Məhkəmə qərarları › İş №2(103)-6913/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6913/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6913/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş ziyanın əvəzi olaraq 770 manat məbləğində pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il qərardadına əsasən mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, hazırkı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi barədədir. Ziyanın ödənilməsi barədə iddia tələbinə isə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində - Xətai Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbi iddiaçının mülkiyyətində olan qaz xətti borularının cavabdeh müəssisənin əməkdaşları tərəfindən çıxarılması ilə əlaqədar vurulan ziyanla bağlı olduğundan ərazi aidiyyəti üzrə müstəsna aidiyyət tətbiq edilməli və mübahisəyə qurğunun, yəni qaz borularının yerləşdiyi yerin məhkəməsində – Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, hazırkı mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). İş materiallarından görünür ki, iddiaçının tələbi cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlıdır. Bu tələbə isə cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Cavabdehin hüquqi ünvanı isə Xətai rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Ona görə də mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası müstəsna aidiyyət qaydalarının tətbiqi üçün əsas müəyyən etmədi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar