Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6879/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4097/2023 saylı iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. QSC "xxxx" KB ilə Cavabdeh arasında 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Banki (Ləğv prosesindədir) Cavabdeh qarşı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 818.64 manat məbləğində əsas borc, 43.92 manat məbləğində faiz borcu, 889.56 manat məbləğində cərimə borcu, 314.82 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2066.94 manat məbləğində pulun, 40.67 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 818.64 (səkkiz yüz on səkkiz manat, 64 qəpik) manat məbləğində əsas borc, 43.92 (qırx üç manat, 92 qəpik) manat məbləğində faiz borcu, 889.56 (səkkiz yüz səksən doqquz manat, 56 qəpik) manat məbləğində cərimə borcu, 314.82 (üç yüz on dörd manat 82 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2066.94 (iki min altmış altı manat, 94 qəpik) manat məbləğində borcu qalmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4097/2023 saylı iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir)-nın xeyrinə 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 818.64 (səkkiz yüz on səkkiz manat, altmış dörd qəpik) manat, faiz borcuna görə 43.92 (qırx üç manat, doxsan iki qəpik) manat, cərimə borcuna görə 57.30 (əlli yeddi manat, otuz qəpik) manat, 314.82 (üç yüz on dörd manat səksən iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu cəmi 1234,68 (bir min iki yüz otuz dörd manat, altmış səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40.67 (qırx manat, 67 qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7, 462, 739, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.2ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti və əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddəti tətbiq edilməklə qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənimlə bank QSC Bank Standart KB ilə 10 iyun 2013-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə mənim adıma imzalansa da, lakin pulu mənim tanışım götürmüşdür. Hazırkı mübahisəyə məhkəmədə baxılarkən mənim iştirakım təmin edilməmişdir. Bir də məhkəmə müqavilənin tarixinə, hesablanmış faiz və dəbbə pulllarının hansı tarixlər üçün istənilməsinə fikir verməmişdir. Qətnaməni əsassız hesab edirəm. Mənim Konstitusion, maddi və prosessual hüquqlarım pozulmuşdur. İş hərtərəfli araşdırılmamışdır. , Digər bir məsələ iddia müddətinin keçməsidir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırıram ki, pul tələbinə dair iddialara 3 illik iddia müddəti müəyyən edilmişdir. Hazırkı müqavilə 2013-cü ildə bağlanmışdır. Müqavilənin müddəti 2 illik müəyyən edilmişdir. Faiz pulları şişirdilmişdir. Hansı dövrlərə aiddir məhkəmə araşdırmamışdır. Müqavilə üzrə ödəniş olmadığı halda, 10 illik müqavilə üzrə buraxılmış iddia müddətinə baxmayaraq, iddianı təmin etmişdir. Ona görə də hesab edirəm hazırkı halda, iddia müddəti tətbiq edilməlidir. Bununla bağlı ərizəni mən apellyasiya şikayətimə əlavə edirəm. Məhkəmə iclasında üzürlü səbəbdən iştirakım təmin edilmədiyimdən, mən iddia müddətinin tətbiqi ilə bağlı ərizəni vaxtında məhkəməyə təqdim edə bilməmişəm.
8. Cavabdeh apellyasiya şikayətinə iddia müddətinin tətbiqi barədə ərizə əlavə edərək qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə iddianı 10 iyun 2016-cı ilə kimi məhkəməyə təqdim etməli idi. Hazırkı mülki iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də iddia müddəti tətbiq edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmənin iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. Maddə 372.1 başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
13. Maddə 373.2 müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
14. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
19. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4097/2023 saylı iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia müddəti tətbiq edilməklə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Banki (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi özündə üç halı ehtiva edir: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
25. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya işikayətinə ərizə əlavə edərək göstərmişdir ki, onun birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyi üçün, iddiaya qarşı etirazlarını və sübutlarını təqdim etmək imkanı olmamışdır. Bu əsasla da iddia tələbi rədd edilməlidir.
26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini apellyasiya icraatı zamanı təqdim etməkdə haqlıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin edilmiş olsa da ona hazırkı ərizənin təqdim edilməsi üçün şərait yaradılmamışdır. Odur ki, cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsi apellyasiya icraatında qəbul edilməli və hüquqi qiymət verməlidir.
27. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
28. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
29. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
30. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
31. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı).
32. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını müqayisəli şəkildə işin faktiki halları tətbiq edərək qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 10 iyun 2013-cü il tarixli 1xx/xx/34009/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliyin müqavilə tələbləri üzrə nəzərdə tutduğu 3 illik iddia müddətində, yəni 10 iyun 2016-cı il tarixədək məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsinə görə hazırkı iddia tələbi ilə 15 may 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
33. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
34. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin yaranma əsaslarından biri də müqavilədir. Müqavilə tərəflərin iradə ifadəsi ilə müəyyən edilən iki tərəfli əqd olmaqla bir tərəfin digər tərəf qarşıqında qarşılıqlı münasibətlərini əks etdirir. Müqavilənin icra edilməsi qaydası, icra edilməməsinə görə məsuliyyət və həmin məsuliyyətə görə kreditor və borclunun öhdəliyinin hədləri müəyyən edilir.
35. Əsas və ya əlavə öhdəliyin pozulması zamanı üç halın olması mümkündür. a) Öhdəlik ümumiyyətlə icra olunnmur və ya pis icra olunur. b) Öhdəlik borclunun təqsirinə görə pis icra olunur və ya icra olunmur. c) Öhdəlik kreditorun təqsirinə görə gec icra olunur və ya icra olunmur.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilə üzrə tərəflər götürmüş olduqları öhdəliyə görə cavabdehdirlər və müqavilə üzrə hər bir şəxs digər şəxsə zərər vurmamaqla öhdəliyi icra etməlidirlər. Əgər borclu öhdəliyin icra etmirsə və kreditor da öhdəliyin borcun öhdəliyin icra edilmədiyi vaxtdan icrası tələb etmək öhdəliyini üzərinə götürmüşsə, borclu məsuliyyət daşıyır. Əks halda isə, yəni kreditor borclu tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə borcun ödənilməsi üçün öhdəlik götürmüşdürsə, amma kreditor borcludan borcun vaxtında ödənilməsin tələb etmir, borc üzrə əlavə faizlərin yaranmasına şərait yaradırsa borclu yaranan faizlərə görə məsuliyyət daşımır. Kreditorun öhdəliyini icra etməyərək əlavə özü üçün əlverişli şərait yaradan (borca görə əlavə faizlərin hesablanmasına görə artıq qazanc) hala rəvac verməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilir ki, müqavilə üzrə öhdəliyin vaxtında tələb olunmaması, müqavilə üzrə əlavə faizlərin, cərimələrin yaranmasına rəvac verməklə müqavilə üzrə bir tərəf digər tərəfə münasibətdə əlverişsiz vəziyyətə düşməsinə şərait yaradır. Buna görə də hüquqdan suiistifadə hallarının aradan qaldırılması üçün cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi, mülki dövriyyənin sabitliyinin təmin edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır.
37. Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Həmçinin göstərilmişdir ki, pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlər – iddia müddətləri daxilində mümkündür. Bundan əlavə həmin qərarda o da qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
38. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı).
39. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
40. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
44. Məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə (həmçinin iddia tələbi) 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4097/2023 saylı iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.