Məhkəmə qərarları › İş №2(103)-6924/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6924/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6924/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı lə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 82 000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddiasının təmin edilməsi tədbiri qismində cavabdehdə olan və cavabdehə məxsus əmlak, yaxud pul məbləğlərinə həbs qoyulmasını (müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi, cavabdehə əmlak verməyin və ya ona olan münasibətdə sair öhdəlikləri yerinə yetirməyin başqa şəxslərə qadağan edilməsi) istəmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinin qismən təmin edilməsinə dair yeni qərardad çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun göstərilən müddəalarının mənası baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olmaqla, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Qeyd olunmalıdır ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına, eləcə də, cavabdehin əmlaklarının, yaxud bank hesablarının mövcud olub-olmadığının məhkəmə tərəfindən xüsusi olaraq araşdırılmasına ehtiyac yoxdur və qərarın icrası istiqamətində tədbirlər görülərkən bu kimi məsələlər aydınlaşdırıla bilər. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, habelə ərizədə cavabdeh kimi qoyulmuş şəxs(lər)ə qarşı yönəldilmiş tələb(lər)in ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Hazırkı mübahisənin halları baxımından məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı, kifayət qədər böyük məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməli olduğunu bildirir və iş materiallarından müəyyən olunur ki, həmin iddia tələbinin təminatı mövcüd deyildir. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv olunmalı, cavabdehə məxsus əmlakların (aşkar ediləcəyi təqdirdə), yaxud ona aid pul vəsaitinin (aşkar ediləcəyi təqdirdə) üzərinə iddia tələbi həcmində həbs qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2499/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizəsi qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh məxsus əmlakların (aşkar ediləcəyi təqdirdə), yaxud ona aid pul vəsaitinin (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 82 000 (səksən iki min) manat həcmində həbs qoyulsun. Qərardad dərhal icra olunsun və onun icrası Bakı şəhəri Nizami rayon icra şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh bank hesablarının olduğu banklara həvalə edilsin. Bu qərardadın, Cavabdeh bank hesablarından əmək haqqı, vergi və sığorta ödənişləri üçün pul vəsaitlərinin məxaric edilməsinə maneə yaratmadığı nəzərə alınsın. İddianı təmin etmə tədbirinə dair ərizə qalan hissədə təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar