Məhkəmə qərarları › İş №2(103)-6875/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6875/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6875/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)-459/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əsas kredit və faiz borcunun tutulması tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1.198,27 manat məbləğində əsas, 129,75 manat faiz borcunun, cəmi 1.328,02 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 14.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə 1.850 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)-459/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1.198,27 manat əsas, 129,75 manat faiz borcu olmaqla, ümumilikdə 1.328,02 (min üç yüz iyirmi səkkiz manat, iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)- 459/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, əsas və faiz borcunun azaldılması və məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, o, məhkəmə iclasında ifadə verərək 1-ci qrup gözdən əlliliyini və ağır maddi vəziyyətini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etsədə məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən işə ədalətli baxmamışdır. Nəzərə alınmalıdır ki, müqavilə 14.11.2014-cü il tarixdə 60 ay müddətinə bağlanmışdır və müqavilənin müddəti 14.11.2019-cu ildə bitmişdir. Məhkəmə ödənilən məbləğləri nəzərə almamış, əsas və faiz borcunun hesablanması hissəsində səhvə yol vermiş, işə bu hallara lazımi hüquqi qiymət verməmiş, bu məsələni ümümiyyətlə araşdırmamış, mühasibatlıq ekspertizası təyin edilməmişdir. İş üzrə borcun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək ücün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-cı maddələrinin tələblərinə müvafiq qaydada tərəflərin təqdim etdikləri sübutları araşdırmamış, həmin sübutlara, eləcə də tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)-459/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, əsas və faiz borcunun azaldılması və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)-459/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, əsas və faiz borcunun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)-459/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, müqaviləyə əsasən iddiaçı "xxxx" KB ASC öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 445, 739.1 və 741-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" KB АSC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 7214tkNAR/14 saylı, 14 noyabr 2014-cü il tarixli krеdit xətti və bank hesabı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 30 % olmaqla 1.850 manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, 02 iyul 2020-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında 7214tkNAR/14 saylı, 14 noyabr 2014-cü il tarixli krеdit müqaviləsinin 1.1-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 60 ay müddətinə illik 30 % ödəməyi öhdəsinə görürür. İş materiallarında olan, İddiaçı tərəfindən verilmiş BANK/PİKMD/904940 saylı, 17 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 1.198,27 manat əsas borcu, 129,75 manat faiz borcu, cəmi 1.328,02 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göründüyü kimi "xxxx" KB ASC tərəfindən Cavabdeh verilmiş kredit məbləğlərinə görə 7214tkNAR/14 saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - əsas kredit məbləğ üzrə 1.198,27 manat, faiz məbləği üzrə 129,75 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 7214tkNAR/14 saylı, 14 noyabr 2014-cü il tarixli krеdit müqaviləsini əsas götürməklə, Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl оlunmaması qənaətinə gəlməkdə haqlı оlmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas dəlili olan "xxxx" KB ASC tərəfindən əsas və faiz borcun məbləğinin artıq hesablanması və birinci instansiya məhkəməsi tərəfindən isə bu halın nəzərə alınmaması, bununla bağlı məhkəməmühasibatlıq ekspertizasının barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan, 7214tkNAR/14 saylı, 14 noyabr 2014-cü il tarixli krеdit xətti və bank hesabı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank kredit məbləğini Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 30 % olmaqla vermişdir. Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən ödənilən məbləğlərin nəzərə almamasını, əsas və faiz borcunun hesablanması hissəsində səhvə yol verməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə kоllegiyası hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas və faiz borcunun artıq hesablanması barədə dəlilini əsassız hesab edir. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)-459/2021 saylı, 25 fevral 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 1.328,02 (min üç yüz iyirmi səkkizmanat iki qəpik) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2(008)-459/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar