Məhkəmə qərarları › İş №2(103)-688/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-688/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-688/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 12.06.2009-cu il tarixdə kredit müqaviləsi bağlandığını və ona 12 ay müddətində qaytarması şərtilə illik 28 faizlə 29 500 manat kredit verildiyini, cavabdehin müqavilə şərtlərini pozduğunu və 27 500 manat əsas, 19 477,88 manat faiz borcunun yarandığını, xəbərdarlıqlara baxmayaraq borcunu ödəmədiyini bildirmiş, həmin borc məbləğlərinin, habelə 20 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin işə iştirakı olmadan baxdığı, kredit borcunun məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı, müqavilə müddəti üçün 8260 manat nəzərdə tutulmuş faiz borcunun 19 477,88 manat hesablanmasının mümkün olmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın (ləğvedicinin) nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, qətnamə Cavabdeh tutulmalı olan əsas və faiz borclarının məbləğlərinə, həmçinin buna bağlı olaraq ümumi borc məbləğinə aid hissədə dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunan hallarına görə, bankla Cavabdeh arasında 12.06.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə qaytarması şərtilə illik 28 faizlə 29 500 manat kredit verilmiş, iddianın qaldırıldığı 13.01.2011-ci il tarixinə 27 500 manat əsas, 19 477,88 manat faiz borcunun yarandığı hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan əsas kredit və faiz borclarının məbləğlərini düzgün müəyyənləşdirməmişdir. Belə ki, cavabdehə kredit müqaviləsi əsasında 13.01.2011-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir – çünkü bankla Cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit 12.06.2010-cu il tarixinə qədər verilmiş və məhz bu dövr ərzində onun faizlər ödəməli olduğu razılaşdırılmışdır; həmin müddət ərzində isə Cavabdeh hesablanmalı olan faiz borcunun 8260 manat təşkil etdiyi apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, 12.06.2010-cu il tarixinə qədər heç bir ödəniş həyata keçirilməmiş, bu tarixdən sonra ümumilikdə 6000 manat ödənilmiş, həmin məbləğ əsas borcdan çıxılmış və Cavabdeh 23 500 manat əsas borcu qalmışdır. İşə iştirakı olmadan baxıldığı barədə cavabdehin apellyasiya şikayətinin dəlilini isə kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin göndərildiyi, bildirişlərin həmin ünvanda “Məmmədov” soyadlı şəxs tərəfindən qəbul edildiyi aydın olur; məlumatlı olduğu məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-791/2011 saylı iş üzrə 28 fevral 2011-ci il tarixli qətnaməsi “Cavabdeh 12.06.2009-cu il tarixli KM/FŞ 089 saylı kredit müqaviləsinə əsasən 27 500 manat əsas, 19 477,88 manat faiz borcu olmaqla cəmi 46 977,88 manat borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 12.06.2009-cu il tarixli KM/FŞ 089 saylı kredit müqaviləsinə əsasən 23 500 (iyirmi üç min beş yüz) manat əsas, 8260 (səkkiz min iki yüz altmış) manat faiz borcu olmaqla cəmi 31 760 (otuz bir min yeddi yüz altmış) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 100 (yüz) manatı Cavabdeh, 45 (qırx beş) manatı isə "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar