Məhkəmə qərarları › İş №2(103)-6888/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6888/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6888/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X4 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndələri X2, X1 və X5 (vəkil) iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı, ona aid olmayan borcla bağlı, cəzaçəkmə müəssisələrinə tərəfindən paylanılmış çörəklərə görə ödənilməmiş 11.486 manat pul məbləğinin borc şəklində qaytarılmalı olduğuna dair məcburi şəkildə adından xx.xx.2021-ci il tarixdə iltizam alındığını, bundan sonra elə həmin tarixdə “Daewoo Gentra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair məcburi olaraq "xxxx" MMC-nin “Bakıxanov çörək zavodu”nda işləyən X3 adına etibarnamə verdiyini iddia etmişdir. Göstərilənlərə əsasən iddiaçı cavabdehdən 15.000 manat məbləğində pulun, 13.500 manat əldən çıxmış faydanın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 135 manat dövlət rüsumunun, 13.500 manat əldən çıxmış faydanın, əlavə iddia üçün ödənilmiş 31 manat dövlət rüsumunun, ümumilikdə 28.666 manat məbləğində pul vəsaitinin birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2 il ərzində “Bakıxanov Çörək Zavodu”nda işləmiş və cəzaçəkmə müəssisələrinə paylanmış çörəklərin pulunu yığıb təhvil verməklə məşğul olmuşdur. Onunla əmək müqaviləsi bağlanmamışdır. 2021-ci ilin mart ayında 1000 manat məbləğində pulu təsadüf nəticəsində itirmişdir. Zavod direktorunun oğlu olan və faktiki idarəçiliklə məşğul olan Cavabdeh pulu hansı şəraitdə itirməsi barədə məlumat vermiş və təklif etmişdir ki, qeyd edilən məbləğ hər ay onun maaşından tutulsun. Lakin cavabdeh onu kamerasız otağa salaraq döymüş, zorla, hədə-qorxu altında ona guya 11.486 manat borcu olması barədə iltizam yazdıraraq imza etdirmişdir. Cavabdeh ondan avtomobili neçəyə aldığını soruşduqda o, 11.500 manata aldığını bildirmişdir. Cavabdeh həmin avtomobili 11.486 manat məbləğində qiymətləndirdiyini bildirmiş və bunun əvəzi olaraq avtomobili onun tanışının adına keçirilməsinə məcbur etmişdir. Sonra isə bir neçə nəfər tanışı ilə onu Bakı şəhəri 16 saylı notariat ofisinə göndərmiş və ona məxsus “Daewoo Gentra” markalı, 50- DP-113 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehin tanışına verilməsi üçün baş etibarnaməyə imza etdirmişdir. Cavabdehin iki dostu onun başının üstündə dayanmış və hərəkət etməsinə imkan verməmişlər. Ona zor tətbiq etməklə istədiklərinə nail olaraq, avtomobil özgəninkiləşdirilmişdir. O, həmin avtomobili 11.500 manata almış və əlavə olaraq avtomobilə xərc çəkilmiş, müəyyən hissələri dəyişdirilmiş, təzə təkərlər alınmış, təmir edilmiş və avtomobilin dəyəri 15.000 manatadək yüksəlmişdir. Həmin məbləğin yarısı iddiaçının anası, yarısı isə bacısı tərəfindən ödənilmişdir. Cavabdeh ailələrinə məxsus olan avtomobili ona zor tətbiq etməklə əlindən almışdır. Bu hadisədən sonra stress keçirib, xəsətəxanaya düşmüş, bu vəziyyət onlara olduqca pis təsir göstərmiş və hələ də psixologiyasıda travma kimi qalmışdır. Cavabdeh zor tətbiq etməklə onun əmlak hüquqlarını əldə etmişdir və onu maddi ziyana məruz qoymuşdur. Bu barədə Sabunçu rayon Polis İdarəsinə şikayət etsələr də, nəticəsi olmamışdır. İddiaçı qorxu altında olduğundan və hüquqlarını bilmədiyindən həmin vaxt etibarnamənin ləğv edilməsinə təşəbbüs göstərməmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova, iş № 2(008)-356/2023) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 11.500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti və 124,5 (bir yüz iyirmi dörd manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının 11.486 manat məbləğində borcunun yaranması üçün əsas yoxdur. Odur ki, olmayan borca görə iddiaçının qanuni sahibliyində olan avtomobil onun sahiblik və istifadəsindən çıxmışdır. İddiaçının əmlakından qeyri-qanuni məhrum olmasından əldə edilmiş pul vəsaiti onun cavabdehə əslində mövcud olmayan 11.486 manat borcunun silinməsinə xidmət etmiş, bununla da sonuncu əsassız varlanmışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mübahisədə iddiaçı çörəklərin satışı nəticəsində əldə etdiyi və cəmiyyətə qaytarmadığı pullarla əsassız şəkildə varlansa da, məhkəmə iddiaçının yox, cavabdehin əsassız varlandığı qənaətinə gəlmişdir. İddiaçı cavabdehin guya onu döydüyünü və s. bildirmişdir. Belə bir hal mövcud deyildir və heç bir sübutla təsdiqlənməmişdir. Cavabdehin iddiaçını döyməsi, hər hansı sənədə qol çəkdirməsi, avtomobilin əlindən zorla alınması, hədə qorxu ilə avtomobili ələ keçirməsinə dair heç bir güc strukturuna iddiaçı tərəfindən şikayət daxil olmamışdır. İddiaçının dediyi kimi faktlar olsaydı cinayət işi başlanmış olardı. Əgər iddiaçının dediyi kimi hər-hansısa borc yoxdursa, o zaman nə üçün o, döymə faktını və s. bildirmişdir? Göründüyü kimi, iddiaçı özü də dolayı yolla etiraf edir ki, həqiqətən də borc mövcuddur, mübahisə məhz bunun üzərindən qalxmışdır. Belə olan halda həm borcu ödəmədiyi üçün, həm də çörək paylanması ilə bağlı əldə etdiyi vəsaitlə əsassız varlanan şəxs iddiaçının özündən başqası deyildir. Lakin məhkəmə bu faktı qiymətləndirməmiş, yalnız formal ifadələrə qiymət verərək əsassız qətnamə qəbul etmişdir. Avtomobilin mülkiyyətçisi Nadirov Ramil iddiaçıya avtomobil üzərində sərəncam vermək üçün etibarnamə vermişdir. Bu etibarnamə avtomobil üzərində sərəncam verməyə dair olmuşdur. Həmin etibarnamənin olması İddiaçı məhkəmədə iddiaçı qismində tanınmaq hüququ vermir. Ona görə ki, o, əsl mülkiyyətçi deyildir. Göründüyü kimi, məhkəmə şəxsə yalnız avtomobil istifadəsi üçün verilən etibarnaməyə görə onun mülkiyyətçi kimi tanınmasını təmin etmişdir. Bu hal məhkəmənin qanunsuz və qərəzli yanaşmasının nəticəsidir. Hüquq sistemində ciddi pozuntulara və hüquqi anarxiyanın yaranmasına yol aça biləcək bir pozuntudur. Bu səbəbdən həmin qətnamənin ləğv edilməsi və ədalətli və qanuni qətnamə çıxarılması zəruridir. Göründüyü kimi o, qanunvericiliklə fiziki şəxslərə verilmiş hüquqlardan sui-istifadə etmiş və əsas olmadığı halda iddiaçı kimi tanınmağa nail olmuşdur. Birinci instansiya məhkəməsi bu cür qanunsuz və əsassız qətnamə qəbul etdiyi üçün həmin qətnamə ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

11. Apelyatorun nümayəndəsi (vəkili) ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

13. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

15. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı ona qarşı tələbin təmin olunmuş hissəsində yoxlanılır. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının ona borcu olduğunu iddia edərək əsassız varlanan şəxsin özü yox, iddiaçı olduğunu göstərir. Lakin cavabdeh nəzərə almamışdır ki, hazırda mübahisənin həlli üçün önəmi olan məqam borc öhdəliyinin yaranması üçün hüquqi əsasların olub-olmamasıdır.

22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Sabunçu RPİ-nin 13-cü PB-nə hazırki mübahisə ilə bağlı müraciət etmişdir. Həmin müraciət ilə əlaqədər toplanılan (həmçinin İddiaçı müraciəti ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda toplanmış) materiallardan müəyyən edilir ki, "xxxx" MMC-nin (“Bakıxanov çörək zavodu”nun) aidiyyəti əməkdaşları, o cümlədən cavabdeh tərəfindən iddiaçının cəmiyyətə 11.486 manat pul borclu olduğu bildirilmiş, həmin borcun yaranma əsası kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin çörək norması ilə təmin edilməsi göstərilmişdir.

23. Lakin Penitensiar Xidmətin 23 iyun 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Təchizat idarəsi və "xxxx" MMC arasında bununla bağlı müqavilə bağlanmamışdır.

24. Qeyd olunanlara əsasən iddiaçının borc öhdəliyinin yaranmadığı müəyyən edilir.

25. Göstərilənlərə baxmayaraq, cavabdeh iddiaçıya məxsus avtomobili onun sahiblik və istifadəsindən çıxarmış, həmin avtomobildən qeyri-qanuni əldə etdiyi pul vəsaiti ilə iddiaçının onun qarşısında mövcud olmayan borc öhdəliyini əvəzləşdirmiş və aradan qaldırımışdır. Nəticədə cavabdeh, əsassız varlanmışdır.

26. Apellyasiya baxışı zamanı X11 verdiyi məlumata (sorğuya cavab) əsasən müəyyən edilmişdir ki, “Daewoo Gentra” markalı, 50- DP-113 dövlət qeydiyyat nişanlı minik avtomobilli həqiqətən də xx.xx.2021-ci il tarixdə satılmış və bununla əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır.

27. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).

28. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

29. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin mülkiyyət hüququnun olması və həmin hüququn, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir (Maddə 29 (İİ hissə)). Məhkəmənin qərarı olmadan isə heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Əsas konstitusyon hüquqlardan biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Maddə 29).

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsində isə mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir (Maddə 152.5). Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir.

32. Odur ki, iddiaçıya etibarnamə əsasında əmlak üzərində sərəncam vermək hüququnun verilməsi onun məhkəmədə həmin əmlak barəsində iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olduğu nəticəsinə gəlməyə əsas verir.

33. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh qarşı tələbin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar