Məhkəmə qərarları › İş №2(103)-6938/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6938/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6938/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə mülki iş üzrə (açar sözlər: kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(001)- 4699/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, AVNS943 saylı razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 20 faiz, illik cərimə faiz dərəcəsi 24 faiz olmaqla 24 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır.

2. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli, 0104075AZN57978 saylı razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 26 faiz, illik cərimə faiz dərəcəsi 180 faiz olmaqla 24 ay müddətinə 6150 manat məbləğində kredit verilmişdir.

3. Maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 25 iyun 2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 0104075AZN57978 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3676,99 manat əsas borc, 849,27 manat faiz borcu, 6420,08 manat cərimə borcu olmaqla, cəmi 10946,34 manat təşkil edir, gecikmə günün sayı-837; AVNS943 maliyyələşdirilmə üçün ərizəyə əsasən 500 manat əsas borc, 6,15 manat faiz borcu, 239,07 manat cərimə borcu olmaqla, cəmi 745,22 manat, gecikmə gününün sayı-242; AVNS943 maliyyələşdirilmə üçün ərizə üzrə kredit xəttinə əsasən (AZ51PAHA41010AZNFK********** saylı hesab üzrə) xətt üzrə aparılmış əməliyyatlar nəticəsində texniki overdraft üzrə 581,7 (beş yüz səksən bir manat yetmiş qəpik) manat təşkil edir, gecikmə gününü sayı-242.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 0104075AZN57978 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3676,99 manat əsas borc, 849,27 manat faiz borcu, 6420,08 manat cərimə borcu olmaqla, cəmi 10946,34 manat; AVNS943 maliyyələşdirilmə üçün ərizəyə əsasən 500 manat əsas borc, 6,15 manat faiz borcu, 239,07 manat cərimə borcu olmaqla, cəmi 745,22 manat; AVNS943 maliyyələşdirilmə üçün ərizə üzrə kredit xəttinə əsasən (AZ51PAHA41010AZNFK********** saylı hesaba əsasən) aparılmış əməliyyatlar nəticəsində texniki overdraft üzrə 581,7 manat məbləğində borcun; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 127 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 11 dekabr 2019cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6nun 04 fevral 2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-17219İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X6 çərçivəsində AVNS943 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 10 dekabr 2021-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla, 500 (beş yüz) manat məbləğində kredit xətti verilmişdir. X5 Toplusu çərçivəsində 0104075AZN57978 saylı fərdi müştərilərinin maliyyələşdirməsi üçün ərizə üzrə Bank tərəfindən Borcalana 01 mart 2022-ci il tarixinədək illik faiz dərəcəsi 26%, illik cərimə faiz dərəcəsi 180% olmaqla 6150 manat məbləğində istehlak məqsədi ilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. 0104075AZN57978 saylı fərdi müştərilərinin maliyyələşdirməsi üçün ərizə üzrə müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 837 gün, AVNS943 maliyyələşdirilmə üçün ərizə və texniki overdraft əməliyyatı üzrə 242 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e- 2(001)-4699/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh AVNS943 maliyyələşdirilmə üçün ərizəyə əsasən 500 manat əsas, 6,15 manat faiz, 35 manat cərimə, 0104075AZN57978 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3676,99 manat əsas, 849,27 manat faiz, 257,3 manat cərimə, AVNS943 maliyyələşdirilmə üzrə ərizə üzrə kredit xəttinə əsasən aparılmış əməliyyatlar nəticəsində texniki overdraft üzrə 581,7 manat, eləcə də dövlət rüsumunun əvəzi kimi 79 manat olmaqla, ümumilikdə 5985,41 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

7. Qətnamənin əsaslarına görə, AVNS943 nömrəli ərizə üzrə hesablanmış 239,07 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 35 manat, 0104075AZN57978 saylı ərizə üzrə hesablanmış 6420,08 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 257,3 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, texniki overdraft üzrə 581,7 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 439.4, 462.1, 463.1, 467, 739, 1091.1, 1091.2, 1092.1, 1094-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(001)-4699/2023 nömrəli qətnaməsinin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin, borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları,

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri ) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır;

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin cərimə borcunun təmin olunmamış hissəsinin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür.

19. Məhkəmə kollegiyası göstərilən xüsusatla bağlı qeyd edir ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması və s. çıxış edə bilər.

20. Hazırkı işin hallarına diqqət yetirərkən görünür ki, iddiaçı 1-ci müqavilə üzrə əsas borcun məbləği 3676,99 manat təşkil etdiyi halda 849,27 manat faiz borcu ilə yanaşı 6420,08 manat cərimə, 2-ci müqavilə üzrə əsas borc 500 manat təşkil etdiyi halda 6,15 manat faiz və 239,07 manat cərimə borcunun tutulmasını xahiş edir, yəni, tələb olunan məbləğlərdə qeyri – mütənasiblik aşkardır. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddianın əsas və faiz borcuna aid hissələri tam təmin olunmuş, 239,07 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 35 manat, 6420,08 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 257,3 manat məbləğində müəyyən edilmişdir. 1-ci müqavilə üzrə cərimə məbləğinə diqqət yetirərkən görünür ki, cərimə borcunun məbləği əsas borcun məbləğindən 2 dəfəyə yaxın artıqdır. Bundan başqa müqavilənin bağlanma tarixi ilə faiz borclarının məbləğini də müqayisəli təhlilini aparakən görünür ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olmasa da, ödənişlər aparılmışdır.

21. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alır ki, dəbbə pulunun iddiaçının tələb etdiyi həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, qanunvericilik dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

22. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə borcunun məbləğinə münasibətdə mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə kredit müqavilələri üzrə cərimələrin məbləğini müəyyənləşdirməkdə həm borclu, həm də kreditorun mənafeyi baxımından ədalətli nəticəyə gəlmişdir.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(001)- 4699/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(001)- 4699/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar