Məhkəmə qərarları › İş №2(103)-6929/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6929/2021

23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6929/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 09 mart 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı Birliyin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Birlik cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.411,90 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30.40 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.05.2019-cu il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi “Nissan-X Trail” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil iddiaçı X2 Qaz İstismar İdarəsinin İsmayıllı Xidmət Sahəsinin balansında və istismarında olan, həmin ərazidən keçən D-57 mm-lik qaz kəmərinin üzərində quraşdırılmış qaztənzimləyici məntəqəyə (ŞQTM) çırpılaraq həm onu, həm də qaz kəmərini qıraraq yararsız hala salmışdır. Bunun nəticəsində qaz itkisi də baş vermişdir. Vurulmuş ziyanın hesablanması zamanı Birliyə ümumilikdə 1.411,90 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir ki, buraya qaz kəmərinin təmiri zamanı istifadə edilmiş mal-materialların, yararsız vəziyyətə düşmüş şkaf tipli qaztənzimləyici məntəqənin və itkiyə getmiş təbii qazın dəyəri daxildir. Baş vermiş hadisənin araşdırılması, Birliyə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün 30.05.2019-cu il tarixli, 01NM-13HŞ-706 nömrəli məktubla İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edilmiş, İsmayıllı RPŞ tərəfindən aparılmış təhqiqatın nəticəsi olaraq cinayət işinin başlanması rədd edilmiş, lakin dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bundan sonra Birlik 10.10.2019-cu il tarixli məktubla cavabdehə müraciət edərək ziyanın ödənilməsini tələb etmiş, lakin cavabdeh ziyanı ödəməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Birliyə dəymiş zərər cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, o, 280 manat dəyərində avadanlığa pul xərcləmiş, həmçinin 200 manata işçi qüvvəsi cəlb edərək, qaztənzimləyici məntəqəni və qaz borusunun qırılmış hissəsini işlək vəziyyətə gətirmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman, cavabdeh, zədələnmiş hissələrin təmir edilməsinin yoxlanması məqsədi ilə mütəxəssisin cəlb edilməsini xahiş etmiş, lakin işə baxmış Rayon Məhkəməsi bununla bağlı heç bir prosessual hərəkət edilməmişdir. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iş üzrə cavabdeh iddiaçı Birliyə dəymiş zərəri nə tam, nə də ki, qismən ödəməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 08.05.2019-cu il tarixdə tərtib edilmiş akta əsasən qaz itkisinin hesabatından görünür ki, 08.05.2019-cu il tarixdə saat 21:20 radələrində İsmayıllı XS-nin 104 xidmətinə naməlum avtomobilin İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivində Baxışov Dursunun həyətinin qarşısından keçən qaz xəttinin üzərində yerləşən ŞQTM-nin vurulması barədə məlumat daxil olmuşdur. Qaz xəttinə texniki baxış keçirilmiş və aşkar edilmişdir ki, qaz xətti üzərində olan ŞQTM-200 kub metr/saat, kranlar və keçidləri avtomobil vurması nəticəsində qırılmışdır. Məlum olmuşdur ki, qaz xəttini Cavabdeh idarə etdiyi “Nissan-X Trail” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirərək qaz xəttinə dəyməsi nəticəsində qırılmışdır. Hadisə nəticəsində qaz xəttinin üzərində olan 1 ədəd ŞQTM, 4 ədəd d-57 mm-lik əymə, 1 ədəd d- 50 mm-lik kran və 6 metr d-57 mm-lik polad boru istismara yararsız vəziyyətə düşmüşdür. Qaz kəmərinə müdaxiləyə görə qaz həcmi ilə birlikdə 1411.90 manat dəyərində ziyan dəymişdir. 09.05.2019-cu il tarixdə İsmayıllı XS-nin TBX-nin mühəndisi Emin Mürşüdov, İsmayıllı XS-nin TBX-nin çilingəri Mətləb Rəsulov, İsmayıllı XS-nin sürücüsü Səlim Ələkbərov tərəfindən tərtib edilərək imzalanmış Aktdan görünür ki, 08.05.2019-cu il tarixdə saat 21:20 radələrində İsmayıllı XS-nin 104 xidmətinə naməlum avtomobilin İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivində Baxışov Dursunun həyətinin qarşısından keçən qaz xəttinin üzərində yerləşən ŞQTM-nin vurulması barədə məlumat daxil olmuşdur. Qaz xəttinə texniki baxış keçirilmiş və aşkar edilmişdir ki, qaz xətti üzərində olan ŞQTM-200 kub metr/saat, kranlar və keçidləri avtomobil vurması nəticəsində qırılmışdır. Məlum olmuşdur ki, qaz xəttini Cavabdeh idarə etdiyi “Nissan-X Trail” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirərək qaz xəttinə dəyməsi nəticəsində qırılmışdır. Hadisə nəticəsində qaz xəttinin üzərində olan 1 ədəd ŞQTM, 4 ədəd d-57 mmlik əymə, 1 ədəd d-50 mm-lik kran və 6 metr d-57 mm-lik polad boru istismara yararsız vəziyyətə düşmüşdür. İş materialları və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlar əsasında müəyyən edilir ki, cavabdeh 08.05.2019-cu il tarixdə idarə etdiyi avtomobil ilə İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil iddiaçı X2 Qaz İstismar İdarəsinin İsmayıllı Xidmət Sahəsinin balansında və istismarında olan, həmin ərazidən keçən D-57 mm-lik qaz kəmərinin üzərində quraşdırılmış qaztənzimləyici məntəqəyə çırpılaraq həm onu, həm də qaz kəmərini qıraraq yararsız hala salmışdır. Qaz kəmərinin qırılması nəticəsində qaz itkisi də baş vermişdir. Birliyin hesablamalarına görə, ona vurulmuş ziyan 1.411,90 manat məbləğindədir ki, buraya qaz kəmərinin təmiri zamanı istifadə edilmiş mal-materialların, yararsız vəziyyətə düşmüş şkaf tipli qaztənzimləyici məntəqənin və itkiyə getmiş təbii qazın dəyəri də daxildir. İddiaçı Birlik cavabdeh vurulmuş ziyanın ödənilməsini tələb edir. Cavabdeh bildirir ki, vurulmuş ziyan onun tərəfindən aradan qaldırılmışdır. Hazırda ondan heç bir məbləğ tələb oluna bilməz. Mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdehin dəlili ondan ibarətdir ki, o zədələnmiş əmlakı təmir etmiş, 280 manat məbləğində avadanlığa pul xərcləmiş, habelə əmlakın təmiri məqsədi ilə işçi qüvvəsinə 200 manat pul ödəmişdir. Bu mübahisəli halın həlli ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 14.2. və 77.1.). Buna baxmayaraq, cavabdeh zədələnmiş əmlakın təmir edilməsi, bu məqsədlə müəyyən xərclər çəkməsinə dair sübutları (məsələn: təmir edildikdən sonra əmlakın saz vəziyyətdə olmasına dair fotoşəkillər, 280 manat avadanlıq almasına dair qəbzlər, işçi qüvvəsinə sərf etdiyi məbləğə dair hər hansısa bir sənəd) Məhkəməyə təqdim etməmişdir. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək bildirdi ki, iş üzrə cavabdeh iddiaçı Birliyə dəymiş zərəri nə tam, nə də ki, qismən ödəməmişdir. Belə olan halda hesab edilir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və 01.01.2018-ci il tarixdən qüvvəyə minmiş 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 09 mart 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar