuş, bununla belə nikahları dövründə onun taxta qapı-pəncərələrini plastik qapı-pəncərələrlə əvəz etmiş, oraya kombi istilik sistemi çəkdirmiş, kondisioner almışlar. Dəqiq xatırlamır, amma ola bilsin ki, evin divar kağızları da dəyişdirilmişdir. Həmin yaşayış sahəsinin ayrıca pilləkənlə ayrı girişçıxışı var və hazırda orada keçmiş həyat yoldaşı övladı ilə birlikdə yaşayır. Atasının vəfatından sonra evin birinci mərtəbəsində yaşayan yoxdur. Hesab edir ki, ailə münasibətləri qalmadığından Cavabdeh həmin evdə yaşaması düzgün deyil və məhkəmə qanuni qərar qəbul etmişdir.

23. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

28. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

33. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

34. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

35. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

37. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

40. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

41. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

42. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

43. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

44. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

45. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

46. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

“X12 haqqında” Azərbaycan Respublikasının Qanunu

47. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.

50. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

57. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

58. İşin tərəflərin bilavasitə özlərinin bildirdikləri ilə müəyyən olunan halları ondan ibarətdir ki, Cavabdeh 2007-ci ildə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X6 küçəsi ev 6 ünvanında yerləşən və həmin dövrdə qayınanasının mülkiyyətində olmuş 3 saylı mənzilin ikinci mərtəbəsindəki tikiliyə gəlin köçmüş, həyat yoldaşı Rafael Babayevlə birlikdə birinci mərtəbədən təcrid vəziyyətdə olan (ayrıca giriş-çıxışı olan) həmin tikilidə yaşamış, hazırkı dövrə qədər də orada yaşamaqdadır.

59. Sözügedən tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı (iddiaçıların mülkiyyətində olan evin texniki pasportunda əks edilmədiyi) da işin mübahisələndirilməyən halıdır.

60. Beləliklə, iddiaçıların tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən yaşayış sahəsi ilə bağlıdır və onlar, özlərinə məxsus olduğunu irəli sürdükləri həmin tikiliyə gəlin köçərək hazırda da orada yaşayan cavabdehin oradan çıxarılmasını istəməkdədirlər.

61. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi (§ 26) göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. İnsanı yaşadığı mənzildən məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

62. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, mükiyyətin müdafiəsi ilə bağlı normaya söykənən iddianın təmin olunması üçün, iddianı irəli sürən şəxs əşyanın mülkiyyətçisi olmalı, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.

63. Mübahisəli tikilinin iddiaçıların mülkiyyətində olmadığı işin mübahisələndirilməyən halıdır.

64. Həmin tikiliyə iddiaçıların hər hansı məhdud əşya hüququna malik olmaları da müəyyən edilməmişdir.

65. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

66. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçıların, onların mülkiyyətindəki evdən təcrid vəziyyətdə olan tikilidə yaşayan cavabdehin, eləcə də onun azyaşlı uşağının oradan çıxarılmasını tələb etməyə subyektiv hüquqları mövcud deyildir.

67. Kollegiya həmçinin qeyd edir ki, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 36,37) tətbiq edilməsi üçün iddiaçıların əşyaya sahiblik etmələri faktı müəyyən edilməlidir. İşin mübahisələndirilməyən halına görə isə, iddiaçılar mübahisəli tikiliyə sahiblik etməmiş, 2007-ci ildən etibarən tikilidə cavabdeh və azyaşlı oğlu yaşamaqla, hazırda da ona sahiblik edirlər.

68. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

69. Hazırkı işdə müəyyən olunan odur ki, mübahisəli tikili Cavabdeh oraya gəlin köçməsinədək inşa edilmiş olsa da, cavabdeh orada yaşadığı müddətdə onun və həyat yoldaşı Rafael Babayevin səyi (zəhməti) ilə tikilidə cari təmir işləri (qapı-pəncərənin dəyişdirilməsi, divar kağızının yenilənməsi və s.) həyata keçirilmiş, tikilinin dəyərinin artırılmasına xidmət edən müxtəlif yaxşılaşdırma işləri (kombi istilik sisteminin çəkilməsi) görülmüş, məişət əşyaları (kondisioner və s.) alınmış, tikili yaşayış üçün daha yararlı vəziyyətə gətirilmişdir.

70. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçıların iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

71. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-787/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbləri təmin edilməsin. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat X3 və İddiaçı2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar