Məhkəmə qərarları › İş №2(103)-6897/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6897/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6897/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2640/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli № 4976rstBANK/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2015 tarixli 1900nkBAY/15 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan borcunun 1.765,43 manat qalıq məbləğinin 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, 12 ay güzəşt müddəti və komision haqqı 0 manat olmaqla, illik 1% ödəmək şərtilə 60 ay aylıq 38 manat kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 798.95 manat əsas, 1.25 manat faiz borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 798,95 manat əsas, 1,25 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 800,20 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1.765,43 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 31 iyul 2023-cü il tarixinə "xxxx" KB ASC-yə cəmi 800,20 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2640/2023 saylı 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Aslanova) iddia təmin edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli nağd pul krediti müqaviləsinin restrukturizasiyasına dair güzəştli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında bağlanılmış kredit müqavilələri restrukturizasiya olunaraq, restrukturizasiya olunan əsas kredit borcunun qalığının ödənilməsi məqsədilə iddiaçı bank tərəfindən cavabdehə 1 il güzəşt olunmaqla, 60 ay müddətinə illik 1% dərəcəsə ilə 1.765,43 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan qalıq borcunu (restrukturizasiya olunan) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı bank qarşısında restrukturizasiya olunan qalıq borcunun ümumi məbləği 798,95 manat əsas borcu və 1,25 manat məbləğində faiz borcu təşkil edir. Məhkəmə qeyd olunan halları əsas götürərək, restrukturizasiya olunan məbləğə dair nağd pul krediti müqaviləsinin restrukturizasiyasının şərtlərini nəzərə alaraq, həmin müqavilə üzrə həm əsas, həm də faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməldir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1, 743, 427.4, 428.4, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2640/2023 saylı 08 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı bankın iddia tələbini əsaslı sayarkən mötəbər sübuta istinad etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixli, 4976rstBANK/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə bankdan krediti aldıqdan sonra o mütəmadi olaraq 1280 manat məbləğində banka ödəniş etmişdir. Lakin sonradan COVİD-19 əlaqədar olaraq işləmədiyinə görə həmin məbəği ödəmək imkanı olmamışdır. xx.xx.2019cu il tarixli, 4976rstBANK/19 nömrəli güzəştli kredit və bank hesabı müqavilənin şərtindən də görünür ki, müqavilə 60 ay müddətinə illik 1% hesablanmaq şərti ilə bağlanmışdır. Belə ki, iddiaçı cəmiyyətlə bağlanmış müqavilənin vaxtı 2024-cü ilin noyabr ayının 29-da başa çatır. COVİD-19-la bağlı olaraq karantin rejiminin 2020-ci ilin mart ayından hökm sürməsi ilə əladədar heç bir yerdə işləyə bilmədiyindən müqavilə üzrə pul öhdəliyini vaxtında yerinə yetirə bilməmişdir. Belə ki, o, "xxxx" KB ASC-dən kredit almış və kredit müqaviləsi imzalamışdır. O, pulun ödənilməsindən imtina etmir. Məhkəmə isə hazırkı iş üzrə qətnamə qəbul edərkən işi tam araşdırmadan iddiaçı bankın təqdim etdiyi sənədlərlə kifayətlənmişdir. İddiaçı "xxxx" KB ASC-nin iddia tələbi üzrə keçirilən məhkəmə iclaslarında onun iştirakı təmin edilmədiyinə görə məhkəmə araşdırması üzrə keçirilmiş iclaslarda iddiaçının iddia tələbinə lazımi şəkildə münasibət bildirə bilməmiş, iddia tələbinin təmin olunmasını istisna edən halları, o cümlədən tərəflər arasında yaranmış hüquq mübahisəsinə münasibət bildirmək hüququndan məhrum olmuşdur. Nəticədə isə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cımaddəsində nəzərdə tutulan “hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi” hüququ pozulmuşdur. İddiaçı bankın iddia tələbi üzrə birinci instansiya məhkəməsində mülki işə baxıldığı zaman iştirakının təmin olunmaması nəticəsində kredit borcunu mübahisələndirmək hüququndan məhrum olmuşdur. Beləliklə məhkəmə iclasında iştirakı təmin edilmədiyindən o, prosessual hüquqlarından istifadə edə bilməmişdir. Birinci instansiya məhkəməsinin hakimi məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üçün heç bir şərait yaratmamışdır. O, qeydiyyatda olduğu ünvanda deyil, faktiki olaraq ünvan 1yış evində yaşayır. Bu səbəbdən də məhkəmə qətnaməsində qeyd olunan iddiaçı tərəindən göndərilən pretenziya məktubunu almamışdır. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi həyat yoldaşı X1 tam mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində o, fərdi yaşayış evi inşa etməklə ailəsi ilə orada yaşayır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 18.739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 20.284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 21.284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli № 4976rstBANK/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2015 tarixli 1900nkBAY/15 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan borcunun 1.765,43 manat qalıq məbləğinin 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, 12 ay güzəşt müddəti və komision haqqı 0 manat olmaqla, illik 1% ödəmək şərtilə 60 ay aylıq 38 manat kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 798.95 manat əsas, 1.25 manat faiz borcu yaranmışdır.

24. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1).

25. Belə olan halda, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumenti əsassızdır. Belə ki, iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə mülki işlərə Mülki Prosessual Məcəllənin müvafiq fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Qarşılıqlı iddia verildiyi, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edildiyi, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyi və ya iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yarandığı hallarda məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır.

27. İş materiallarından göründüyü kimi məhkəmə iddianı, qiyməti beş min manatdan az olduğundan sadələşdirilmiş qaydada baxılması üçün icraatına qəbul etmiş, işə iddia icraatı qaydasında baxılmasını zəruri edən halların olmadığı qənaətinə gəlmiş, ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildiriş göndərmişdir. Bildirişin cavabdehə xx.xx.2023-cü il tarixində rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, o, bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. 28.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 31.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti 800,20 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2640/2023 saylı 08 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar