Məhkəmə qərarları › İş №2(103)-6885/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6885/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6885/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(006)-115/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı-nin xeyrinə 57262 (əlli yeddi min iki yüz altmış iki) manat 41 (qırx bir) qəpik əsas, 5830 (beş min səkkiz yüz otuz) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, 22859 (iyirmi iki min səkkiz yüz əlli doqquz) manat 48 (qırx səkkiz) qəpik cərimə olmaqla, cəmi 85952 (səksən beş min doqquz yüz əlli iki) manat 68 (altmış səkkiz) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayev, iş № 2(006)-115/17) iddia tələbi qismən təmin edilərək Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 57262 (əlli yedd min iki yüz altmış iki) manat 41 (qırx bir) qəpik əsas borc, 5515 (beş min beş yüz on beş) manat 82 (səksən iki) qəpik, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 63278 (altmış üç min iki yüz yetmiş səkkiz) manat 23 (iyirmi üç) qəpik məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, eləcə də Cavabdeh1 50 (əlli) manat məbləğində keçirilmiş ekspertiza xərcinin dövlət nəfinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən ilkin olaraq Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və İ.Vəliyev, iş № 2(103)-9631/17) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ona münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iş üzrə digər cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən birgə apelyasiya şikayəti vermişlər. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə xx.xx.2014-cü il tarixdə bağladığı 22A000025878 saylı kredit müqaviləsinə əsasən 84 (səksən dörd) ay müddətinə 62500 (altmış iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdə ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kreditdən 5237 (əlli min iki yüz otuz yeddi) manat 59 (əlli doqquz) qəpik qaytarmış və onun İddiaçı-yə 57262 ( əlli yeddi min iki yüz altmış iki ) manat 41 (qırx bir) qəpik məbləğındə kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2-4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün həmin kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu qaytarmadığı üçün xx.xx.2016-ci il tarixə 198 gün hesablanmış faiz borcu 5830 (beş min səkkiz yüz otuz) manat 79 (yetmiş doqquz) qəpik təşkil edir. Kredit razılaşmasının 4.2.3-ci bəndinin uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğinə cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixinə 198 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 22859 ( iyirmi iki min səkkizyüz əlli doqquz) manat 48 (qırx səkkiz) qəpik təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və zaminlərə münasibətdə işin icraatına xitam verilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsas borclu götürdüyü kreditin təminatı kimi Sabirabad rayonunda olan evini ipoteka ilə yüklü etmiş olsa da, Bank məhkəmədən həmin əmlaka tutma yönəldilməsini xahiş etməmiş, birbaşa zaminlərə qarşı iddia qaldırmış, borcun zaminlərdən tutulmasını tələb etmişdir. Halbuki, 62500 manat kredit işsiz zaminlərə görə deyil, ipoteka təminatı olduğuna görə verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, müqavilədə müddət göstərilməmiş, müqavilənin öhdəliklərin tam icra edilməsi vaxtına qədər qüvvədə olması qeyd edilmişdir. İddiaçı isə xx.xx.2016-cı il tarixdə, yəni müqavilə bağlandığı vaxtdan 1 il 8 ay sonra məhkəməyə müraciət etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya qaydasında ilk öncə Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, Bakı Apelyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız Cavabdeh1 münasibətdə yoxlanılmış, digər cavabdehlərə (zaminlərə) aid hissə yoxlanılmamış və xx xxxxxxx 2017-ci il tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilməmiş və beləliklə də, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə qanuni qüvvəyə minmişdir. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi digər cavabdehlər (zaminlər) Cavabdeh2, X2 və Cavabdeh4 tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız onların apelyasiya şikayətinə münasibətdə və onlara (zaminlərə) aid hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə və apelyatorlara aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona aylıq 1,3333 faiz ödəmək şərtilə 84 ay müddətinə 62500 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək cavabdehlərə qarşı hazırkı iddianı qaldırmışdır. xx xxxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı X1 57262 (əlli yeddi min iki yüz altmış iki) manat 41 (qırx bir) qəpik əsas, 5830 (beş min səkkiz yüz otuz) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, 22859 (iyirmi iki min səkkiz yüz əlli doqquz) manat 48 (qırx səkkiz) qəpik cərimə olmaqla, cəmi 85952 (səksən beş min doqquz yüz əlli iki) manat 68 (altmış səkkiz) qəpik borcu yaranmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən tələb olunan borc məbləğinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və xx xxxxx 2017-ci il tarixli 21061 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri, “kreditin statusu” vərəqəsi məlumatları və xx xxxxxxxx 2014-cü il tarixli, 22A000025878 saylı kredit müqaviləsinin şərtləri əsas götürlməklə Cavabdeh1 xx.xx.2016-cı il tarixə (iddia tarixinə) banka olan borcu 73605 manat 23 qəpik məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 57262 manat 41 qəpik, faiz borcu üzrə 5515 manat 82 qəpik, cərimə üzrə 10827 manat. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımi qaydada yerinə yetirilmədiyini müəyyən etmiş və bu səbəbdən iddia tələbini qismən əsaslı sayaraq cəmi 63278,23 manat borcun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişdir. Qətnamə hüquqi cəhətdən Mülki Məcəllənin 442, 443, 445, 448, 472-ci maddələri ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı apelyasiya baxışının predmeti olan hissədə, yəni apelyatorlara (zaminlərə) aid hissədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdehlərin apelyasiya şikayətində göstərdikləri hallar qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Apelyasiya şikayətinin əsas dəlillərindən biri kredit müqaviləsinin təminatı kimi əsas borcluya məxsus daşınmaz əmlakın ipoteka ilə yüklü olmasının nəzərə alınmaması, Bank tərəfindən həmin ipoteka predmetinə tutma yönəldilməsi barədə iddia qaldırılmaması, tələbin birbaşa zaminlərə qarşı yönəldilməsi və məhkəmənin bu hallara qiymət verməməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş materiallarında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsinin təminatı kimi əsas borclu Cavabdeh1lə ipoteka müqaviləsinin bağlanması və Cavabdeh1 məxsus daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə dair hər hansı sübut olmamışdır. Belə bir müqavilə olmuş olsaydı belə, borcun kimdən tutulmasını və hansı əmlaka yönəldilməsini müəyyən etmək və məhkəmə qaydasında tələb etmək iddiaçının (Bankın) hüququdur. Məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq yalnız verilmiş tələblər üzrə və həmin tələblərin həddində işə baxır. 218.3-cü maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur və işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. Apelyasiya şikayətinin başqa bir dəlili zaminlik müqavilələrində müddətin göstərilməməsi, müqavilədə onun öhdəliklərin tam icra edilməsi vaxtına qədər qüvvədə olmasına dair qeyd aparılması, iddiaçının isə xx.xx.2016-cı il tarixdə, yəni müqavilə bağlandığı vaxtdan 1 il 8 ay sonra məhkəməyə müraciət etməsi və bununla da zaminliyə xitam verilməsi üçün Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan əsasın yaranması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, kredit müqaviləsi 84 ay, yəni 7 il müddətinə bağlanmışdır və müqavilə müddəti bu gün də bitməmişdir. Zaminlik müqaviləsində kredit müqaviləsinin 84 ay müddətinə bağlanması xüsusi olaraq qeyd edilmiş və müqavilənin 4.1-ci bəndində zaminlik müqaviləsinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin Borclu tərəfindən tam icra edilənədək qüvvədə olması müəyyən edilmişdir. Bank məhkəmədə əsas borcluya və zaminlərə qarşı hazırkı iddianı xx.xx.2016cı il tarixdə, müqavilə müddətində qaldırmışdır və bu səbəbdən də zaminliyə xitam verilməsi üçün Mülki Məcəllənin nə 477.0.4-cü, nə də digər maddələrində nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, hazırkı iş üzrə zaminlər kreditor qarşısında borclu Cavabdeh1lə birgə məsuliyyət daşıyırlar və birinci instansiya məhkəməsi borcun onlardan müştərək qaydada tutulmasını qət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, apelyatorlar şikayətdə istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə, yəni zaminlərə münasibətdə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin qeyd olunan hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi zaminlər (cavabdehlər) Cavabdeh2, X2 və Cavabdeh4 aid hissədə və onların apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi onlara aid hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Elşən Kazımov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar