Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6922/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərinə Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-3833/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərinə Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-3833/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iddia tələbini əsaslandığı avtomobilinin ğirov qoyulmasını təsdiq edən arayış-protokoldan çıxarışı təqdim etmişdir. Cavabdehə yazılı sorğu etdiyini, lakin, bu günə qədər cavab verilməməsinə əsaslanıb AR MPM-nin 85-ci maddəsinə əsasən həmin sorğunun məhkəmə tərəfindən edilib borcunun olması barədə cavab alınmasını xahiş etmişdir. Məhkəmə onun iddia ərizəsin sonunda qeyd etdiyi xahişini nəzərə almamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(006)-3833/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsini, Əmanətlərin Sığortalanması Fonduna yazılı müraciəti və hazırda şəxsin adına 490 manat borcun mövcud olması ilə bağlı sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılamır və qeyd edir ki, iddia ərizəsinin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin məcəllənin 150-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: -cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; -dövlət rüsumunun ödənilməsi haqqında sənəd; -iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; -kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; -iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; -onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni; -müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, **-RC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 220” minik markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuş və ipoteka müqaviləsi əsasında, 10/04 K.N.N saylı hərrac protokolu ilə 13.02.2015-ci il tarixdə “xxxx” ASC-nin adına özgəninkiləşdirilmiş və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-AL-*** ilə əvəzlənmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində məhkəməyə təqdim edə bilmədiyi sənədlərin cavabdehdən tələb edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi buna qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan iddia ərizəsinin ona əlavə edilmiş səndlərlə birlikdə geri qaytarılması barədə səhv qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda qeyd olunanları əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə yenidən hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-3833/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə yenidən hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6922/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6922/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver