Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6916/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2938/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Ətraflı abonent kartında qeyd edilir ki, xx.xx.2007-ci il tarixli ******* nömrəli müqavilə üzrə ******* nömrəli müştəri Cavabdeh adında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 92, mənzil 23 ünvanı üzrə cəmi 552,20 manat qalıq borcu vardır, sonuncu ödənişin 2021-ci ildə edildiyi müəyyən edilmişdir.
2. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunlf xx.xx.2022-ci il tarixinə onun su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 552,20 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. 7 iş günü müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda göstərilən xidmət dayandırılmaqla yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı bildirilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən xx.xx.2021-ci il tarixli arayışda cavabdehin qeydiyyat ünvanı ünvan 1.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 522,20 manat borcun tutularaq **********013 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilir ki, iddiaçı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********013) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 15 mart 2022-ci il tarixinə 522,20 (beş yüz iyirmi iki manat, iyirmi qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 15 fevral 2022ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 92, mənzil 23 olduğu qeyd olunmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2938/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Cəmilə Musayeva) ilə iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə 13 may 2016-cı il tarixli i qərarın 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 92, mənzil 23 İddiaçı ASC tərəfindən su təchizatı sistemindən suyun buraxılması və tullantı suların axıdılması xidməti ilə təmin edildiyindən, o, xx.xx.2007-ci il tarixli 13174922 nömrəli müqavilə üzrə ******* nömrəli müştəri kimi qeydiyyata alınmışdır. Hər ay üçün su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə qeyd olunan ünvanda qeydiyyatda olan şəxslərin sayı nəzərə alınmaqla ödənişin həyata keçirilməsi müəyyən edilmişdir. Lakin onun tərəfindən su təchizatı və tullantı suların axıdılmasına görə xidmət haqqı tam həyata keçirilməmiş (sonuncu ödəniş 2021-ci il tarixinə təsadüf edir) və nəticədə onun iddiaçıya 552,20 manat borcu yaranmışdır. Beləliklə cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (Mülki Məcəllə, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllə, maddə 385.1). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı cavabdehdən sudan və kanalizasiya xidmətlərindən istifadəsi nəticəsində yaranmış borcun ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilməsi abonent tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən hazırkı mülki işə sadələşdirilmiş icraat qaydasında baxıldığından və ona qeyd olunan tələblə bağlı heç bir rəsmi sənəd təqdim edilmədiyindən vaxtında iddia tələbinə münasibət bildirmək imkanından məhrum olmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, abonent kodu **********013 su təchizatı sistemi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 112 saylı evin 14 nömrəli mənzilinə aiddir və həmin mənzil əvvəl onun mülkiyyətində olmuşdur. Belə ki, xx.xx.2014-cü il tarixli AN-İ M0469501 saylı notarial qaydada bağlanmış "daşınmaz əmlakın alqı-satqı" müqaviləsi əsasında sözügedən mənzil onun tərəfindən X1. Məlum olduğu kimi, alqı-satqı zamanı alıcı və satıcı arasında təhviltəslim işləri aparılır və kommunal borcların olub-olmaması yoxlanılır. Həmin vaxt su təchizatı sistemi üzrə göstərilən xidmətlərə görə heç bir borcu olmamasına dair müvafiq arayış yeni mülkiyyətçiyə təqdim edilmişdir. Hesab edir ki, hazırkı mülki iş üzrə tələb əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Hazırkı 522.20 manat məbləğində yaranmış borc hansı dövrləri əhatə etdiyi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bununla yanaşı, məhkəmə öz qətnaməsinin əsaslandırılması hissəsində "Su təchizatı və tullantı suları haqqında" Qanunun 61.1-ci maddəsinə istinad etməsinə baxmayaraq, həmin hissədə heç bir araşdırma aparmamış və nəticədə yanlış qərar qəbul etmişdir. Belə ki, həmin maddəyə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Yuxarıda da qeyd edildiyi ki, **********013 saylı abonent kodu üzrə istehlakçı o, deyil və yeni mülkiyyətçi X3 ilə İddiaçı ASC arasında yeni müqavilənin bağlanılmaması yaranmış borcun sonuncudan tələb edilməsinə mane olmur. Bununla yanaşı, "Sudan istifadə qaydalarının" 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydanın tələbinə əsasən, cihaz quraşdırılmadığından iddiaçı verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcminin müəyyən etmək üçün istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə hesablama aparmalı idi. Göründüyü kimi, 2014-cü ildən bu günə kimi İddiaçı ASC tərəfindən **********013 saylı abonent kodu üzrə heç bir monitorinq aparılmamış və müvafiq qaydanın 7.4-cü maddəsinə riayət edilmədən hesablama aparılmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcələdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları halları istisna olmaqla, öhdəliyin mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Azərbaycan Respublikasının Su Məcəlləsi:
Maddə 97. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.
13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
14. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.5.-ci bəndinə görə, suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
15. Tarif Şurasının İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli qərarın 4-cü bəndinə əsasən, sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi üçün əsasdır.
18. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Əvvəla, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
24. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Belə ki, iddiaçı cavabdehlə arasında bağlandığını iddia etdiyi, hansısa mövcud olmayan (müqavilə №********) müqaviləyə istinad etsə də, iddia ərizəsinə belə bir müqavilə əlavə etməmişdir. Apellyasiya məhkəməsinə də belə bir müqavilə təqdim edilmədi. Demək, tərəflər arasında sudan istifadə ilə bağlı yazılı müqavilənin olmaması işin mübahisəsiz halına çevrilir.
25. “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələbinə əsasən, iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilənin olub-olmamasından asılı olmayaraq cavabdehin sudan istifadə haqqını ödəməsi onun iddia olunan evdə yaşaması, icarəçisi olması və yaxud onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanmalıdır. Lakin apellyasiya şikayətinin dəlillərindən, o cümlədən ona əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, abonent kodu **********013 su təchizatı sistemi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 112 saylı evin 14 nömrəli mənzilinə aiddir və həmin mənzil əvvəllər cavabdehin mülkiyyətində olmuş, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. Demək, mübahisəli ünvandakı mənzil artıq cavabdehə mülkiyyət hüququ əsasında məxsus deyil, eləcə də cavabdehin həmin ünvanda yaşaması da təsdiq olunmur. Əksinə cavabdehin başqa ünvanda, yəni ünvan 2ir məlumat mövcuddur. Göründüyü kimi, cavabdehin mübahisəli ünvanda yaşaması, icarəçisi olması yaxud hər hansı bir formada sudan istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Bu cür vəziyyətdə iddia necə təmin oluna bilərdi ki, məhkəmə də əsas olmadan bunu təmin edibdi. Əlbətdə ki, bu qənaətə gəlməzdən əvvəl birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olduğunu təsdiq edəcək hər hansı bir sübutun mövcud olmadığını nəzərə almalı idi.
26. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. İddiaçı cavabdehin mübahisəli ünvanda 3 nəfər ailə üzvünün olmasını nəzərə alaraq su təhcizatına və kanalizasiya xidmətinə görə məhz 3 nəfərə görə hesablama aparmışdır. Lakin mübahisəli ünvanda cavabdehin olmadığı(yaşamadığı) təsdiq olunur. Belə vəziyyətdə iddiaçı nəyə əsasən cavabdehdən 3 nəfərə görə bu xidmət haqqını tələb edib. Göründüyü kimi, işdən açıq-aşkar görünməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu faktı da nəzərdən qaçırmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2938/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2938/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.