Məhkəmə qərarları › İş №2(103)-691/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-691/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-691/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(003)-156/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə əsasən 09 iyun 2020-ci il tarixə banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 1825,14 manat məbləğində faiz borcu, 238,96 manat məbləğində cərimə, ümumilikdə 9217,50 manat məbləğində pulun, məhkəməyə müraciət üçün 30 manat və ipotekanın qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 60 manat məbləğində pulun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 36000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü mənzildə qeydiyyatda olan X1 yaşayış sahəsini bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 138084CNS-13237 saylı Girovlu istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 138084-CNS-13237 saylı girovlu istehlak krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən Cavabdeh1 22 sentyabr 2015-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 12392 manat məbləğində olan borcu illik 28 faiz hesablanması şərti ilə 50 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilini 21.11.2014-cü il tarixli 138084NEDVİ1-3338 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Həmçinin kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 21 noyabr 2014-cü il tarixli 138084-NEDVİJ-3338 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı 22 sentyabr 2015-ci 11 tarixli Razılaşma bağlanmışdır. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliyini 22 avqust 2019-cu il tarixindən icra etməmiş və nəticədə cavabdehin Banka 7153,40 manat məbləğində əsas borc, 1825,14 manat məbləğində faiz borcu, 238,96 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 9217,50 manat məbləğində borcu qalmışdır. Daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia həcminin azaldılması barədə məhkəməyə ərizə ünvanlanaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə və 22 sentyabr 2015cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinin 01 saylı razılaşmasına əsasən 29 oktyabr 2020-ci il tarixinə Banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 723,52 manat məbləğində faiz borcu, 196,72 manat məbləğində 21 noyabr 2019-cu il tarixindən 29 oktyabr 2020-ci il tarixinədək 5% hesabı ilə faiz borcu, 238,96 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 8312,60 manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat olmaqla cəmi 60 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 36000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyanın ailə üzvü olan mənzildə qeydiyyatda olan Cavabdeh3 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(003)-156/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə və 22 sentyabr 2015-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinin 01 saylı razılaşmasına əsasən 29 oktyabr 2020-ci il tarixinə Banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 723,52 manat məbləğində faiz borcu, 196,72 manat məbləğində 21 noyabr 2019-cu il tarixindən 29 oktyabr 2020-ci il tarixinədək 5% hesabı ilə faiz borcu, 24 manat məbləğində cərimə borcu, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, ümumilikdə 8157,64 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə o satıldıqdan sonra Cavabdeh3 tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılması və həmin yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin banka olan borcu düzgün müəyyən edilməmiş, məhkəmə mühasibatlıq ekspertizası keçirilməmiş və ipoteka predmeti dəyərindən aşağı qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 qəbul edilmiş qətnamə ilə razı olduğunu bildirərək yaşadığı mənzilin açıq hərracda satılmaması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 1 aya yaxın vaxt verilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməmiş və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(003)-156/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 21 noyabr 2014-cü il tarixli 1380884-CNS-13237 saylı girovlu kredit müqaviləsi üzrə baş kredit razılaşmasından görünür ki, İddiaçı ASC-nin 2 saylı Nərimanov filialı ilə kredit alan Cavabdeh1 arasında 12000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmışdır. İş materiallarında olan 21 noyabr 2014-cü il tarixli 138084-NEDVİJ-3338 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin evin dəyəri 50000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 21 noyabr 2014-cü il tarixli 1380884-CNS-13237 saylı girovlu kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 22 sentyabr 2015-ci il tarixli 1 saylı razılaşma barədə 22 sentyabr 2015-ci il tarixdə mövcud olan borc kapitallaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 22 sentyabr 2015-ci il tarixinə mövcud olan məzənnə ilə konvertasiya edilərək 12392 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir və Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25-də yerləşən 38 saylı mənzilin Bank VTB-nin xeyrinə ipoteka ilə girov qoyulmasına və satılmasına etirazı yoxdur. İş materiallarında olan girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin 07 fevral 2020-ci il tarixli ekpert rəyində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilin qiyməti 36000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 mart 2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə dair tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan məxaric qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh1 11643 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank VTB (Azərbaycan) ASC-yə 22 sentyabr 2015-ci il tarixli girovlu istehlak kredit müqaviləsi üzrə 29 oktyabr 2020-ci il tarixə 7153,40 manat əsas, 723,52 manat faiz, 21 noyabr 2019-cu il tarixdən 29 oktyabr 2020-ci il tarixədək 5 % hesabı ilə 196,72 manat faiz və 238,96 manat cərimə borcu olmaqla, ümumilkdə 8312,60 manat borcu vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMCnin 30 may 2021-ci il tarixli 14 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146 ev 25 ünvanında yerləşən 38 nömrəli mənzilin hazırkı dövrə olan likvid qiyməti 45000 manat təşkil edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 24 aprel 2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit borcunun düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsində vəsatət verməmiş və birinci instansiya məhkəməsi iş üzrə borcun məbləğini maliyyə arayışını nəzərə alaraq müəyyən etmiş, cərimə məbləğini ağlabatan məbləğdə azaltmışdır. Bundan əlavə, Cavabdeh1 apellyasiya icraatı zamanı qətnamə ilə müəyyən edilmiş borcun məbləği ilə razılaşdığına və həmin məbləği ödəmək üçün məhkəmədən vaxt istədiyinə görə məhkəmə kollegiyası məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə əsas görməmişdir. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən ipoteka predmetinin qiymətinin müəyyənləşdirilməsi üçün iki dəfə qiymətləndirmə keçirilmişdir. "xxxx" MMC-nin 30 may 2021-ci il tarixli rəyinə əsasən mənzilin likvid qiyməti 45000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan evin ilkin satış qiymətini həmin məbləğdə müəyyən etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 evin qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(003)-156/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar