Məhkəmə qərarları › İş №2(103)-6903/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6903/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6903/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1253/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.356,20 ABŞ dolları əsas borc, 849,79 ABŞ dolları faiz borcu, 3.129,02 ABŞ dolları dəbbə pulu, müqavilənin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 291,38 ABŞ dolları borcu olmaqla, cəmi 7.626,39 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1253/2019 saylı xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.356,20 ABŞ dolları əsas borc, 849,79 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 4.505,99 (dörd min beş yüz beş ABŞ dolları doxsan doqquz sent) ABŞ dollarının (ödəniş günü manat məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1422/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1253/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və zaminliyə xitam verilməsi əsası ilə ona aid hissədə iddianın təmin edilməməsini xahiş edir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən ona 27% olmaqla, 18 ay müddətinə 7.650 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi onunla Bank arasında həmin tarixdə “Zaminlik müqaviləsi” bağlanmış və müqavilənin şərtlərinə görə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərə zamin durmuşdur.Daha sonra xx xxxxxx 2015-ci il tarixdə manat kəskin devalivasiyaya uğradığından şərait əhəmiyyətli dərəcədə dəyişdilmiş və kreditin qaytarılmasında xeyli çətinlik yaranmışdır. Bununla bağlı, Cavabdeh1 Banka müraciət edərək kredit ödənişlərini həyata keçirə bilməsi üçün güzəşt edilməsini xahiş etmişdir. Bunun nəticəsində xx.xx.2015-ci il tarixində Cavabdeh1 ilə Bank arasında “Müqaviləyə əlavə saziş” bağlanılmış kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır.Cavabdeh LPO İddiaçıASC isə xx.xx.2019-cu il tarixdə “Borcun tutulması” tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin 477.0.3-cü maddəsinə əsasən zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixinədək cavabdeh tərəfindən heç bir iddia tələbi olmadığından zaminliyə xitam verilmişdir. Lakin bunların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu isə qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər Cavabdeh2 mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi və ona aid hissədə iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 430005348/ZM nömrəli zaminlik müqaviləsinə və zaminlik müqaviləsinə əlavə sazişə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni konkret olaraq xx xxxxxx 2018-ci ilədək iddiaçının ona qarşı iddia irəli sürülmək hüququ olmuş, lakin iddiaçı həmin bu müddəti ötürmüşdür. Çünki, iddia ərizəsi birinci instansiya məhkəməsinə xx xxxxxx 2019-cu il tarixdə daxil olmuşdur. Belə olan halda zaminliyə xitam verilməli və zaminə münasibətdə iddia təmin olunmamalı idi. Ancaq birinci instansiya məhkəməsi tərəfindən bu norma tətbiq edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1253/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi zaminə aid hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1253/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və Cavabdeh2 aid hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar