Məhkəmə qərarları › İş №2(103)-6887/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6887/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6887/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3447/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı (borcverən) ilə cavabdehin (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4713nkCNTRb/23 nömrəli kredit müqaviləsinə görə, iddiaçı cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 16 faiz olmaqla 11.000 manat kredit verib. 2.İddiaçının maliyyə arayışına görə, xx.xx.2025-ci il tarixə həmin müqavilə üzrə əsas borcun məbləği 6.149,9 manat, faiz borcunun məbləği 696,82 manat, cərimə borcunun məbləği 299,49 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, xx.xx.2025-ci il tarixə olan əsas borc kimi 6.149,9 manat, faiz borcu kimi 696,82 manat, cərimə borcu kimi 299,49 manat, cəmi 7.146,21 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,87 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Məhkəmə iclas protokolundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı bildirib ki, iddianı əsas borca aid hissədə qəbul edir, faiz və cəriməyə aid hissədə qəbul etmir, cərimə həddindən artıq çox hesablanıb, ona görə də məhkəmədən xahiş edir ki, iddiaçının cavabdehə göndərdiyi bildiriş nəzərə alınmaqla iddianı qismən təmin etsin. 5.Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 6.149,9 manat, faiz borcu kimi 425,22 manat, cərimə borcu kimi 96 manat, cəmi 6.671,12 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,87 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 7.Şikayət onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh faiz və cərimə ödənilməsi barədə tələblə razılaşmadığıni bildirib. Bundan başqa, məhkəmə cavabdehin maddi vəziyyətini nəzərə almayıb, iddiaçının tələb etdiyi məbləğin birdəfəlik tutulmasını qət edib. Cavabdehin həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur, hissə-hissə ödəniş müəyyən edilərsə hər ay müəyyən ödənişlər edə bilər. Bundan başqa, cavabdehin ödədiyi pullar üzrə əsas borcdan çıxılma düzgün olmamışdır. 8.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Qətnamə əsas borca aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh əsas borca dair tələbi qəbul edib. Cavabdeh əsas borc üzrə etdiyi ödənişlər barədə sübut təqdim etmədiyinə görə, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara və cavabdehin birinci instansiya məhkəməsindəki etirafına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəmə əsas borcun məbləğini düzgün müəyyən edib. 10.Qətnamə faiz borcuna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh faiz borcuna dair tələbi qismən - iddiaçının cavabdehə göndərdiyi bildirişdə göstərilən məbləğdə qəbul edib. İddiaçının cavabdehə göndərdiyi xx.xx.2025-ci il tarixli bildirişdə faiz borcunun məbləğinin xx.xx.2025-ci il tarixə 425,22 manat olduğu bildirilib və bu məbləğin ödənilməsi tələb olunub. Cavabdeh faiz borcu üzrə etdiyi ödənişlər barədə sübut təqdim etmədiyinə görə, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara, habelə cavabdehin birinci instansiya məhkəməsindəki etirafına əsaslanaraq hesab edir ki, faiz borcunun məbləğinin birinci instansiya məhkəməsinin müəyyən etdiyindən az müəyyən edilməsi üçün əsas yoxdur. 11.Qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh cərimə borcuna dair tələbi qismən iddiaçının cavabdehə göndərdiyi bildirişdə göstərilən məbləğdə qəbul edib. İddiaçının cavabdehə göndərdiyi xx.xx.2025-ci il tarixli bildirişdə cərimə borcunun məbləğinin xx.xx.2025ci il tarixə 96 manat olduğu bildirilib və bu məbləğin ödənilməsi tələb olunub. Cavabdeh cərimə borcu üzrə etdiyi ödənişlər barədə sübut təqdim etmədiyinə görə, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara, habelə cavabdehin birinci instansiya məhkəməsindəki etirafına əsaslanaraq hesab edir ki, cərimə borcunun məbləğinin birinci instansiya məhkəməsinin müəyyən etdiyindən az müəyyən edilməsi üçün əsas yoxdur. 12.Mühasibat ekspertizası təyin edilməsi üçün əsas yoxdur. Birinci, cavabdeh ekspertiza təyin edilməsi barədə vəsatət verməyib. İkinci, cavabdeh borcun məbləği ilə nəyə görə razılaşmadığını əsaslandırmayıb, iddiaçıya etdiyi ödənişlər barədə sübut və ya iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyini təkzib edən sübut təqdim etməyib, o cümlədən apellyasiya icraat zamanı məhkəmə iclasına gəlməyib, bunun səbəbinin üzrlü olduğunu təsdiq edən sübut təqdim etməyib. Bütün bunlar isə onu təsdiq edir ki, apellyasiya şikayətinin verilməsində cavabdehin məqsədi iş üzrə icraatın yekunlaşmasını yubatmaqdır. 13.Cavabdehin maddi vəziyyətinin borcu birdəfəyə ödəməyə imkan verməməsi qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilməz. 14.Beləlilklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddianın təmin edilməsinə aid hissədə birinci instansiya düzgün nəticəyə gəlib. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3447/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar