Məhkəmə qərarları › İş №2(103)-6926/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6926/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6926/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “X8 Kredit Təşkilatı” X5 vəkili X3 iştirakı ilə X11 Təşkilatı “Prokredit” X5 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinədair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin vərəsəsi olan X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 Təşkilatı “Prokredit” X9 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 8616 (səkkiz min altı yüz on altı) ABŞ dolları əsasc, 4435 (dörd min dörd yüz otuz beş) ABŞ dolları faiz borcu olmaqla cəmi 13 051 (on üç min əlli bir) ABŞ dollarının ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq ASC-nə ödənilməsi barədə əmr verilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli əmri ilə ərizə təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh varisi olduğunu bildirən Səlim Səlimzadə tərəfindən həmin əmrə verilən etiraz məhkəməyə daxil olmuş, adı çəkilən şəxs etirazında atasının əmr verilməmişdən 1 ay əvvəl vəfat etmiş olduğunu, icra məmurunun isə borcu ondan tələb etdiyini göstərməklə əmrin ləğvini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə etiraz təmin olunaraq əmr ləğv edilmiş və iddia icraatına keçilmiş, xx xxxx 2020-ci il tarixli qətnamə ilə isə iddianın təmin olunması, X1 8616 ABŞ dolları əsas, 4435 ABŞ dolları faiz borcu olmaqla cəmi 13 051 ABŞ dolları borcun, habelə 20 manat dövlət rüsumunun tutularaq X11 Təşkilatı “Prokredit” X7 ödənilməsi qət olunmuşdur. Qətnamədən X2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmə əmrinin atasının vəfat etməsindən sonra çıxarıldığı, atasının mirasını qəbul etmədiyi və eyni zamanda onunla bərabər atasının digər vərəsələrinin olduğu, əgər atasının borcuna görə məsuliyyət daşıyırlarsa, hər bir vərəsənin qəbul etdiyi miras həcmində məsuliyyət daşımalı olduğu arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış apellyator məhkəməyə gəlməmiş, iddiaçı təşkilatın vəkili isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki,mülki işin icraatına xitam verilməli və qətnamə ləğv olunmalıdır. Belə ki, iş materiallarından X11 Təşkilatı “Prokredit” X5 borclusu olan Cavabdeh birinci instansiya məhkəməsində müvafiq icraat başlamamışdan əvvəl – xx xxxxxx 2017-ci il tarixdə vəfat etdiyi aydın olur; vəfat etmiş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanmadığından prosessual hüquq varisi ilə əvəz olunması mümkün deyildir. Bu mənada kollegiyanın qənaətinə görə, həmin hal müəyyən olunduqdan, yəni iddiaçının vəfat etmiş şəxsə qarşı iddia qaldırdığı bilinəndən sonra, birinci instansiya məhkəməsi əslində icraata xitam verməli və iddiaçıya mərhumun vərəsələrini müəyyən edərək onlara qarşı iddia irəli sürmək hüququnun olduğunu izah etməli idi; lakin məhkəmə prosessual qanunvericiliyin tələbini pozaraq və eyni zamanda Səlim Səmədzadənin prosessual statusu barədə hər hansı qərar qəbul etmədən onun hüquq və vəzifələrinə təsir göstərən qətnamə çıxarmışdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iş materiallarından Cavabdeh miras qalmış əmlaka dair vərəsəlik işi açıldığı və onun 3 vərəsəsinin müəyyənləşdirildiyi görünür; Mülki Məcəllənin 1306-cı maddəsinə görə isə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bu o deməkdir ki, Cavabdeh vərəsələrinin dairəsi tam müəyyənləşdirilmədən və onların miras aktivindən hansı nisbətdə pay aldıqları aydınlaşdırmadan yalnız bir vərəsədən borcun tutulması vərəsəlik institutunun mahiyyətinə də ziddir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddianın (ərizənin) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Fuad Babayev Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar