Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6901/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən mülki iş başlanmışdır. Bundan sonra iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan “Chevrolet Cruze” markalı, **-LJ- *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsini qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə qismən təmin edilərək hər iki avtomobilin özgənikiləşdirilməsinə qadağa qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1.). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2.). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətlərin edilməsi cavabdehə və ya başqa şəxslərə qadağan edilə bilər (maddə 158.1.1. - 158.1.3.). “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəni rədd etmiş Rayon Məhkəməsi mövqeyi onunla əsaslandırmışdır ki, ərizədə göstərilən iddianın təmini tədbiri iş üzrə qəbul edilə biləcək qətnamənin icrası ilə hər hansı formada bağlılığı yoxdur. İddiaçı isə bildirir ki, görülməsini xahiş etdiyi iddianın təmini tədbiri iş üzrə qəbul edilə biləcək qətnamənin icrası ilə bir mənalı olaraq bağlıdır. Belə ki, əgər iddiaçının cavabdehə qarşı irəli sürdüyü “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiası tam və ya qismən təmin edilərsə, cavabdehin qətnaməni könüllü olaraq icra etməməsi ehtimalı böyükdür. Bu baxımdan iddianın təmini tədbirinin görülməsi zəruridir. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbinin rədd edilməsi ehtimalı olduğu kimi, tam və ya qismən təmin edilməsi istisna edilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” xx.xx.2002-ci il tarixli, 89 №-li qərardan görünür ki, avtomobillərin üzərinə tələbin yönəldilməsinə o halda yol verilmir ki, həmin avtomobil əlilliyi olan şəxslərin hərəkətləri üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitəsi olsun. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli avtomobillər barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir avtomobillərin bilavasitə təyinatı üzrə istifadəsinin deyil, yalnız onun özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Odur ki, qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə qismən təmin edilməklə yuxarıda qeyd edilən avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış 2015-ci il) və “Opel Astra” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı (buraxılış 1998-ci il) olan avtomobillərin özgənikiləşdirilməsinə qadağa qoyulsun. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizə qalan hissədə, yəni avtomobilin üzərinə həbsin qoyulması hissəsində təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6901/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6901/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver