Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6888/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi iştirakı ilə İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT-un nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT (BOKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC (bank) və cavabdeh arasında 07.07.2006-cı il tarixdə kredit müqaviləsi bağlandığını, müqailəyə əsasən cavabdehə illik 15% olmaqla 12 ay müddətinə 101 025 ABŞ dolları məbləğində kredit verildiyini, cavabdehin bank qarşısında öhdəliklərini yerinə yetirmədiyini və 7956,02 ABŞ dolları faiz borcunun yarandığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə bağlı bankdan Cavabdeh aid sənədlərin 19 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən BOKT-a verildiyini, borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığını bildirmiş, cavabdehdən qeyd olunan pul məbləğinin, həmçinin 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC BOKT-un nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə, “xxxx” ASC ilə Cavabdeh arasında 07 iyul 2006-cı il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə görə adı çəkilən şəxsə 12 ay müddətinə, illik 15 % ödəməsi şərtilə 101 025 ABŞ dolları kredit verilmiş, 29.09.2010-cu il tarixinə qədər o, 101 025 ABŞ dolları əsas, 40 621,91 ABŞ dolları faiz ödənişi həyata keçirmiş, iddia qaldırılan tarixə onun 7956,02 ABŞ dolları faiz borcunun qaldığı hesablanmışdır. İş materiallarından həmçinin aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri, o cümlədən Cavabdeh dair sənədlər 19.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçı bankın tələbinin, tələbetmə müddətinin keçmiş olmasına görə də təmin edilməməli olması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.1-ci maddəsinə görə isə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə görə, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır; 554.1-ci maddəsinə görə, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdehlə kredit müqaviləsi 07.07.2006-cı il tarixdə 12 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icra müddəti 07.07.2007-ci il tarixdə başa çatmış, onun tərəfindən sonuncu ödəniş 29.09.2010-cu il tarixdə həyata keçirilmiş, ona qarşı iddia tələbi isə 18.11.2020-ci il tarixdə (müddətin başa çatmasından təxminən 13 il 3 ay sonra, sonuncu ödəniş tarixindən təxminən 10 il 2 ay sonra) irəli sürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1226/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6888/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6888/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver