Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6880/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, iddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi yaranmış borcun ödənilməsi məqsədi ilə pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli qərardaddan iddiaçı Bank tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın nümayəndəsi Bankın adından cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 212/87685 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 805,57 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,69 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun həmin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdehlər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrə əsasən Cavabdeh1 iddiaçı Bankdan 36 ay müddətində aybaay və hissəsə qaytarmaq şərti ilə illik 24 faiz dərəcəsi 2.000 ABŞ dolları məbləğində kredit götürmüş, Cavabdeh2 isə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Borcun bir hissəsi Banka qaytarılsa da, qalan hissəsi qaytarılmamışdır. Bu səbəbdən də Bank, kredit müqaviləsi yaranmış borcun ödənilməsi məqsədi ilə “məhkəmə əmrinin qəbul edilməsi haqqında” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsi ərizəni əsaslı hesab edərək, kredit müqaviləsi yaranmış borcun borclulardan Bankın xeyrinə tutulması haqqında xx.xx.2014cü il tarixdə məhkəmə əmri vermişdir. Lakin göstərilən məhkəmə əmrində texniki yanlışlığa yol verilmiş, borclulardan bankın xeyrinə tutulmalı məbləğ ABŞ dolları ilə deyil, Azərbaycan manatı kimi göstərilmişdir. Bunu nəzərə almış Bank, “məhkəmə əmrində yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında” ərizə ilə Yasama Rayon Məhkəməsinə müraciət etmişdir, çünki Azərbaycan manatının ABŞ dollarına məzənnəsi nəzərə alındıqda cavabdehlərdən həmin qaydada tutulmalı olan məbləğ yaranmış kredit borcunun ödənilməsi üçün kifayət etməyəcək idi. Lakin Yasamal Rayon Məhkəməsi “məhkəmə əmrində yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında” ərizəni əsassız olaraq təmin etməmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 33,69 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla mülki iş üzrə icraata xitam verilməsini qərara almışdır. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bank, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun hazırkı iş üzrə cavabdehlərdən müştərək qaydada tutularaq on ödənilməsi məqsədi ilə “məhkəmə əmrinin qəbul edilməsi haqqında” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsi ərizəni təmin edərək, xx.xx.2014-cü il tarixli, 2(004)- 10410/2014 nömrəli məhkəmə əmri vermişdir ki, “Kredit müqaviləsi” üzrə yaranmış cəmi 1.698,38 manat məbləğində pul borclu Cavabdeh1 və onun həmin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilsin. Təxminən 10 ildən sonra, yəni xx.xx.2024-cü il tarixdə Bank, “məhkəmə əmrində yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında” ərizə ilə Yasama Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə ərizəni əsassız hesab edərək təmin etməmişdir. Hazırda, yəni xx.xx.2025-ci il tarixdə Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, eyni “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun eyni şəxslərdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna görə də hazırkı iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinin tələblərinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verməlidir. İddiaçı Bankın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bankın hazırkı iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş şəxslərin Bankın daha əvvəl verdiyi “məhkəmə əmrinin qəbul edilməsi haqqında” ərizədə borclu kimi qeyd edilmiş şəxslər ilə eyni olması, iddia ərizəsində göstərilən müqavilənin və kredit borcunun Bankın daha əvvəl verdiyi “məhkəmə əmrinin qəbul edilməsi haqqında” ərizədə göstərilən müqavilə və kredit borcu ilə eyni olması işin mübahisəsiz halıdır. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 284.1-ci maddəsinə görə, məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. MPM-in 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verməlidir. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi hazırkı iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Bundan başqa Məhkəmə qeyd edir ki, “məhkəmə əmrində yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında” Bankın ərizəsinin həmin məhkəmə tərəfindən təmin edilməməsi, bu kimi iddianın irəli sürülməsi üçün əsas yaratmır. Bu baxımdan da qəbul edilməlidir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardan əsaslıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı “X3 Azərbaycan” QSC-nin şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan, qərardad rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6880/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6880/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver