Məhkəmə qərarları › İş №2(103)-6919/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6919/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6919/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun kredit reyestrindən silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə) “kredit reyestrindən borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3836/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Nikoyl” X2 (hazırda Cavabdeh ASC) ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə sonuncuya 12 ay müddətinə illik 23% dərəcəsi olmaqla 25.500 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı kredit götürən X1 öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. X6 müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir.

2. İddiaçı Cavabdeh ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-436/2022 nömrəli qətnaməsi ilə qismən təmin edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1915/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh İddiaçı aid hissədə ləğv olunması və iddia tələbinin ona aid hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, kreditor zaminə qarşı onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia verməli olduğu halda həmin müddəti 5 dəfə ötürmüşdür. Odur ki, iddiaçı zaminə qarşı tələb hüququnu itirmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə) “kredit reyestrindən borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə X6 arasında arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncuya 12 ay müddətinə illik 23% dərəcəsi ilə 25.500 manat kredit verilmişdir. Cavabdeh ASC tərəfindən əsas borclu X3 və zamin qismində İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Salyan Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş 15.505,39 ABŞ dolları əsas, 2.030,77 ABŞ dolları faiz və dövlət rüsumu qismində ödənilmiş 15,30 manat pulun X6 və İddiaçı tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə şikayət təmin edilmiş və iddia tələbi İddiaçı münasibətdə rədd edilmişdir. Lakin Mərkəzləşdirilmiş Kredit Reyestrində İddiaçı adı borclu qismində qalmaqdadır. Bu səbəbdən, İddiaçı kredit götürə bilmir.

7. Cavabdeh iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 1915/2022 nömrəli qətnaməsi ilə iddia tələbi iddiaçıya aid hissədə rədd edilsə də, həmin şəxsin zaminlik müqaviləsinə xitam verilmədiyi üçün onun hal-hazırda irəli sürdüyü iddia tələbi əsassızdır. Həmçinin, iddia ərizəsinin mahiyyətinin mənası tam başa düşülməyən bir cümlə ilə ifadə etməklə və Azərbaycan Respublikasının qanunlarına tam istinad edilməmişdir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3836/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh ASC-nin İddiaçı qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsinin əsası zaminliklə müəyyən edilmiş müddət çərçivəsində iddia müddətinin ötürülməsi olmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borclu və zamin tərəfindən öhdəliyin icra olunmaması və ya öhdəliyə xitam verilməməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən, icra edilməmiş öhdəliyə görə iddia müddətinin keçməsi əsası ilə öhdəliyin xitamı və bu barədə vahid məlumat bazasında informasiyanın yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı öhdəliklərin əmələ gəlməsinə, həmçinin xitamına səbəb olur. Hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı bank qarşısında borc öhdəliyinə xitam verilmişdir. Bundan başqa, mülki qanunverciliyin tələbinə görə iddia müddətinin keçməsi zaminliyə və zaminliklə müəyyən edilmiş borc öhdəliyinin xitamına səbəb olur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

19. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

20. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”: Maddə 2.1.2. Məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı. Maddə 3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Maddə 3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Cavabdeh ASC-nin İddiaçı qarşı pul tələbinə dair iddiasının rədd edilməsinin əsası zaminliklə müəyyən edilmiş müddət çərçivəsində iddia müddətinin ötürülməsi olmuşdur. İddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Lakin, icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. O da qeyd edilməlidir ki, həmin müddət kəsici müddətdir.

27. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1915/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh ASC qarşısında zaminliyinə xitam verildiyindən ona qarşı irəli sürülmüş iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh qarşısında artıq hər hansı öhdəliyi mövcud olmadığından kredit müqaviləsi üzrə qalıq borc İddiaçı münasibətdə kredit reyestrindən silinməlidir.

28. Bu baxımdan məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamış, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3836/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. xx.xx.2015-ci il tarixli, 6-M1Z1G1-3-0-685-15 nömrəli kredit müqaviləsi üzrə qalıq borcun İddiaçı adından Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi Cavabdeh ASC tərəfindən təmin edilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq iddianın verilməsinə görə ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində vəsait Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar