Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6882/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6882/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4205/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6355 manat əsas, 1318,64 manat faiz borcunun, 352,93 manat məbləğində cərimə borcunun, cəmi 8026,57 manat borc və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 12250 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4205/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddianın təmin edilməsi, Cavabdeh 6355 manat əsas bоrc, 1318,64 manat faiz borcu, 352,93 manat məbləğində cərimə, ödənilmiş 103 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8129,57 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442 və 739-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 185.5, 217.3, 217.4 və 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən, yəni qanunsuz hesablanmış faiz borcu və cərimə borcu hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən yekun məhkəmə aktı çıxarıldığı zaman cavabdehin məhkəmə iclasında iştirakını təmin edilməmişdir. İş üzrə qərar qəbul edilən zaman iddiaçı tərəfindən göstərilən sübutlarla kifayətlənərək, iş üzrə zəruri ekspertiza təyin etməmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbinin cərimə məbləği hissəsini faktiki məbləğdən tənasübsüz surətdə yüksək olmasına baxmayaraq təmin etməmişdir. Eləcə də, öhdəliyinin hissə-hissə icra edilməsinə birinci instansiya məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Bununla da, məhkəmə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməmişdir. Nəticədə isə borc düzgün hesablanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mövcud gecikmələrin səbəbi cavabdehin işsizliyi olmuşdur. Məhkəmənin keçirilməsindən xəbərdar olmamış, yalnız iş icraya yönləndirildikdən sonra məlumatlı olmuşdur. Əgər məhkəmə proseslərindən xəbərdar olsa idi, cavabdeh faiz və cərimə məbləğinə etiraz edərdi. Bankla qətnamənin hissə-hissə icrası iıə bağlı razılığa gəlmək yaxşı olardı. Faizlərin çox hesablanmasını təsdiq edəcək xüsusi dəlilləri yoxdur.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
13. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
18. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
19. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, yəni qanunsuz hesablanmış faiz və cərimə borcu hissəsində ləğv edilməsi xahiş edildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CP/93303/83/28 saylı kredit sazişinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 12250 manat məbləğində nağd pul krediti verilmişdir. İddiaçı tərəfindən cavabdehə iddiaçının müştərilərinə kreditləşmə və xidmət şərtləri təqdim olunmuş və imzalanmışdır.
28. İş materiallarında olan Müqaviləyə 01 saylı Əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
29. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçı cavabdehə 6355 manat əsas, 1318,64 manat faiz və 352,93 manat məbləğində cərimə borcunun dərhal ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
30. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 6355 manat əsas, 1318,64 manat faiz və 352,93 manat məbləğində cərimə borcu vardır.
31. Beləliklə, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan cavabdehin faizlərin düzgün hesablanmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan əsas borcdan əlavə 1318,64 manat faiz borcunu tutmaqda haqlı olmuşdur.
32. Kollegiya apellyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizasının təyin edilməməsi, eləcə də tənasübsüz qaydada yüksək hesablanan faiz pulunun azaldılması barədə dəlillərə münasibətdə isə bildirir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da aydın olduğu kimi, məhkəmə orqanlarının ekspertiza təyini və yaxud dəbbə pulu azaldılmasına dair səlahiyyətləri dispozitiv həddə müəyyən edilmişdir.
33. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən hesablanmış faiz və cərimə məbləğləri ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini də əsassız hesab edir.
35. Məhkəmə cavabdehin iddianın cərimə borcunun tutulması hissəsində rədd edilməsi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Hazırki işin hallarından da göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmiş, bununla da cərimənin tələb edilməsi üçün qanunvericiliklə müəyyən olunan əsaslar mövcud olmuşdur. Cavabdeh isə bu əsasların hazırki iş üzrə tətbiq edilməsini istisna edən hər hansı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
37. Kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə zəruri məlumat verilməsinə baxmayaraq, onun tərəfindən iclasda iştirak təmin edilməmiş, buna görə də müvafiq nəticələrə dair hər hansı məsuliyyətin məhkəməyə aid edilməsi istisna olunmuşdur.
38. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən və həmin öhdəliyin dairəsinin dəyişdirilməsinə hər hansı qanuni əsas mövcud olmadığından iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
39. Lakin qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan dəlil borcun hissəhissə ödənilməsi ilə əlaqədar olduğu təqdirdə də göstərilən tələblə icra mərhələsi çərçivəsində məhkəməyə aidiyyəti qaydasında müraciət etmək hüququ istisna edilmir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
43. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin qismən, yəni qanunsuz hesablanmış faiz və cərimə borcu hissəsində ləğv edilməsi xahiş edildiyindən və mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4205/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev