Məhkəmə qərarları › İş №2(103)-6916/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6916/2024

27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6916/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-3624/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər keçmiş ər-arvaddır, onların iki uşağ var: xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3. Uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsi var. Sonradan iddiaçı alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət edib. Xəzər Rayon Məhkəməsinin başqa iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 200 manat müəyyən edilib. Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı alimentin miqdarının artırılması üçün xx.xx.2024-cü ildə yenidən məhkəməyə müraciət edib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 235 manat müəyyən edilsin. 3.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 220 manat, iki uşaqa üçün 440 manat müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Qətnamə alimentin miqdarına aid hissədə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilməli, alimentin miqdarı hər uşaq üçün 235 manat, iki uşaq üçün cəmi 470 manat müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 7.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə, yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilib. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşağın bu hüququ valideynin imkanları nəzərə alınmaqla onun hesabına təmin olunmalıdır. “İmkan” deyilərkən valideynin yalnız faktiki əmək haqqının miqdarı deyil, ümumilikdə maddi vəziyyəti, əmək qabiliyyəti, peşəsi, qazanc əldə etmək imkanları və digər bu kimi hallar nəzərdə tutulur. 8.Cavabdeh (ata) hər uşaq üçün 235 manat, iki uşaq üçün cəmi 470 manat aliment ödəmək imkanına malikdir. Belə ki, cavabdeh Bakı Baş Səhiyyə X4 Şəxsin 42 nömrəli şəhər poliklinikasında həkim-stomotoloq vəzifəsində çalışır. Yaşayış minimumu kimi müəyyən edilmiş məbləği tam olaraq ata ödəməlidir. Çünki uşaqların gündəlik qayğıları ananın üzərinə düşdüyünə görə, ana uşaqların saxlanmasında öz əməyi ilə iştirak edir. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-3624/2024 nömrəli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilsin və alimentin miqdarı uşaqlar X2 və X1 hər biri üçün hər ay 235 manat olmaqla iki uşaq üçün cəmi 470 (dörd yüz yetmiş) manat müəyyən olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar