Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6936/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İMEİ kodu **********32315 X4 markalı telefon üçün 100 manat ödənilməmiş hissə, 96 manat dəbbə pulu, İMEİ kodu **********55488 Samsung J2 markalı telefon üçün 315 manat ödənilməmiş hissə, 270 manat dəbbə pulu, İMEİ kodu **********39823 Samsung J2 markalı telefon üçün 400 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu, soyuducu Samsung, paltaryuyan Samsung üçün 1.356 manat ödənilməmiş hissə, 840 manat dəbbə pulu, ümumilikdə 2.171 manat ödənilməmiş hissə, 1.506 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 3.707 manat Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********32315, **********55488, **********39823 X4, 2 ədəd Samsung J2 markalı telefon, Samsung markalı soyuducu və paltaryuyan almış və nəticədə 3.677 manat borc yaranmışdır. Bu günə qədər cavabdehə etdiyi müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə İMEİ kodu **********32315 alqı-satqı 365 manat (yəni 12 ay x 27 manat 41 0 + manat) olan X4 markalı telefon, İMEİ kodu **********55488 alqı-satqı 420 manat (yəni 12 ay x 35 manat + 0 manat) olan Samsung J2 markalı telefon, İMEİ kodu **********39823 alqı-satqı 480 manat (yəni 12 ay x 40 manat + 0 manat) olan Samsung J2 markalı telefon, alqı-satqı 2.656 manat olan Samsung markalı soyuducu və paltaryuyan üçün ümumilikdə 3.677 manat olmaqla, ondan 2.171 manat ödənilməmiş hissə, 1.506 manat dəbbə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1 %miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.750 manat təşkil edir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2.171 (iki min yüz yetmiş bir) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2.351 (iki min üç yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin cərimənin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qanunvericiliyin tələbinə zidd olaraq qəbul edilmiş, maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə 2.171 (iki min yüz yetmiş bir) manat ödənilməmiş hissə üzrə 150 (yüz əlli) manat dəbbə pulunun tutulması hissəsində də qanunsuzluğa yol vermiş, bu da hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qeyd etdi ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh süründürməçilik edərək bu yolla iddiaçıya olan borcunu ödəməkdən yayınır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, apelyasiya məhkəməsinə ərizə ünvanlayaraq xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, xx xxxxxxx 2020-ci il tarixə təxirə salınmış məhkəmə iclasına yenədə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi Namiq Gülməmmədovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********32315, **********55488, **********39823 X4, 2 ədəd Samsung J2 markalı telefon, Samsung markalı soyuducu və paltaryuyan almış və nəticədə 2.171 manat borc yaranmışdır. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il, xx.xx.2017ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli müqavilələrin şərtlərinə cavabdeh tərəfindən əməl olunmaması qənaətinə gəlməklə cavabdehdən 2.171manat manat əsas borc və 150 manat dəbbə olmaqla cəmi 2.321 manat borcun, həmçinin iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-ə verilməsi barədə nəticəyə gəlməkdə haqlı оlmuşdur. Belə ki, iş materiallarında olan, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 113731 saylı xx xxxxxx 2016-cı il tarixli, 6029 saylı xx xxxxxx 2017-ci il tarixli, 29301 saylı xx xxxxxx 2017-ci il tarixli və 66529 saylı xx xxxx 2017-ci il tarixli müqavilələrin surətindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən 365 manat məbləğində **********32315 İMEİ nömrəli X4 markalı telefon, 420 manat məbləğində **********55488 İMEİ nömrəli Samsung J2 Prime markalı telefon, 480 manat məbləğində **********39823 İMEİ nömrəli Samsung J2 Prime markalı telefon, 1.560 manat məbləğində Samsung markalı soyuducu və 1.096 manat məbləğində Samsung markalı paltaryuyan almışdır. İş materiallarında olan, xx.xx.2016-cı il tarixli, 113731 saylı müqaviləyə əsasən, cavabdehin 365 manat məbləğində aldığı **********32315 İMEİ nömrəli X4 markalı telefonu 12 ay müddətinə hər ay 27 manat, xx.xx.2017-ci il tarixli, 6029 saylı müqaviləyə əsasən, cavabdehin 420 manat məbləğində aldığı **********55488 İMEİ nömrəli Samsung J2 Prime markalı telefonu 12 ay müddətinə hər ay 35 manat, xx.xx.2017-ci il tarixli, 29301 saylı müqaviləyə əsasən, cavabdehin 480 manat məbləğində aldığı **********39823 İMEİ nömrəli Samsung J2 Prime markalı telefonu 12 ay müddətinə hər ay 40 manat və xx.xx.2017-ci il tarixli, 66529 saylı müqaviləyə əsasən, cavabdehin 1.560 manat məbləğində aldığı Samsung markalı soyuducu, 1096 manat məbləğində aldığı Samsung markalı paltaryuyan üçün cəmi 2.171 manat olmaqla ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan, xx xxxxxx 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 100 manat əsas borc, 96 manat dəbbə pulu, cəmi 196 manat, xx.xx.2017- ci il tarixli kredit müqaviləsi üzrə 315 manat əsas borc, 270 manat dəbbə pulu, cəmi 585 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 400 manat əsas borc, 300 manat dəbbə pulu, cəmi 700 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1.356 manat əsas borc, 840 manat dəbbə pulu, cəmi 2.196 manat borcu vardır Göründüyü kimi alqı-satqı müqavilələri üzrə əsas məbləği təşkil edən 2.171 manatın Cavabdeh tərəfindən iddiaçıya ödənilməməsini alqı-satqı müqavilələrinə əlavə edilmiş ödəmə cədvəli də təsdiq edir. Halbuki, Cavabdeh imzaladığı 113731 saylı xx xxxxxx 2016-cı il tarixli, 6029 saylı xx xxxxxx 2017-ci il tarixli, 29301 saylı xx xxxxxx 2017-ci il tarixli və 66529 saylı xx xxxx 2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən aldığı əşyaların dəyərini təşkil edən pul məbləğlərini müqavilələrlə müəyyən edilmiş müddətlərdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh 2.171 manat əsas, 150 manat dəbbə borcun tutulması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə yaranan öhdəliyi tam icra etməmişdir. Bununla da müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Halbuki həm qanunvericiliyin tələbləri baxımından, həm də tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərini icra etməməyə görə məsuliyyət daşıyır. Məhkəmə kоllegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq cavabdehə 150 manat həddində cərimə məbləği müəyyən edilərkən, cavabdehin həm əmlak mənafeyi, həm də bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla belə məhkəmə kоllegiyası həmçinin yuхarıda göstərilənlərə əsasən müqavilə üzrə cərimə məbləğinin tamamilə ləğv edilməsi ilə bağlı hissədə apelyasiya şikayətinin təmin edilməsini əsaslı hesab etmir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsini qeyd edərək, 2.171 (iki min yüz yetmiş bir) manat ödənilməmiş hissə üzrə ondan tələb olunan 150 (yüz əlli) manat dəbbə pulunun tutulması hissəsində də qanunsuzluğa yol verdiyini və bu halında hüquqlarının pozulmasına səbəb olduğunu qeyd etsədə, bu barədə sübutları, iddiaşı nə birinci instansiya, nə də ki, apelyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prоsessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilr ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bеləliklə, məhkəmə kоllеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin Cavabdeh apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6936/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6936/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver