Məhkəmə qərarları › İş №2(103)-6893/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6893/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6893/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(004)-387/21 saylı 05.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 14 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.01.2012-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay qazancının dörddə bir hissəsi qədər alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 160 manat miqdarında müəyyən edilmişdir. Cavabdehin rəsmi iş yeri məlumdur. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdehin səlahiyyətli nümayəndəsi-vəkili Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulmasını və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini,şikaəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. İş materiallarında olan X3 Xidməti tərəfindən ünvanlanmış 09.12.2020-ci il tarixdə məktubda Cavabdeh X5 çalışdığı qeyd edilmişdir. Nizami rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə ilə Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək hər ay üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1.1. 1-ci maddəsinə əsasən uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Uşaq Hüquqları Bəyannaməsinin 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdeh ikinci dəfə ailə qurması, onun İddiaçı ilə birgə nikahdan olan uşağın saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. Kollegıya hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarının cavabdehin qazancının dörddə bir hissəsi məbləğində müəyyən edilməsini mövcud qanunvericiliyə uyğundur və apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar