Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-690/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3796/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı "xxxx" ASC (kredit verən) ilə cavabdehin əri X1 (kredit alanın) arasında xx.xx.2022-ci il tarixli BPM**********10 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, kredit verən 14.700 manat məbləğində pulu illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verib. 2.Kredit alan xx.xx.2023-cü ildə ölüb. Cavabdeh (kredit alanın arvadı) kredit alanın vərəsəsidir. Belə ki, xx.xx.2024-cü ildə cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib. Həmin şəhadətnaməyə görə, kredit alanın mülkiyyətində olmuş “Honda-CRV” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı, ban nömrəsi SHSRD 78894U231302 olan minik avtomobil miras kimi cavabdeh tərəfindən qəbul edilib. 3.İddiaçının təqdim etdiyi sübutlara görə, kredit müqaviləsi üzrə əsas borcun məbləği 10.356,63 manat təşkil edir. Cavabdeh borcun məbləğini mübahisələndirmir, o, birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə ərizə verərək bildirib ki, borcun məbləğinin 10.356,63 manat olması ilə razılaşır. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə 10.356,63 manat əsas borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,07 manat, xidmət haqqının əvəzi kimi 0,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 5.Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, 10.356,63 manat pul vəsaiti, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,07 manat, xidmət haqqının əvəzi kimi 0,40 manat cavabdehdın iddiaçının xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, miras avtomobilin dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilsin və ekspert rəyinə uyğun olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, avtomobilin bazar dəyəri borcun məbləğindən azdır. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, avtomobilin bazar dəyəri təxminən 5.000-6.000 manatdır, o, vərəsə kimi bankın qarşısında avtomobilin dəyəri həddində məsuliyyət daşıyır. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Miras avtomobilin bazar dəyərinin müəyyən edilməsi üçün apellyasiya icraatı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/667 nömrəli ekspert rəyinə görə, avtomobilin normal vəziyyətdə 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 14.500 manat təşkil edir. Göründüyü kimi, borcun məbləği (10.356,63 manat) mirasın dəyərindən (14.500 manatdan) azdır. 10.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 11.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3796/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-690/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-690/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver