Məhkəmə qərarları › İş №2(103)-6914/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6914/2025

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6914/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3 Mənzil-Tikinti Kooperativi və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması; öhdəliklərin üçüncü şəxsə verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh3 Mənzil-Tikinti Kooperativi və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilkin, cavabdeh2 Əmanətlərin Sığortalanması Fonduna qarşı (mübahisə predtmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Həsənzadə İlham Böyükkişi oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb olunmaqla) “öhdəliklərin üçüncü şəxsə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh3 MTK-ya və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 və cavabdeh3 MTK arasında bağlanmış ##.##.2014-cü il tarixli YH-***/** saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 313382.99 (üç yüz on üç min üç yüz səksən iki manat doxsan doqquz qəpik) manat bundan 136123.54 (bir yüz otuz altı min yüz iyirmi üç manat əlli dörd qəpik) manat əsas, 67372.50 (altmış yeddi min üç yüz yetmiş iki manat əlli qəpik) manat faiz və 109886.95 (bir yüz doqquz min səkkiz yüz səksən altı manat doxsan beş qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 603.38 (altı yüz üç manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh3 Mənzil-Tikinti Kooperativindən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh3 MTK arasında ünvan 4 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə ##.##.2013cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə cavabdeh cavabdeh2 (İ Borcalan) və cavabdeh3 MTK (II Borcalan) arasında bağlanmış ##.##.2014-cü il tarixli YH-***/** saylı kredit müqaviləsinə əsasən cavabdeh2 cavabdeh3 kompleksində mənzil alınması məqsədi ilə 120 (yüz iyirmi) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 147.465 (bir yüz qırx yeddi min dörd yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** saylı qərarı ilə “xxxx” ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin məhkəmənin ##.##.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *-*(**)-****/**** nömrəli qərardadına əsasən ləğv prosesində olan “xxxx” ASCnin cavabdeh3 layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Kredit müqaviləsinin 1.1ci bəndinə əsasən, MTK və müştəri birgə borcalanlar hesab edilirlər. Kredit müqaviləsinin 2.3cü maddəsində qeyd edilmişdir ki, birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 3.8-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, birgə borcalanlar üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi təqdirdə bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini və öhdəliklərinin icrasını təmin edəyəcəyini vəd edir. Həmçinin ##.##.2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 (doxsan) gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Həmin müqavilənin 7.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu müqavilənin 4-cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə ************* saylı ##.##.2023-cü il tarixli, ************* saylı ##.##.2023-cü il tarixli xəbərdarlıq və ************* saylı ##.##.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişlər. ##.##.2023-cü il tarixinə cavabdeh2 kredit üzrə cəmi borcu 313.382.99 (üç yüz on üç min üç yüz səksən iki manat doxsan doqquz qəpik) manat təşkil edir. 136.123.54 (bir yüz otuz altı min yüz iyirmi üç manat əlli dörd qəpik) manat əsas, 67.372.50 (altmış yeddi min üç yüz yetmiş iki manat əlli qəpik) manat faiz və 109.886.95 (bir yüz doqquz min səkkiz yüz səksən altı manat doxsan beş qəpik) manat cərimə borcu təşkil edir.

3. Daha sonra iddiaçı cavabdeh2 (Həsənov İlham Böyükkişi oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin 3-cü şəxsə verilməsi barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC və cavabdeh3 arasında bağlanmış ##.##.2014-cü il tarixli YH-***/** saylı kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi Həsənov İlham Böyükkişi oğluna verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi onun adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının ondan tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, onunla “xxxx” ASC-nin “Yeni həyat” filialı ilə cavabdeh3 kompleksində mənzil almaq məqsədilə 120 ay müddətinə, illik 12% olmaqla 147465 manat məbləğində kreditin götürülməsi barədə ##.##.2014-cü il tarixli müqavilə bağlanmışdır. Eyni zamanda, “xxxx” ASC ilə cavabdeh3 MTK arasında ünvan 3 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən də cavabdeh3 MTK tərəfindən kreditlə satılan mənzillər bank tərəfindən götürülmüş kreditin təminatı olaraq girov kimi götürülürdü. Həmin vaxt ona satılmış bu mənzil də bank tərəfindən girov götürülmüşdür. Nəzərə çatdırır ki, həmin bu müqavilə bağlanandan bir müddət sonra maliyyə vəziyyətində yaranan çətinliklərlə əlaqədar bu kredit müqaviləsi üzrə ödənişlərdə problemlər yarandı. Ona görə də cavabdeh3 MTK-nın rəhbərliyinə müraciət edərək maddi vəziyyətinin çətinliyi ilə əlaqədar aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu mənzilin geri qaytarılmasını xahiş etmişdir. cavabdeh3 MTK-nın rəhbərliyi “xxxx” ASC-nin rəhbərliyi ilə danışıb razılaşaraq onun müraciətinə müsbət cavab verilmiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə bu mənzil Həsənov İlham Böyükkişi oğlunun adına keçirilmişdir. Həmin vaxtdan da bu mənzil onun tərəfindən cavabdeh3 MTK-ya təhvil verilmişdir. Artıq bu prosesdən 8 ilə yaxın vaxt keçmişdir və bu müddət ərzində nə bank tərəfindən, nə də cavabdeh3 MTK tərəfindən bu mənzillə əlaqədar onu heç kim narahat etməmişdir. Yalnız bu günlərdə ona məxsus olan avtomobilləri satmaq istəyərkən həmin avtomobillərin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulduğundan xəbərdar olmuşdur. Yalnız bundan sonra belə bir məhkəmə mübahisəsinin olduğundan məlumatlanmış və hal-hazırki qarşılıqlı iddia ərizəsi ilə də məhkəməyə müraciət etməli olmuşdur.

5. Fond qarşılıqlı iddia tələbinə etiraz edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinin borcalan kimi Həsənov İlham Böyükkişi oğluna verilməsini və kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının ondan tələb edilməsini xahiş edir. ##.##.2014-cü il tarixli YH***/** saylı kredit müqaviləsi kreditor “xxxx” ASC və borclular cavabdeh2 və cavabdeh3 MTK arasında bağlanmışdır. cavabdeh2 qarşılıqlı iddia ərizəsində “xxxx” ASC-nin razılığı ilə mənzili Həsənov İlham Böyükkişi oğluna satdığını bildirmişdir. Qeyd edilir ki, “xxxx” ASC ilə cavabdeh2 arasında mənzilin çıxarışı olmadığından ipoteka müqaviləsi bağlanmamışdır. Yəni bankın və ya Fondun sözügedən mənzil üzərində hər hansı tələb hüququ yoxdur. Bildirilir ki, Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində ##.##.2014-cü il tarixli YH-***/** saylı kredit müqaviləsi üzrə borclulardan kredit borcunun qaytarılmasını tələb edir. Yəni sözügedən mənzilin başqalarına satılması ilə iddia tələbi arasında heç bir əlaqə mövcud deyildir. Mənzilin başqa şəxsləri satılması borc öhdəliklərinin onlara ötürülməsi mənasına gəlmir. cavabdeh2 ilə “xxxx” ASC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh cavabdeh2 həmin müqavilənin bağlanmasını qarşılıqlı iddia ərizəsində etiraf edir. Hal-hazırda kreditor tərəfindən borcludan həmin öhdəliyin icrası tələb edilir. Borclu cavabdeh2 ##.##.2014-cü il tarixli YH-***/** saylı kredit müqaviləsi üzrə öhdəliklərindən kənar hüquq münasibətləri kreditorun iddia tələbi ilə əlaqələndirilə bilməz. cavabdeh2 borcun ötürülməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, borcun ötürülməsi ilə bağlı “xxxx” ASC-ə və ya Əmanətlərin Sığortalanması Fondundan razılıq almamışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş edilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehlər MTK-dan və cavabdeh2 müştərək qaydada iddiaçı Fondun xeyrinə 136001.44 manat əsas, 66787.58 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 203789.02 manat borcun və ödənilmiş dövlət rüsumunun 493.79 manat hissəsinin tutulması, iddianın qalan hissədə və cavabdeh2 qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər cavabdeh MTK iddiaçı ilə arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə cavabdehlər MTK-nın və cavabdeh2 əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibətdə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 136001.44 manat, faiz borcu üzrə 66787.58 manat müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini əsas borca və faiz borcuna aid hissədə sübut növü kimi qiymətləndirmiş və hesab etmişdir ki, əsas borc üzrə 136001.44 manat, faiz borcu üzrə 66787.58 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin “109886.95 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə işin hallarını və müqavilə üzrə ödənilməli olan əsas və faiz borcunun məbləğini nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 109886.95 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunun azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsinin cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir. Məhkəmə cavabdeh2 qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsində müqavilənin tərəfi cavabdeh2 olduğundan, kredit öhdəliklərinin digər şəxslərə ötürülməsi barədə hər hansı bir razılaşma olmadığından, razılaşma olsa belə, buna kreditorun razılığı olmadığından ##.##.2014-cü il tarixli YH-***/** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin borcalan kimi Həsənov İlham Böyükkişi oğluna verilməsi və kredit müqaviləsində dəyişiklik edilərək borcalan kimi Həsənov İlham Böyükkişi oğlunun adının göstərilməsi və bu kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra olunmasının Həsənov İlham Böyükkişi oğlundan tələb edilməsi barədə qarşılıqlı iddia təmin edilə bilməz.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 467, 522, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

9. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh cavabdeh2 (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli 2(103)- ****/**** nömrəli qətnaməsi cavabdeh2 müştərək qaydada iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 136001.44 manat əsas, 66787.58 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 203789.02 manat borcun və ödənilmiş dövlət rüsumunun 493.79 manat hissəsinin tutulması, habelə qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

13. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu cavabdeh3 MTK-ya və ona qarşı “pul tələbi” ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və onlardan müştərək qaydada 203.789 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o da Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna (ARƏSF) qarşı öhdəliklərin üçüncü şəxsə verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qeyd edir ki, onunla cavabdeh3 MTK və “xxxx” ASC arasında ##.##.2014-cü il tarixli müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə cavabdeh3 MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində mənzilin alınması məqsədi ilə ona 120 ay müddətinə, illik 12% dərəcəsi ilə 147.465 manat məbləğində kredit verilmişdir. Onun maddi vəziyyəti çətin olduğu üçün bu kredit müqaviləsi bağlanılandan 1 il sonra o, maddi vəziyyəti ilə əlaqədar ödənişlərdə çətinliklər çəkdiyini və ona görə də həmin mənzili cavabdeh3 MTK-ya qaytarmağa razı olduğunu bildirib. cavabdeh3 MTK-nın rəhbərliyi Bankın rəhbərliyi ilə danışıb razılaşaraq ona münasibətdə müsbət cavab vermiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə bu mənzil Həsənov İlham Böyükkişi oğluna satılmış və onun adına keçirilmişdir. Həmin vaxtdan da bu mənzil onun tərəfindən cavabdeh3 MTK-ya təhvil verilmişdir. O vaxtdan yaxın günlərə kimi də heç kim onu bu kredit müqaviləsi ilə əlaqədar narahat etməmişdir. Ona görə də o, cavabdeh3 MTK tərəfindən kredit müqaviləsi öhdəliklərini yerinə yetirildiyini düşünmüşdür. Lakin bu iddia ərizəsinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Həsənov İlham Böyükkişi oğlu da ##.##.2017-ci il tarixində həmin bu mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Qulam oğluna satmışdır. Yəni bütün bu proseslər həm cavabdeh3 MTK-nın, həm də Azərbaycan Respublikası ƏSF-nun razılığı ilə icra olunmuşdur. Məhkəmə tərəfindən bu evə dair sənədlərin alınması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrinə sorğu verildikdən sonra bu mənzilə dair bütün sənədlər əldə edilmiş və həmin sənədlərdə də hal-hazırki iş üzrə Azərbaycan Respublikası ƏSF-nın razılığı olduğu öz təsdiqini tapmışdır. Yəni iddiaçı bu mənzillərin satılarkən onun razılığının və məlumatlı olmasını məhkəmə zalında təsdiq etməsə də, lakin mülki işin sənədləri içərisində olan sübutlar bunun əksini göstərir. Çox qəribədir ki, mübahisə predmeti olan mənzil onda olmadığı halda və həmin mənzillərin bir neçə dəfə satılması ilə əlaqədar müxtəlif şəxslər gəlir əldə etdikləri halda Azərbaycan Respublikası ƏSF bu iddia ilə əsassız olaraq ona qarşı müraciət edir. Həmçinin aralarında bağlanmış üç tərəfli müqaviləyə görə əgər o, bank qarşısında öhdəliyini icra etməzsə onda cavabdeh3 MTK həmin kredit müqaviləsi üzrə borcun tutulmasını üzərinə götürmüşdür. Belə bir halda məhkəmə işin faktiki hallarına və qanunvericiliyə əsasən onun qarşılıqlı iddiasını təmin etməli və ona maddi ziyan vurmuş həmin şəxsdən bu pulun tutulması barədə qətnamə qəbul etməli idi. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən bu icra olunmamış və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və onun qarşılıqlı iddia ərizəsi təmin edilməli, ilkin iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsi – Qanunun bu normasından görünür ki, borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Mülki işin sənədlərindən də görünür ki, ilkin olaraq bu mənzil ##.##.2014-cü il tarixli müqavilə ilə ona satılmış, lakin sonradan o, maddi çətinliyi ilə əlaqədar bu mənzildən imtina etdiyi üçün həm “xxxx”ASC-nin, həm də cavabdeh3 MTK-nın həmin mənzil ondan sonra Həsənov İlham Böyükkişi oğluna satılmışdır. ##.##.2017-ci il tarixində isə Həsənov İlham Böyükkişi oğlu da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır. Məhkəmə tərəfindən sorğu nəticəsində əldə edilmiş sənədlərdən də açıq-aydın görünür ki, həmin bu mənzil satılan zaman həm “xxxx” ASC-nın, həm də onun ləğvedicisi Azərbaycan Respublikası ƏSF-nun razılığı və məlumatı olmuşdur. Yəni hal-hazırki iddiaçı bu mənzilin onun adından başqa şəxslərin adına keçirilməsinə razılıq verməklə birmənalı şəkildə öhdəliyin də başqa şəxslərə keçməsinə öz razılığını bildirmişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bütün bu halları düzgün araşdırılmamış və bununla da Azərbaycan Respublikası MM-nin 522-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 526-ci maddəsi - Qanunun bu normasından görünür ki, əmlakı qəbul edənin məsuliyyəti istisna edilə və ya məhdudlaşdırıla bilməz. Mülki işin sənədlərindən də görünür ki, ona satılmış bu ev sonradan iddiaçının razılığı ilə bir neçə nəfərə satılmışdır. Hal-hazırda da bu ev onun yox, həmin şəxslərin faktiki sahibliyindədir. Belə olan halda da həm qanuni baxımdan, həm də haqq-ədalət baxımından bu kredit müqaviləsi üzrə öhdəlikləri də həmin şəxslər icra etməlidirlər. Lakin iddiaçının buna qarşı etirazını bildirməsi və məhkəmənin də bu etirazla razılaşaraq belə bir qətnamə qəbul etməsi nə qanuni, nə də ədalətli ola bilməz. Belə ki, 10 ildən çoxdur ki, həmin mənzil ondan alınmış və başqa şəxslər tərəfindən istifadə olunur. Belə bir halda ondan əlavə pulun da tələb edilməsi haqq və ədalət prinsiplərinə zidd bir əməldir. Ona görə də hesab edir ki, işin bu halları yenidən araşdırılmalı və onun qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki-Prosessual Məcəllənin 14-cü maddəsi- Qanunun bu normasına görə məhkəmə bütün səlahiyyətlərindən istifadə edərək işin bütün hallarını araşdırmalı və yalnız bundan sonra müvafiq qətnaməsini qəbul etməlidir. Amma işin hallarından görünür ki, məhkəmə tərəfindən işin bütün halları ətraflı araşdırılmamış və yalnız iddiaçının istinad etdiyi hallar əsas götürülərək belə bir qətnamə qəbul edilmişdir. Təbii ki, belə bir vəziyyətdə qətnamənin qəbul edilməsi onun hüquqlarının pozulması deməkdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 14, 217-ci maddəsinin tələbləri pozulmuşdur.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

15. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Xəlilzadə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

18. “xxxx” ASC ilə cavabdeh3 MTK arasında bağlanmış ##.##.2013-cü il tarixli müqavilədən görünür ki, bu müqavilənin predmetini ünvan 4 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.

19. “xxxx” ASC ilə cavabdeh2 və cavabdeh3 MTK arasında bağlanmış ##.##.2014-cü il tarixli, YH-***/** saylı kredit müqaviləsindən görünür ki, ünvan 4 ünvanında tikintisi aparılan Azure Parkinq kompleksində mənzil alınması məqsədi ilə bank kredit alana 120 ay müddətinə, illik 12 faiz olmaqla 147.465 manat məbləğində kredit vermişdir. Birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

20. “xxxx” ASC ilə cavabdeh2 və cavabdeh3 MTK arasında bağlanmış ##.##.2014-cü il tarixli, YH-***/** saylı kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə ilə Kredit müqaviləsinin 2.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: "2.2. Borcverən II Borcalan tərəfindən ünvan 5 ünvanındakı yaşayış kompleksindən 6-cı blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 113 kv.m. olan 2 (iki) otaqdan ibarət *** saylı mənzilin alınması məqsədi ilə İ Borcalana 147465 (bir yüz qırx yeddi min dörd yüz altmış beş) manat məbləğində imtiyazlı kredit, irəlidə kredit adlanacaq, verməyi öhdəsinə götürür."

21. “xxxx” ASC ilə cavabdeh3 MTK və Həsənov İlham Böyükkiçi oğlu arasında bağlanmış ## ###### 2016-cı il tarixli, ** №-li Sazişinin 1-ci bəndində qeyd edilmişdir ki, Bank razılıq verir ki, bu Saziş ilə nəzərdə tutulan münasibətin predmeti olan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksi, blok 1, mərtəbə 6, * saylı mənzilə (bundan sonra "mənzil" adlandırılacaq) dair Müştəriyə məxsus qanunvericilik ilə müəyyən edilmiş hüquqların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsində dövlət qeydiyyatına alınması və müvafiq ilkin qeydiyyat sənədinin əldə edilməsi üçün Kooperativ Müştərini zəruri sənədlərlə təmin edir.

22. cavabdeh3 MTK-nın ## ###### 2018-ci il tarixli, PA-MA-******-*** nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov 27A ünvanında yerləşən kooperativ yaşayış binası cavabdeh3 MTK-ya məxsusdur. Xətai rayonu, A.Cəlilov 69 ünvanında 1-ci giriş, 6-cı mərtəbədə, ümumi sahəsi 94,7m², yaşayış sahəsi 52,2m² olan 2 otaqlı, * saylı mənzilin dəyəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən tam ödənilmişdir.

23. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdeh2 YH***/** saylı kredit müqaviləsi üzrə 136.123.54 AZN əsas, 67.372.50 AZN faiz, 109.886.95 AZN cərimə, cəmi 313.382.99 AZN borcu yaranmışdır.

24. Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh2 ünvanlanmış bildirişlərdən görünür ki, ##.##.2014-cü il tarixli, YH-***/** saylı kredit müqaviləsinə əsasən cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur.

25. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ ##.##.2018-ci il tarixdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına qeydiyyata alınmışdır.

26. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 6, (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ ##.##.2019-cu il tarixdən X5 X8 adına qeydiyyata alınmışdır.

27. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 6, (yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ ##.##.2022-ci il tarixdən X1 adına qeydiyyata alınmışdır.

28. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209- cu məhəllə, ev 27A, mənzil 6, (yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M6, m2) dair mülkiyyət hüququ ##.##.2023-cü il tarixdən X3 adına qeydiyyata alınmışdır.

29. cavabdeh3 Mənzil-Tikinti Kooperativinin ## ###### 2026-cı il tarixli, PA-M-******-*** nömrəli məktubu ilə bildirilmişdir ki, cavabdeh2 ilə cavabdeh3 Mənzil-Tikinti Kooperativi arasında alqı-satqı müqaviləsi və “xxxx” ASC-nin ipoteka müqaviləsnin surəti vardır. Qeyd edilir ki, həmin mənzillə əlaqədar MTK-da nə Həsənzadə İlham Böyükkişi oğlu və nə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Qulam oğlu barədə heç bir sənəd yoxdur. Çünki bu şəxslər sonrakı hüquqi qeydiyyatları öz aralarında ediblər və MTK-ya bu barədə məlumat daxil olmayıb.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Odur ki, hazırkı işə cavabdeh2 müştərək qaydada iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 136001.44 manat əsas, 66787.58 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 203789.02 manat borcun və ödənilmiş dövlət rüsumunun 493.79 manat hissəsinin tutulması, habelə qarşılıqlı iddianın rədd olunması hissəsində baxılır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edilir.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. -Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. -Maddə 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. -Maddə 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. -Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur.

34. İlk iddiaya cavabdehin etirazı və qarşılıqlı iddianın dəlilləri, öhdəliklərin verilməsi əsasları və qaydasını tənzimləyən Mülki Məcəllənin 522-ci maddəsinin müddəaları əsasında təhlil olunmalıdır.

35. Ümumi qaydaya görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Lakin borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşmanın qüvvəyə minməsi, yəni öhdəliyin üçüncü şəxsə keçməsinin tanınması, müəyyən şərtlərə bağlıdır. Öhdəliyin verilməsi barədə borclu ilə üçüncü şəxs arasında olan razılaşma, yalnız kreditorun icazəsi ilə etibarlı olur (MM 522.2-ci maddə).

36. Nəzərə alınmalıdır ki, işdən göründüyü kimi kredit mənzilin alınması üçün verilmişdir və cavabdeh cavabdeh2 kredit maliyyələşməsi, “xxxx” ASC ilə MTK arasında bağlanmış ##.##.2013-cü il tarixli kreditləşmə müqaviləsi çərçivəsində həyata keçirilmişdir. ##.##.2013cü il tarixli kreditləşmə müqaviləsində MTK həmin müqavilənin tələblərinin vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilədə həmçinin göstərilir ki, MTK müştəriyə verilmiş kredit ödənişləri 90 gündən artıq gecikdirilərsə, MTK gecikdirilmiş məbləğin tam ödənilməsini öhdəsinə götürür.

37. İş materiallarından görünür ki, mənzil ##.##.2016-cı il tarixli sazişə əsasən MTK tərəfindən Həsənov İlham Böyükkişi oğlunun, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Həsənov İlham Böyükkişi oğlu tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, ##.##.2019-cu il tarixli dəyişmə müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən X6 Ebrahim Mirhosseinin, ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X6 Ebrahim Mirhossein tərəfindən X1, ##.##.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 tərəfindən X3 mülkiyyətinə verilmişdir.

38. Cavabdeh bu əməliyyatların MTK tərəfindən Bankla hər dəfəsində razılaşdırıldığını bildirir (işin bu halı “xxxx” ASC ilə cavabdeh3 MTK və Həsənov İlham Böyükkiçi oğlu arasında bağlanmış ## ###### 2016-cı il tarixli, ** №-li Saziş və cavabdeh3 MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2018-ci il tarixli, PA-MA-******-*** nömrəli maliyyə arayışı ilə tam təsdiqini tapır). Mübahisənin həlli üçün bu dəlil əhəmiyyətlidir. Çünki kreditorun uzun müddət borcu tələb etməməsi, MTK-nın kredit müqaviləsi üzrə zamin kimi riskləri olduğu halda, davamlı olaraq mənzilin əl dəyişməsinə imkan verməsi baxımından, cavabdehin dəlili açıq aşkar əsassız deyil. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, kredit müqaviləsinin 4.1-ci bəndində təsbit olunmuş şərtə əsasən, kredit öhdəliyinin icrasının təminat üsulu borcalan tərəfindən alınacaq mənzilin ipotekasıdır.

39. Həmçinin nəzər alınmalıdır ki, Mülki Məcəllənin 522-ci maddəsi kreditorun icazəsini öhdəliyin üçüncü şəxsə verilməsinin hüquqi qüvvə kəsb etməsi üçün əsas şərt kimi müəyyən eməsinə baxmayaraq, bu icazənin hansı formada verilməli olduğu - yazılı, şifahi və ya konkludent (davranışla ifadə olunması) - barədə hər hansı qayda nəzərdə tutmamışdır. Buradan belə nəticə hasil olur ki, borcun üçüncü şəxsə verilməsi barədə əqd borclu, üçüncü şəxs və kreditor arasında üçtərəfli münasibətlər yaratdığından, icazənin forması sırf təsdiq xarakterlidir. Bu da onu deməyə əsas verir ki, icazənin forması Mülki Məcəllənin 329-332-ci maddələrində göstərilmiş əqdlərin forması ilə eyni qaydalara tabe tutulur. Yəni, əgər qanun və ya müqavilə konkret forma tələb etmirsə, əqd istənilən formada (şifahi, yazılı və əqdi bağlamaq iradəsinin rəftardan məlum olması (konkludent)) bağlana bilər.

40. Mülki Məcəllənin 522-ci maddəsində bəhs olunan kreditorun icazəsinin mahiyyəti ondan ibarətdir ki, bu icazə hüquqi baxımdan bir iradə bəyanıdır. Kreditorun öhdəliyin verilməsinə razılığı kimi qəbul edilə bilən davranışları - borcu artıq üçüncü şəxsdən qəbul etməsi, üçüncü şəxslə öhdəliyin icrası barədə razılaşdırılmış hərəkətlər etməsi, öhdəliyin dəyişdirildiyini bilə-bilə etiraz etməməsi, kreditor üçüncü şəxslə borcun icrası haqqında yazışması və ya danışqılar aparması və s. kimi hərəkətlərində ifadə oluna bilər.

41. Bu baxımdan, mülki işin 1-ci cildinin 125-ci səhifəsində olan # ###### 2016-cı il tarixli ** nömrəli saziş xüsusilə diqqəti cəlb edir. Belə ki, həmin saziş 3 şəxs – “xxxx” ASC, MTK və müştəri qismində Həsənov İlham Böyükkişi oğlunun arasında bağlanmışdır. Müqavilədə deyilir ki, tərəflər müştəri arasında bağlanmış ##.##.2014-cü il tarixli № **/*** saylı müqavilənin (mənzil müqaviləsi) mənzilə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasını nəzərə tutan 11.3-cü maddəsini və Bank, müştəri və MTK arasında bağlanmış ##.##.2014-cü il tarixli YH-***/** saylı kredit müqaviləsinin kredit üzrə ödəliklərin icrasının təminatını nəzərdə tutan 4-cü bəndinin və öhdəliyin təminat üsulunun əvəz edilməsini nəzərdə tutan 11.2-ci maddəsinin şərtlərinin tam icrasını təmin etmək üçün bu müqavilə üzrə razılaşıblar. Bank razılıq verir ki, bu sazişlə nəzərdə tutulan münasibətin predmeti olan ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksi, blok 1, mərtəbə 6, * saylı mənzilə dair müştəriyə məxsus qanunvericiliklə müəyyən edilmiş hüquqların DƏDRX Bakı Ərazi İdarəsində dövlət qeydiyyatına alınması üçün müvafiq ilkin sənədinin əldə edilməsi üçün MTK zəruri sənədlərlə təmin edir. Müştəri mənzilə dair hüquqlarını dövlət qeydiyyatına alındıqdan sonra həmin mənzili kredit müqaviləsinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilməsi üçün bütün lazımi hərəkətləri həyata keçirir.

42. Həmçinin üçüncü şəxs Ramin Quliyev öhdəliyin tərəfi kimi onun tanınmasını xahiş etmiş və bildirmişdir ki, mənzilin tam dəyərini almaqla mənzili satmışdır.

43. İş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, Bank bu əməliyyatdan məlumatlı olmuş, əmlakın satılmasına etiraz etməmiş və faktiki olaraq həmin özgəninkiləşdirməyə razılıq vermişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, kreditorun razılığı ilə kredit münasibətinin təminat və iqtisadi əsasını təşkil edən əmlakın özgəninkiləşdirilməsi mühüm hüquqi nəticələr doğurur. Belə ki, kreditor öz iradəsi ilə müqavilə münasibətlərinin ilkin təminat mexanizminin dəyişdirilməsinə razılıq verdikdən sonra, sonradan həmin dəyişikliklərin mənfi nəticələrini tam həcmdə borclunun üzərinə qoya bilməz.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425ci maddəsinə əsasən, tərəflər öhdəliyi vicdanla icra etməlidirlər. Həmin Məcəllənin 6-cı maddəsində təsbit edilmiş mülki hüququn əsas prinsiplərindən biri də vicdanlı davranış prinsipidir. Kreditorun öz razılığı ilə həyata keçirilmiş özgəninkiləşdirmədən sonra borcluya qarşı əvvəlki həcmdə tələb irəli sürməsi hüquqi müəyyənlik və vicdanlı davranış prinsipləri ilə uzlaşmır.

46. Bundan başqa, iş materiallarında cavabdeh2 əmlakın satılmasından sonra kredit öhdəliyinin əvvəlki qaydada və həcmdə saxlanılmasına dair ayrıca öhdəlik götürdüyünü təsdiq edən hər hansı əlavə saziş, borcun etirafı sənədi və ya digər yazılı sübut müəyyən edilməmişdir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçının üzərinə düşən sübutetmə yükü ondan ibarət olmuşdur ki, Bankın razılığı ilə əmlak özgəninkiləşdirildikdən sonra belə cavabdeh2 kredit öhdəliyinin əvvəlki həcmdə davam etdiyini və onun mübahisələndirilən borca görə məsuliyyət daşıdığını sübut etsin. Lakin iddiaçı bu halı təsdiq edən kifayət qədər mötəbər və təkzibedilməz sübut təqdim edə bilməmişdir.

48. Məhkəmə kollegiyası nəzərə alır ki, kreditor uzun müddət ərzində əmlakın satılması faktına etiraz etməmiş, müqavilə münasibətlərinin dəyişdirilməsi ilə bağlı hər hansı tələb irəli sürməmiş, habelə borcun dərhal tələb olunması hüququndan istifadə etməmişdir. Bu davranış kreditorun faktiki olaraq yaranmış yeni hüquqi vəziyyəti qəbul etdiyini göstərir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, mübahisəli münasibətdə cavabdeh cavabdeh2 məsuliyyəti yalnız müqavilənin formal mövcudluğu ilə deyil, tərəflərin sonrakı davranışları və faktiki hüquq münasibətləri kontekstində qiymətləndirilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin iqtisadi əsasını təşkil edən əmlakın özgəninkiləşdirilməsi nəticəsində ilkin hüquq münasibətinin mahiyyəti dəyişmişdir. Belə olan halda, iddiaçının cavabdeh2 qarşı əvvəlki həcmdə pul tələbi irəli sürməsi kifayət qədər hüquqi əsaslarla təsdiq olunmur və həmin tələb əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd olunmalıdır.

49. İşə təkrar baxan məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları qiymətləndirərək qarşılıqlı iddianın hüquqi əsaslarının mövcudluğunu araşdırmışdır.

50. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, borclunun dəyişdirilməsi və ya kredit müqaviləsi üzrə öhdəliyin üçüncü şəxsə keçirilməsi yalnız kreditorun açıq və yazılı razılığı ilə mümkündür. Hazırkı işdə isə “xxxx” ASC-nin və ya onun hüquqi varisi olan Əmanətlərin Sığortalanması Fondunun Həsənov İlham Böyükkişi oğlunun kredit müqaviləsi üzrə borclu kimi qəbul edilməsinə dair hər hansı razılığı mövcud deyildir. İş materiallarında kredit müqaviləsinin subyekt tərkibinin dəyişdirilməsinə dair əlavə saziş, borcun köçürülməsi barədə müqavilə və ya kreditorun yazılı razılığını təsdiq edən hər hansı hüquqi sənəd müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyin tərəfinin dəyişdirilməsi yalnız qanunla müəyyən edilmiş qaydada və kreditorun razılığı ilə həyata keçirilə bilər. Tərəflər arasında faktiki münasibətlərin dəyişməsi və ya üçüncü şəxsin əmlakdan istifadə etməsi özüözlüyündə borclunun dəyişdirilməsi üçün hüquqi asas yaratmır. Cavabdeh cavabdeh2 isə borclunun dəyişdirilməsini təsdiq edan mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. 51.Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia mahiyyət etibarilə məhkəmə qaydasında müqavilə münasibətlərinin subyekt tərkibinin dəyişdirilməsinə yönəlmişdir ki, bu da kreditorun iradəsindan asılı olan hüquqi məsələyə aiddir va məhkəmə tərəfindan həmin iradənin əvəzinə keçməklə həll edilə bilməz. Odur ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

52. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə işin hallarına uyğun olmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi cavabdeh2 münasibətdə təmin edilməməlidir.

53. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil edir.

54. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi cavabdeh cavabdeh2 münasibətdə təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi apellyasiya icraatı qaydasında baxılmış qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar