Məhkəmə qərarları › İş №2(103)-6935/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6935/2025

09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6935/2025 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı (Olimpus-Az MMC və Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, İddiaçı nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (Olimpus-Az MMC və Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 827/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 905/d saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixli, 02-7Q saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin KOD 01100003 JN- 9752 saylı dövlət aktı nəzərə alınaraq, Yasamal rayonu, Talıblı küçəsində 3,00 ha ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilməsi və həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsinin eyni məqsədlə həmin MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. "xxxx" MMC ilə İddiaçı Əlisəfa qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cəmiyyət ünvan 1 ünvanda inşa edəcəyi yaşayış binasının 13-cü girişinin, 9-cu mərtəbəsində, 1474 saylı mənzili payçıya təhvil verməyi, pауçı isə öz növbəsində mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş 46.752 manat dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, Yeni ünvan 2 ünvanında inşa edilən binanın 13-cü girişinin, 9-cu mərtəbəsi ünvanında yerləşən 1474 saylı mənzilinin dəyəri İddiaçı tərəfindən MMC-yə ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Yasamal Rayon İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli, 510/d saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə, "xxxx" MTK-nın sədri İsfəndiyar Axundovun torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmiş öhdəlik ərizəsi ilə əlaqədar, bu məqsədlə Yasamal rayonu Yeni Yasamal-2 yaşayış sahəsində, "Qismət" şadlıq sarayının yaxınlığında, "Yeni Yasamal istirahət parkı"nın bilavasitə yanındakı, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 1.2657 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 200 nömrəli Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamının surətindən görünür ki, Yasamal rayonu Yeni Yasamal-2 yaşayış sahəsində “Yeni Yasamal istirahət parkı”nın bilavasitə yanında, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 1.2657 ha torpaq sahəsi bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-nın icarə əsasında istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsi mövcud qanunvericiliyə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında Cavabdeh MTK-ya həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə Cavabdehnə (VÖEN **********) qoşularaq xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, "xxxx" MTK "xxxx" MMC-nin hüquqi varisidir. Həmçinin "xxxx" MMC (VÖEN **********) xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi və ya hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Olimpus-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alındığı xx.xx.2004-cü il tarixdən X3 (xx.xx.2012-ci il tarixdə vəfat etmişdir) adı Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru kimi reyestrə daxil edilmişdir. Hazırki tarixədək Cəmiyyət tərəfindən direktor dəyişikliyi ilə əlaqədar İdarəyə hər hansı müraciət daxil olmadığı üçün X3 adı "xxxx" MMC-nin rəhbəri olaraq reyestr məlumatlarında mövcuddur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh MTK-ya və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 158.000 manat dəyərində dəymiş zərərin, 320 manat məbləğində vəkil xərcinin və 448 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən, Cavabdeh MTK-dan və Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasında və ya ona yaxın ərazidə yerləşən yeni tikilmiş binaların 7-11-ci mərtəbələrində, 79 kv.m sahəsi olan, 2 otaqlı mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə “Mənzil tikintisi haqqında” müqavilə bağlayaraq həmin zaman ünvan 1 adlandırılan, halhazırda isə ünvan 5 adlanan ünvanda sahəsi 79 kv.m. olan 2 otaqlı mənzil almaq üçün tam ödəniş etmişdir. Mənzilin dəyərinin tam ödənilməsi barədə "xxxx" MMC tərəfindən maliyyə arayışı da təqdim edilmişdir. Lakin binanın 3 mərtəbəsinin tikilməsinə baxmayaraq, onlara məlum olmayan səbəblərdən tikinti müəyyən müddətdə tam dayandırılmışdır. Bir neçə gün əvvəl qeyd edilən ünvanda binanın tikintisinin Cavabdeh MTK tərəfindən davam etdirildiyini müşahidə etmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq razılıqları və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı olmadan yarımçıq qalmış tikintinin digər MTK tərəfindən davam etdirilməsi mümkün deyildir. Məlumata əsasən qeyd edilən binanın inşasının davam etdirilməsi Cavabdeh MTK-ya həvalə edilərkən, mənzillərin alınması üçün "xxxx" MMC-yə ödəniş etmiş və tikintinin dayandırılması nəticəsində zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi də bir vəzifə kimi Cavabdeh MTK-nın qarşısında qoyulmuşdur. Lakin, müvafiq müqaviləyə əsasən mənzilin dəyərinin tam ödənilməsi barədə sənədləri təqdim etməsinə baxmayaraq “Hollivud” Şadlıq Sarayının 4-cü mərtəbəsində yerləşən ofisdə özünü Cavabdeh MTK-nın rəhbəri kimi təqdim edən və "xxxx" MMC-yə əvvəllər bilavasitə kənar idarəedici kimi rəhbərlik edən İsfəndiyar Axundov adlı şəxs heç bir əsas görtərmədən bu binada mənzillə təmin edilmək hüququnun olmadığını bildirilmişdir. Müvafiq sorğularla qurumlara müraciət etməklə məlum olmuşdur ki, qeyd edilən ünvanda "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 237 nömrəli sərəncamı verilmiş və həmin sərəncama əsasən torpaq sahəsinə dair 05/52 nömrəli ayrıca aktı tərtib edilmişdir. Eyni zamanda, ünvan 5 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 288 nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubuna əsasən, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinə qoşularaq xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Cavabdeh MTK "xxxx" MMC-nin hüquqi varisidir. Cavabdeh onun həm evsiz, həm də vəsaitsiz qalmağında günahkardır. "xxxx" MMC mənzili ona təhvil verməmiş, Bakı Şəhər İcra Hakimiyyəti onu və onun kimi digər vətəndaşlarının mənafeyinə zidd olaraq həmin mənzilin üzərindəki torpaq sahəsini digər şəxsə vermiş, "xxxx"nin də hüquqi varisi olan “Şərur MTK” ona dəymiş zərəri ödəməkdən imtina etmişdir. Cavabdeh MTK iddia müddətinin tətbiq edilməsi barədə ərizə və iddiaya etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış müqavilənin 1-ci bəndində qeyd edilən müqavilə predmeti olan mənzillə bağlı notarial qaydada alğı-satqı aparılmasını təsdiq edən hər hansı bir sənədə rast gəlinmir. Göründüyü kimi qanunvericiliyin tələbi əsasında daşınmaz əmlaka dair notarial qaydada müqavilə bağlanmadığı halda öhdəliyin yaranması üçün mülki qanunvericilik yalnız zərər vurulma və əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin əmələ gəlməsini mümkün sayıb. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil, yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Fərz edilsə ki, mülki qanunvericiliyə uyğun olaraq hər hansı bir əsasla tərəflər arasında bir öhdəlik hüquq münasibəti mövcud olub, bu halda bir neçə məsələyə diqqət yetirilməlidir. Birincisi təşkilati hüquqi formasından da göründüyü kimi "xxxx" məhdud məsuliyyətli cəmiyyət olub və hazırda da belə fəaliyyətini davam etdirir, bu halda isə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İddiaçı ilə "xxxx" MMC arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən pul vəsaitinin həqiqətən ödənilməsi məsələsinin aydınlaşdırılması aparılmalı, həqiqətən iddiaçı şəxsin həmin müqavilələr üzrə pul ödədiyi və yaxud hansı məbləğdə ödədiyi müəyyən edilməlidir. Məlumata görə iş üzrə cinayət işi olmuş və məhkəmə hökmü ilə məsələyə münasibət bildirilmişdir. Eyni zamanda Ali Məhkəmənin 2(102)-27564/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı vəsatətə əlavə edilmişdir. İstər "xxxx" MMC-yə qarşı, istərsə də "xxxx" MTK-ya qarşı, qanunu qüvvəsini almış Ali Məhkəmənin qərarı və qərardadları vardır. Həmin qərarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvan 9 ünvanda inşa edilən binada mənzilləri öz adından satmağa səlahiyyəti olmadığından, X6 ilə bağlanmış olduğu xx.xx.2008-ci il tarixli mənzil tikintisi müqaviləsi əhəmiyyətsiz əqddir. Həmçinin mülki qanunvericiliklə tənzimlənən iddia müddəti də ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri barəsində dələduzluq faktı ilə cinayət işi başlanmışdır. O, cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Cinayət işi üzrə onlar zərəçəkmiş şəxs qismində cəlb edilməmişlər. Sonradan binanı inşa etmək səlahiyyəti "xxxx" MMC-yə, o, ləğv edildikdən sonra isə Cavabdeh MTK-ya keçmişdir. Bu səbəbdən də həmin MTK-dan mənzil verilməsini tələb edirlər. Çünki "xxxx" MMC faktiki olaraq fəaliyyət göstərmir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X4 bildirmişdir ki, "xxxx" MMC podratçı şirkət olmuşdur. Yəni onun alqı-satqı müqaviləsinin tərəfi olmaq hüququ olmamışdır. Müvafiq məsələ ilə bağlı çoxsaylı məhkəmə qərarları vardır. Məhkəmə təcrübəsi artıq formalaşmışdır. Hazırda isə Cavabdeh MTK-nın hər hansı bir öhdəliyi yoxdur. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə müqavilə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və hər iki tərəfin iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasında "xxxx" MMC və ya Cavabdeh MTK iştirak etməmişdir. Sözügedən müqavilə "xxxx" MMC və Cavabdeh MTK üçün hər hansı öhdəlik (vəzifə) yaratmır. İddiaçının təqdim etdiyi Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-829/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(102)-2757/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarlarının surətlərindən də göründüyü kimi, oxşar mübahisələrə dair işlərdə "xxxx" MMC-nin "xxxx" MMC ilə birgə borclu olmadığı üçün məsuliyyət daşımadığı müəyyən edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alğı- satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaqdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri, o cümlədən icra hakimiyyətlərinin qərarlarını, dövlət orqanlarının məktublarını və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını araşdıraraq müəyyən etmişdir ki, tikinti hüququ "xxxx" MMC-yə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icazə məhz bu şirkətə verilmişdir. "xxxx" MMCnin həmin sahəyə və tikintiyə dair hüquq sahibi olması və ya satış həyata keçirmək səlahiyyətinə malik olması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının icra hakimiyyəti tərəfindən, zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması dəlilinə münasibətdə qeyd etmişdir ki, icra hakimiyyəti orqanının qərarı ilə hər hansı hüquqi şəxsin üzərinə zərəri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən mənzilin bir neçə şəxsə satılması nəticəsində zərərçəkmiş vətəndaşların siyahısı tərtib edilmiş və müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Hazırki iş üzrə iddiaçı isə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK-nın hazırkı binanın inşasında iştirak etməsi onun əvvəlki şirkətin öhdəliklərini avtomatik şəkildə qəbul etməsi anlamına gəlmir. İddiaçı ilə bu qurum arasında hər hansı hüquq münasibəti yaranmadığından, Cavabdeh MTK-nın mənzili iddiaçıya təhvil vermək vəzifəsi mövcud deyildir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 385.1, 386.1, 387.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 827/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh MTK-ya və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 158.000 manat dəyərində dəymiş zərərin, 320 manat məbləğində vəkil xərcinin və 448 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən, CavabdehMTK-dan və Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasında və ya ona yaxın ərazidə yerləşən yeni tikilmiş binaların 7-11-ci mərtəbələrində, 79 kv.m sahəsi olan, 2 otaqlı mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İddia tərəfi olaraq hesab edirlər ki, məhkəmənin həmin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə, hesab etmişdir ki, Cavabdeh MTKnın hazırkı binanın inşasında iştirak etməsi onun əvvəlki şirkətin öhdəliklərini avtomatik şəkildə qəbul etməsi anlamına gəlmir. İddiaçı ilə bu qurum arasında hər hansı hüquq münasibəti yaranmadığından, Cavabdeh MTK-nın mənzili iddiaçıya təhvil vermək vəzifəsi mövcud deyildir. Hesab edir ki, məhkəmə məsələyə səthi yanaşmışdır. Əgər tərəflər arasında müqavilə yoxdursa deməli, münasibət də yoxdur (qeyd: əsassız varlanma və delikt halları hazırda müzakirə predmeti deyildir). Lakin, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 200 nömrəli Sərəncamı qanunvericiliyin digər kateqoriyasına aid edilir. Həmin kateqoriya, Mülki Məcəllənin 14.2.2.-ci maddəsində (dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları) öz əksini tapmışdır. Məsələ burasındadır ki, sərəncam qəbul edildiyi zaman, Cavabdeh MTK artıq həmin sərəncamın icrası ilə bağlı yarana biləcək riskləri anlayaraq, icranı öz öhdəsinə götürmüşdür. Digər tərəfdən, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin ərazidə binanın tikintisi dayandırıldığı zaman, artıq binanın bir hissəsi tikilmişdir. Şübhəsiz ki, həmin binanın tikintisi buna görə vəsait ödəmiş sifarişçilərin hesabına həyata keçirilmişdir. Bundan əlavə, qanunvericiliyin əsası olan “vicdanlı əldə edən prinsipi”nə əsasən birgə fəaliyyət göstərən hüquqi şəxslər arasında olan münasibətlər, vicdanlı əldə edən şəxsin mənafeyinə zidd həyata keçirilə bilməzdi. Bu səbəbdən, onların mövcud olan istənilən şərt iddiaçı üçün məcburi hesab edilə bilməz. Halbuki, məhkəmə "xxxx" MMC ilə "xxxx" arasında olan hüquq münasibətlərinə toxunur və həmin münasibətlərdən irəli gələn müddəalar iddianın rədd edilməsinin əsasını təşkil edir. Həmçinin, məhkəmə haqsız olaraq, “Şərur MTK”-nın sübut qismində təqdim etdiyi məhkəmə qətnaməsini və qərarlarını əsas götürmüşdür. Lakin, məsələ burasındadır ki, həmin işlərin heç birisində sübut qismində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 200 nömrəli sərəncamına istinad edilməmiş, həmin sərəncama münasibət bildirilməmişdir. Məlumat üçün bildiririk ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni nə qədər ki, həmin işlər üzrə sırf sözügedən sərəncamla bağlı münasibət bildirilməmişdir, həmin qərarlar məhkəmənin qətnamə qəbul etməsi üçün əsas hesab edilə bilməz və hər-hansı preyedusiyal qüvvəyə malik ola bilməz. Bütün bu məqamlar, onu deməyə əsas verir ki, məhkəmə işi hər tərəfli araşdırmamış qanunvericiliyin mövcud normalarını isə yanlış tətbiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 200 nömrəli sərəncamı ilə Cavabdeh MTK üzərinə qoyulmuş vəzifələr iddiaçı ilə Cavabdeh MTK arasında mülki münasibətlər yaratmışdır. Lakin, məhkəmə bu normanı inkar etmiş, tərəflərin arasında müqavilənin mövcud olmamasını əsas gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə Cavabdehnə (VÖEN**********) qoşularaq xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir, "xxxx" MTK "xxxx" MMC-nin hüquq varisidir. Təbii ki, sırf formal həqiqət tərəfindən deyil, ağlabatan mühakimə tərəfindən yanaşsaq, görə bilərik ki, "xxxx" ilə "xxxx" MMC arasında şübhəli, qabaqcadan alıcıları aldadan müqavilə bağlanır, "xxxx" MMC ləğv edilir və nəticədə həmin ərazi Cavabdeh MTK-nın balansına keçir. Hesab edir ki, bütün bunların özü də sxem xarakteri daşıyır. Lakin bütün bunlara baxmayaraq, məhkəmə tərəfindən həmin hallara qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci iltarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən MMC ünvan 1 ünvanında inşa ediləcək binanın 13-cü giriş, 9-cu mərtəbəsində yerləşən 1474 saylı mənzili 46.752 manat müqabilində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, Cavabdeh MTK ilə İddiaçı arasında münasibətlərin yaranmasının əsası kimi dövlət orqanının qərarı yəni, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 200 nömrəli sərəncamı qeyd olunmuşdur. Həmin sərəncamdan görünür ki, Yasamal rayonu Yeni Yasamal-2 yaşayış sahəsində “Yeni Yasamal istirahət parkı”nın bilavasitə yanında, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 1.2657 ha torpaq sahəsi bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-nın icarə əsasında istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsi mövcud qanunvericiliyə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında Cavabdeh MTK-ya həvalə edilməsi qərara alınmışdır. Mülki Məcəllə 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmənin istinad etdiyi, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan hər-hansı razılaşmanın hazırkı iddiaya və iddiaçıya tətbiqi yolverilməzdir. Belə ki, həmin şərtlərin tətbiqi birbaşa vicdanlılıq prinsipinə xələl gətirir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin keçirilən məhkəmə prosesindən məlumdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iş üzrə sübutları dərindən tədqiq etməmişdir. Məhkəmə “Şərur MTK”-nın sübut qismində təqdim etdiyi məhkəmə qətnaməsini və qərarlarını əsas götürmüşdür. Halbuki, həmin işlərin heç birisində sübut qismində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 200 nömrəli sərəncamına istinad edilməmiş, həmin sərəncama münasibət bildirilməmişdir. Məhkəmə, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan razılaşmaya istinad etmiş lakin, həmin razılaşma işə əlavə edilməmişdir. Bu səbəbdən həmin razılaşmanın mötəbərliyinə də əsaslı şübhələr mövcuddur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil və nümayəndəsi (oğlu) X5 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahatlar verib şikayətin təmin edilməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MTK-ya və mübahisə premeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Olimpus-Az MMC-yə və Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh MTK-nın və mübahisə premeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Olimpus-Az MMC-in və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Kollegiya qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə təkzib olunmaz dəlil təqdim etmələri zəruridir. Çünki sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Hazırkı iş üzrə iddiaçının tələblərindən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa ediləcək binanın 13-cü giriş, 9-cu mərtəbəsində yerləşən 1474 saylı mənzili 46.752 manat müqabilində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair iddiaçıya xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Binanın 3 mərtəbəsi tikilsə də, sonradan tikintisi dayandırılmışdır. İddiaçı "xxxx" MMC-yə həmin binanın layihələndirilməsinə icazə verildiyinə, Cavabdeh MTK-nın "xxxx" MMC-nin hüquqi varisi olduğuna, binanın tikintisinin Cavabdeh MTK tərəfindən davam etdirildiyinə, zərərçəkən vətəndaşların hüquqlarının bərpa edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulduğuna istinad edərək "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Kollegiya qeyd edir ki, ödəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməlidir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanmasında "xxxx" MMC və ya Cavabdeh MTK iştirak etmədiyindən bu müqavilə "xxxx" MMC və Cavabdeh MTK üçün hər hansı öhdəlik (vəzifə) yarada bilməz. Bundan başqa Cavabdeh MTK-nın hazırda binanın inşasında iştirak etməsi halı da, iddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə üzrə podratçının öhdəliyinin icrasının cavabdehdən tələb edilməsi üçün əsas ola bilməz. Belə ki, mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tikinti hüququ "xxxx" MMC-yə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icazə məhz "xxxx" MMC-yə verilmişdir. İddiaçı isə "xxxx" MMC-nin tikintiyə dair hüquq sahibi olması, inşa edilən binada olan mənzillərin satışını həyata keçirmək səlahiyyətinə malik olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, araşdırma zamanı da bu hallar müəyyən olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, icra hakimiyyəti orqanının qərarı ilə hər hansı hüquqi şəxsin üzərinə zərəri ödəmək vəzifəsi qoyulması mümkün olmadığından, iddiaçı bağladığı müqavilə ilə bağlı zərərçəkən şəxs qismində tanınması barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən onun “icra hakimiyyəti tərəfindən, zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması” ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, sifarişçi İddiaçı ilə podratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında podrat müqaviləsi üzrə mənzili Cavabdeh MTK-nın İddiaçı təhvil vermək kimi öhdəliyi olmadığından, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 827/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar